Jurnalistlərə "qaş düzəltmək istədilər, vurub gözün çıxardılar"!
Paralel.az xəbər verir ki, artıq bir neçə aydır ki, Yeni Salyan yolu 20, ünvanda yerləşən jurnalistlər üçün inşa edilmiş ikinci binanın həyətində, yeni ağaclar əkilməsi üçün nəzərdə tutulmuş sahədə üzərində belə yazılmış bir lövhə asılıb: ""Oba" tezliklə xidmətinizdə". Sakinlərin əksəriyyəti bu lövhəni görən kimi etiraz etdi ki, "Oba" bütün ölkə üzrə tullantı məhsul satır, nəyə görə məhz "Oba"? Cavab belə olmuşdu ki, digər marketlər şəbəkəsi burada satış nöqtəsi açmağa razı olmur.
Onu da qeyd edək ki, bu məkanda marketin tikilməsi ilə əlaqədar olarak bina sakinlərinin rəyi öyrənilməyib, heç kimdən soruşulmayıb ki, burda market tikilməsini istəyirsiniz, yoxsa yox? Dünəndən isə ərazidə qazıntı-bünövrə işinə başlanılıb. Qazıntı zamanı isə ərazidən keçən qaz, elektrik, telefon və nəzarət kamerasının kabelləri zədələnib.
Binaya kommunal xidmət göstərən "Jurnalistlər Evi" MMC-nin Elvin adlı komendatı bildirdi ki, bu məsələlərə rəhbərlik baxır, mən iş icraçısıyam: "Siz etiraz etsəniz də artıq qərar qəbul edilib, market tikiləcək. Mənzillər sizindir, binanın ətrafı - həyət isə dövlət mülkiyyətindədir, siz öz menziliniz barədə qərar verə bilərsiniz, həyətdə bütün məsələləri rəhbərlik həll edir (yəni MEDİA).
Doğrudan da çox anlaşılmaz bir məqam yaranıb, binanın bütün mənzillərinin sahibi məlumdursa və bunu Prezident hədiyyə edibsə, binanın həyəti sakinlərin ümumi xidmətində olan sahə deyilmi? Bu həyətdə hər hansı bir obyekt tikiləndə, hər hansı bir iş görüləndə sakinlərin rəyi nəzərə alınmamalıdırmı? Bütün bu sualları komendant vasitəsi ilə rəhbərliyə - MEDİA-ya ünvanlamışıq, cavab gələn kimi ictimaiyyəti məlumatlandıracağıq.
Akif Nəsirli