Əhməd İsmayılov: ""Eastweststream.com" media-platforması mövcud boşluğu aradan qaldırmaq üçün sanballı töhfə olacaq"

Əhməd İsmayılov:
 

Paralel.az trend-ə istinadən xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Trend və TASS agentliklərinin birgə layihəsi "Eastweststream.com" media-platformasının təqdimatında çıxışı zamanı deyib.

"Bir neçə gün sonra özünün 146 yaşını qeyd etməyə hazırlaşan Azərbaycan mediası dünyada rəqəmsal texnologiyaların sürətli inkişafı ilə müşayiət olunan yeni çağırışlara cavab verən dinamik informasiya platformasına çevrilmişdir. Əsas hədəfimiz yerli auditoriyanı keyfiyyətli və operativ xəbər kontenti ilə təmin etməklə yanaşı Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, öz inkişaf tempinə görə regionun lider dövlətinə çevrilmiş ölkəmizin beynəlxalq müstəvidə layiqli səsi olmaqdır. Azərbaycan mediası zəngin tarixi təcrübəsinə söykənərək bu şərəfli və məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlir" - deyə, Əhməd İsmayılov qeyd edib.

Ə.İsmayılov bildirib ki, Trend Beynəlxalq İnformasiya Agentliyi ilə Rusiyanın nüfuzlu TASS agentliklərinin birgə layihəsi olan "Eastweststream.com" media-platforması da dünyanın informasiya bazarında öz yerini tutaraq bu sahədə mövcud boşluğu aradan qaldırmaq üçün sanballı töhfə olacaqdır: "Azərbaycan tarixən Şərq və Qərbin qovşağında yerləşən əlverişli geosiyasi mövqeyi ilə həmişə dünyanın maraq dairəsində olmuş, xalqımız özünü tolerant, multikultural həyat tərzi və ənənələri ilə rəğbət qazanmışdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, əsrlər boyu Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan bütün millətlərə, dinlərə və mədəniyyətlərə böyük hörmətlə yanaşır. Tam məsuliyyət və qürurla deyə bilərik ki, məhz bu ənənələrimiz virtual məkanda da möhkəmlənərək ciddi informasiya platformasının meydana gəlməsinə stimul verən amil olmuşdur".

Onun sözlərinə görə, Azərbaycanın və Rusiyanın informasiya bazarının iki nüfuzlu media subyektinin bir araya gələrək təqdim etdiyi "Eastweststream" platformasını dünyanın siyasi və biznes elitasının diqqətini cəlb etməklə yanaşı region haqqında yalnız operativ deyil, həmçinin mötəbər informasiya qaynağı olacaqdır: "1995-ci ildən fəaliyyətə başlayan Trend Beynəlxalq İnformasiya Agentliyi Xəzər bölgəsi, Cənubi Qafqaz və Orta Asiyadan olan xəbərləri oxuculara təqdim etməklə yanaşı bu bölgələrin əsas siyasi, iqtisadi, enerji və maliyyə məsələlərinə dair analitik hesabatlar, məqalələr hazırlayır və Azərbaycanın beynəlxalq müstəvidə ən çox istinad olunan bir informasiya brendinə çevrilmişdir. 116 illik tarixə malik Rusiyanın ən qədim dövlət informasiya agentliyi TASS dünyanın onlarla ölkəsində fəaliyyət göstərir, ən vacib və maraqlı hadisələrin tam və hərtərəfli işıqlandırılmasını təmin edir. Məhz bu iki nüfuzlu xəbər istehsalçısının bir araya gələrək virtual məkanda Şərqlə Qərbi “birləşdirməyə” təşəbbüs göstərməsini alqışlayır və uğurlar diləyirik!".

"Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəyə imza atması bütün sahələrdə olduğu kimi medianın da fəaliyyətində ruh yüksəkliyi yaratmışdır. İndi Azərbaycan mediası öz işini qalib ölkənin və müasir çağırışların tempinə uyğunlaşdırmaq üçün yeni konseptual yanaşma sərgiləməlidir. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində yorulmaz fəaliyyətindən ruhlanan jurnalistlərimiz də öz peşə borclarını ləyaqətlə yerinə yetirdilər. Azərbaycan jurnalistləri ön cəbhədən hazırladıqları materialları, analitik və obyektiv təhlilləri ilə yerli və beynəlxalq auditoriyanın obyektiv informasiya təminatını həyata keçirdilər" - deyə Əhməd İsmayılov qeyd edib.

İcraçı direktor qeyd edib ki, bu gün Azərbaycan mediası ciddi və əhatəli islahatlar dönəmini yaşayır. Cənab Prezident İlham Əliyevin bu ilin yanvarın 12-də imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin bünövrəsi qoyuldu. Medianın İnkişafı Agentliyinin yaradılmasına da məhz bu istiqamətdə həyata keçirilən quruculuq prosesinin tərkib hissəsidir:

"Agentlik media subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, habelə media savadlılığının yüksəldilməsinə yönəlmiş geniş miqyaslı layihələr həyata keçirməkdədir. Media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin həyata keçirilməsinin təşkili, həmçinin dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi MEDİA Agentliyinin əsas prioritetlərindəndir".

Ə. İsmayılov bildirib ki, Prezident İlham Əliyevin media islahatları ilə bağlı sözügedən Fərmanı özündə köklü dəyişiklikləri əxz etməklə qarşımıza yeni və daha məsuliyyətli vəzifələr qoymuşdur. Fərmandan irəli gələrək tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq, modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinin, innovativ yanaşmaların tətbiqinə təkan verəcəkdir: "Bu gün təqdimatına yığışdığımız Trend Beynəlxalq İnformasiya Agentliyi ilə Rusiyanın TASS agentliyinin tərəfdaşlıq layihəsini də Azərbaycan mediasının ciddi uğuru kimi qiymətləndiririk. Şübhə etmirik ki, "Еastweststream.com" platforması Şərq və Qərbin dinamik inkişafını əks etdirən etibarlı xəbər və keyfiyyətli analitik təhlillərə artan tələbatı qarşılaya biləcəkdir.

Əminik ki, "Еastweststream.com" texnoloji baxımdan elə bir unikal rəqəmsal media platformasına çevriləcək ki, layihə çərçivəsində Şərq və Qərbin aparıcı media strukturlarının birləşdirilməsi mümkün olacaq. Bir daha təbrik edirik, işlərinizdə uğurlar arzulayırıq".

0.035575151443481