Ölən kimsəsiz və tənhaların mənzillərini kim satır?!-Bakıda geniş yayılmış cinayətin izilə
Bakıda gün ərzində xeyli kimsəsiz və tənha yaşayan insan dünyasını dəyişir. Qüvvədə olan qanuna görə, dünyasını dəyişən kimsəsiz adamların mənzilləri dövlət hesabına keçməli və dövlət orqanlarında mənzil növbəsinə duran insanlara verilməlidir.
Lakin qanunun bu tələblərinə Bakıda heç bir icra hakimiyyəti əməl etmir. Səbəbi isə bəllidir-şəxsi qazanc əldə etmək!
Araşdırma nəticəsində məlum olub ki, rayon icra hakimiyyətilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşları arasında "sövdələşmə" ilə həmin mənzillərə saxta sənəd tərtib edilir, icra hakimiyyətinin sərəncamı ilə özlərinə yaxın (bu saxtakarlığı MİS rəhbərləri edir) adamın adına keçirilir və şəxsi mənzil kimi satılır.
Bu cinayət əməli Bakı şəhərində geniş yayılıb və bunun hər gün baş verdiyini demək mümkündür.
Məsələn, vətəndaşların məlumatı əsasında əməkdaşımızın apardığı araşdırma nəticəsində Yasamal rayonunda 2 belə mənzil aşkar edilib. Əməkdaşımız alıcı qismində iştirak edərək müəyyən edib ki, mənzillərdən biri A. M. Şərifzadə küçəsində yerləşən 98 saylı binanın birinci mərtəbəsindəki 32 saylı 2 otaqlı mənzildir.
Qonşuların verdiyi məlumata görə, bu mənzilin sahibi yaşlı, milliyətcə rus qadın olub və bir ilə yaxındır vəfat edib.
Yasamal rayon icra hakimiyyətinin əməkdaşları və icra hakimiyyətinin tabeçiliyində olan 22 saylı MİS-in müdiri tərəfindən həmin mənzilə saxta sənəd tərtib olunub və mənzil Ramiz adlı şəxs tərəfindən satışa çıxarılıb.
Yasamalda birinci qeyd etdiyimiz mənzil kimi, saxta sənəd tərtib olunmuş və şəxsi mülk kimi, Ramiz adlı şəxs tərəfindən satışa çıxarılmış ikinci mənzil isə Mirəli Seyidov küçəsində yerləşən 37 saylı binanın birinci mərtəbəsindəki 47 saylı 2 otaqlı mənzildir. Bu mənzildə bir nəfər tənha kişi yaşayıb və bir neçə ay bundan əvvəl vəfat edib.
Məlumatlı adamların dediyinə görə, Bakı şəhərində bu cür saxta sənədlər əsasında törədilən cinayətlərin sayı çoxdur.
Bu tipli cinayət halları Yasamal rayonunda daha geniş yayılıb. Təəssüf ki, rayonun hüquq-mühafizə orqanlarının idarə və bölmələrinin rəhbərləri rayon icra hakimiyyəti əməkdaşlarının cinayətlərinə şəxsi maraq xatirinə göz yumurlar.
Bakı şəhərində baş verən bu cür kütləvi saxtakarlıq hallarından isə, Bakı Şəhər İcra Hakimiyyətinin xəbərsiz olması mümkün deyil. Bax, belə-belə işlər var Bakımızda - sahibsiz qalan mənzillərin saxta sənəd əsasında satıldığını adi vətəndaş bildiyi halda, Bakı ŞİH-nin başçısı Eldar Əzizovun bundan xəbərsiz olması heç cür inandırıcı deyil!..
Paralel.az