AMADA və Dövlət Gömrük Komitəsi arasında əməkdaşlıq görüşü keçirilib
Paralel.az xəbər verir ki, 17 iyul 2021-ci il tarixində AMADA və Dövlət Gömrük Komitəsi arasında əməkdaşlıq görüşü baş tutub. Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov və Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynlinin və hər iki qurumun aidiyyəti əməkdaşlarının iştirak etdiyi görüşdə əsasən iki qurum arasında əməkdaşlığın gücləndirilməsi məsələsi müzakirə olunub. Bildirilib ki, dopinq vasitələrinin qanunsuz dövriyyəsi ilə mübarizə antidopinq siyasətinin mühüm bir hissəsidir və bu sahədə aidiyyəti dövlət qurumları arasında səmərəli əməkdaşlıq mövcuddur. Qadağan edilmiş maddələrin internet resursları üzərindən onlayn sifarişi və bu yolla qanunsuz dövriyyəsi hallarının artması hazırda bütün dünya üçün aktual problemə çevrilib. Bu cür hallarla effektiv mübarizə aparmaq və qadağan edilmiş maddələrin ölkəmizə gətirilməsinin qarşısını almaq üçün aidiyyəti qurumların daha sıx əməkdaşlıq etməsi vacibdir.
Görüşdə həmçinin Tokio 2020 Yay Olimpiya Oyunları ilə bağlı Yaponiyada tətbiq ediləcək gömrük prosedurları müzakirə edilib. Bildirilib ki, COVİD 19 pandemiyası və beynəlxalq dopinq nəzarəti baxımından bu məsləyə çox həssas yanaşılır. Tokioya gedəcək nümayəndə heyətinin üzvləri bu barədə ətraflı məlumatlandırılıb. Bununla belə gömrük orqanları ilə birgə məlumatlandırıcı tədbirlərin keçirilməsi də məqsədəuyğundur.
Şahnaz