İnsanlar yoxsulluq içində boğulursa, yeraltı sərvətlərin heç bir dəyəri yoxdur
Bəyaz zanbaqlar ölkəsinin müəllifinin qələmindən çıxan başqa bir yaxşı əsəri də var - "İdeal müəllim".
Real qəhrəmanı 19-cu əsrin son onilliyində Moskva Universitetinin gənc professoru Raçinski soyadlı riyaziyyatçı alimdir.
Əsərin qısa məzmunu belədir: az müddətdə təkcə Rusiyada deyil, xaricdəki universitetlərdə istedadlı riyaziyyatçı kimi ad qazanmış, əsərləri xarici universitetlərdə tədris olunan Raçinski o dövrdə Rusiya əyalətlərinin təhsilsiz qaldığını görüb əyalətdə dərs demək, istedadlı uşaqları tapıb ortaya çıxarmaq qərarına gəlir. Gedəcəyi yer isə doğulub böyüdüyü Smolensk vilayəti olur.
Universitet perspektivli alimi itirmək istəmir, bütün həmkarları yığışıb onu qərarından döndərməyə çalışır. Həmin görüşdə Rusiyanın o zamankı durumunu təsvir edən maraqlı polemika baş verir. Oxuduqca Rusiyanın o gününün bu gününə çox oxşadığı aydın görünür. Elə bizim bu günümüz də orda təsvir ediləndən çox fərqlənmir deyəsən. Raçinskinin nitqindən qısa bir parça:
"Torpağın altındakı neft, duz, dəmir, kömür öz-özünə yer üzünə çıxmaz. Bunun üçün yeri dəlmək, qazıb dərinə enmək lazımdır. 100 milyon əhalisi olan ölkənin də istedadlı övladlarını da beləcə tapıb ortaya çıxarmasanız, həmin istedaların çoxu inkişafdan qalıb yoxa çıxacaq. Toplumun mənəvi sərvətləri də təbii sərvətləri kimi mədənçilik tələb edir - qazıb çıxarmalısan.
Bu sayda əhalisi olan ölkənin hətta öz yazıçısını oxuyacaq insanları belə yoxdur, 60% əhali oxuma-yazma nədir bilmir. Milyonlarla insanın beyni istifadəsiz torpaq kimi meyvə vermir. Çox yerdə məktəb yoxdur, məktəb olan yerlərdə bilikli müəllimlər yoxdur, məktəblərə gedən uşaqlar isə ancaq tutuquşu kimi əzbərçilik öyrədilir, düşünmə yox. "Bizim torpaqlarımız dünyanın ən zəngin torpaqları" deyə öyünürsünüz. Gerçəkdən də bu vətən torpağının altında ən qiymətli mədənlər var, bizdə sanki hər şey var, amma gerçəkdə heç bir şey yoxdu. Çünki ölkənin insanları yoxsullluq içərisində boğlursa, həmin mədənlərin bir dəyəri də yox. Biz özümüzə gərək olan hər şeyi, hətta geyimlərimizin düymələrini, yediyimiz çörəyin buğdasını belə xaricdən alırıq.
Yeni doğulmuş köpək balalarının belə gözü 1-2 həftəyə açılır, amma rus millətinin gözü bəlkə də 1000 ildən bəri açılmamışdır. Kəndlərdə qaranlıq, dar, rütubətli evlərdə yaşayan insanların həyatı fəlakətdir. Rus kəndlisinin dərin cahilliyi qarşısında biz onlar çox az bilgisi olan müəllimləri göndərməklə işimizi bitmiş sayırıq. Niyə biz kənd əhalisinə keyfiyyəti aşağı, müddəti qısa təhsil verməklə vəzifəmizi yerinə yetirmiş hiss etməliyik özümüzü? Belə təhsil bir kibrit çöpünə bənzər - işığı bir neçə saniyə sürər, ətrafındakı bir santimlik yeri işıqlandırar. Halbuki millətin beynindəki nəhəg qaranlığı dağıtmaq üçün dəniz fanarı qədər işıq verən projektorlar lazımdır. İnsan şam kimi yanıb ətrafına işıq saçmırsa, onun heç bir qiyməti yoxdur. Bu ölkədə yanmayan 100 milyon şam var. Xüsusilə də kəndlərdə qatı zülmət hökm sürməkdədir".
Türkcə versiyası internetdə var, oxumağa dəyər. Xüsusən də yaxşı müəllim olmaq arzusunda olan gənc müəllimlərimizə...
Rövşən Ağayev