Asif Ağayev Beyləqanda monarxiya üsul-idarə sisteminə keçib...
Aran Qarabağında qondarma Eyvazalılar Respublikası quran “qəhrəmanovlar” kimdir?
RealMedia.az olaraq zaman-zaman Beyləqanda korrupsiya cinayətlərindən, dövlət vəsaitlərinin mənimsənilməsindən, talançılıq və uğursuz kadr təyinatlarından bəhs edən yazılar təqdim etmişik. Hər bir yazdıqlarımıza nöqtə və vergülünə qədər başımızla cavabdehik. Və bu gün də onu isbatlamağa hazırıq. Heç vaxt həqiqəti emosiyalarımıza qurban verməmişik. Dövlətin səlahiyyətli orqanları Beyləqan rayonunda dövlət vəsaitlərinin bir şəbəkə tərəfindən mənimsənilməsi barədə yazdıqlarımızın izinə düşüb araşdırsalar və icra başçısı Asif Ağayevin kadr təyinatlarının azacıq mahiyyətinə varmış olsalar, bizim nə qədər haqlı olduğumuzun onlarda şahidi olacaqlar.
İndiyədək Asif Ağayevin Beyləqanda həyata keçirdiyi kadr siyasətinin uğursuz olduğuna dəlalət edən çoxsaylı faktlar ortaya qoymuşuq. Söz veririk ki, növbəti yazımızda Asif Ağayevin uğursuz kadrlarının analoji ardıcıllıqla sihyahısını təqdim edəcəyik.
Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Asif Ağayevin rayonda yürütdüyü uğursuz, korrupsiyaya əsaslı kadr siyasətinə ən bariz nümunəsindən biri də Eyvazalılar kəndində Qəhrəmanovlar tayfasının qurduğu monarxiyadır.
Xatırladaq ki, Eyvazalılar kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi əvvəlllər Vəliyəddin Qəhrəmanov olmuşdur. RealMedia.az-a etibarlı mənbədən daxil olan səhih bilgilərə görə, V.Qəhrəmanov kəndxudalıq etdiyi dönəmdə yeznəsi Qəhrəmanov Əhliyar Allahyar oğlu onun müavini vəzifəsində işləmişdir. V.Qəhrəmanov korrupsiya cinayəti ilə vəzifədən kənarlaşdırılandan sonra (mənbə iddia edir ki, bu barədə Beyləqan rayon məhkəməsinin hökmü var) Əhliyar Qəhrəmanov nümayəndəliyin sədri vəzifəsinə irəli çəkilmiş, Vəliyəddinin, yəni, sabiq sədrin kiçik qardaşı Şahin Qəhrəmanov isə sədr müavini vəzifəsinə gətirilmişdir. Əhliyar Qəhrəmanov da vəzifədən kənarlaşdırıldıqdan sonra isə Asif Ağayevin “xeyir-duası” ilə Şahin Qəhrəmanov onun yerinə irəli çəkilib.
Bu gün ümumən Beyləqan rayonunda uşaqdan-böyüyə hamıya bəllidir ki, Eyvazalılarda müstəbid Qəhrəmanovlar sülaləsinin bərqərar olmasında Qəhrəmanovlar qardaşlarının ən fərasətlisi, ən diribaşı, zəmanənin nəbzini tutmağı bacaran Qəhrəman Qəhrəmanov faktoru böyük önəm kəsb edir. O Qəhrəman Qəhrəmanov ki, icra başçısı Asif ağayev rayona gələndən onun evində iqamətgah-qərargah qurub yaşayır. O Qəhrəman Qəhrəmanov ki, oğlu Fəridin adına rəsmiləşdirilmiş mal bazarının sahibidir və həmin bazara Asif Ağayev də şərikdir. Qəhrəman Qəhrəmanovun sahibkarı olduğu “Vaqif” firması Beyləqanda abadlıq-quruculuq işlərini həyata keçirmək üçün Prezident İlham Əliyevin ayırdığı maliyyə vəsaitlərin xaincəsinə talamaqla məşğuldur. Bildirilir ki, Qəhrəman Qəhrəmanov dövlət vəsaitlərinin “təyinatı üzrə və səmərəli yerbəyer edilməsində” ən vacib iştirakçıdır, tenderlərin şəriksiz qalibidir. Əgər bu deyilənlər yalan və böhtandırsa, onda Q. Qəhrəmanovda bu qədər var-dövlər, pul-para hardandır? Olmaya, hardansa xəzinə tapıb.Tapıbsa əlini vicdanına qoyub and içsin ki, tapmışam. Prezidentin ayırdığı maliyyə vəsaitlərinin bir manatına belə əl uzatmamışam, kəm gözlə baxmamışam.
Göründüyü kimi, Qəhrəmanovların vəzifədə bir birlərini əvəzləməsi “Korrupsiya haqqında” Qanunun 7-ci bəndinin tələblərinə ziddir. Asif Ağayevin bilməyi vacibdir ki, kadr dəyişiklikləri qohumbazlıq,tayfabazlıq prinsipinə əsaslanmamalıdır. Korrupsiyaya qurşanmış bir şəxsin idarə etdiyi vəzifənin ondan sonra yeznısinə və qardaşına verilməsi bir yandan xələfin öz sələfinin cinayətlərinin izini itirməsi üçün şərait yaradılması deməkdirsə, digər tərəfdən də, xalqı hakimiyyətdən narazı sallan monarxiya üsuli-idarəsinə “yaşıl işıq” yandırmaq deməkdir. Ayıl artıq, Asif Ağayev. Biz nə qədər sizə təyin etdiyiniz kadrlarınızın cinayətləri haqqında yazılar yazıb məlumatlandırmalıyıq ki, ətrafınızda nələrin baş verdiyini, kimlərin nə hoqqadan çıxdığını anlayasınız? Əslində bizim sizinlə heç bir qərəzimiz və tələbimiz yoxdur. Məqsədimiz sizi ətrafınızda olanlardan hali etməkdir. Biz edirik,siz olmaq istəmirsiniz. Biz sizin dostunuzuq, düşməniniz yox. Bizi özünüzə əsla da düşmən görməyin. Düşmənləriniz ətrafınızda gözünüzün qabağında dayanıb.
RealMedia.az