Elşad Miri: “Orada hər cür təxribatın ola bilməsi ehtimalı yüksəkdir”
Paralel.az xəbər verir ki, son xəbərlərə görə, ordumuz Xudavəng monastrının ərazisini tam nəzarətə alıb və sülhməramlıların nəzarəti altında ora ziyarətə gələn ermənilərə ziyarət etməyə icazə verilməyib. Bu məqamda xatırladaq ki, Əqli Mülkiyyət Agentliyindən də monastrın ermənilərə məxsus olmaması, kompleks barədəki qədim mənbələrdə onun türk tayfası olan suvarların ərazilərində tikildiyi deyilib. Əslində, XIII əsr memarlıq abidəsi olan bu monastr Alban Xaçın hökmdarının həyat yoldaşı, əslən qıpçaq qızı olan Arzu Xatun tərəfindən inşa olunub. Lakin monastr müxtəlif dönəmlərdə erməni keşişlərinin də istifadəsində olub. Hər məqamda saxtakarlığa əl atan ermənilərin isə monastrı özününküləşdirməyə çalışması həmişə müzakirə mövzusu olub.
Media Təqib Mərkəzinin rəhbəri, tanınmış ilahiyyatçı Elşad Miri ermənilərin sözügedən monastra gəlişini nə ilə əlaqələndirmələrindən bəhs edir. Həmsöhbətimiz yada salır ki, Konstantinopolun Osmanlılar tərəfindən fəthi zamanı ən qədim kilsə olan Ayasofyanı fəthin simvolu olaraq, məscid halına gətirmişdilər:
“Xristianlıqda da belə bir təcrübə var ki, hardasa bir kilsə istifadə edilmirsə, onu mənimsəyib, özününküləşdirə bilirlər. Yaxud, Kanadanın özündə hazırda bəzi kilsələr məscid formasında müsəlmanların özünə ya icarəyə verilir, ya da satılır. Avropanın özündə belə, sinaqoqların bu formada, ibadət yeri olsun deyə, müsəlmanlara satıldığının şahidi oluruq. Sadəcə olaraq, erməni kilsəsi faktiki olaraq ermənilərin özünə xidmət edən, onlara məxsus model olan bir dini anlayışdır. Ona görə də orada hər cür təxribatın ola bilməsi ehtimalı yüksəkdir. Azərbaycan ordusunun belə bir addım atması təqdirəlayiq haldir. Bu gün alban-udi dini icması haqlı olaraq iddia qaldırır ki, bu kilsə onlara aiddir və onların dini icması orada ibadətlərini edə bilər. Təbii ki, Azərbaycan tərəfi də onların haqlı iddiasına haqq qazandırır”.
Nigar