Şəhid ailələrı "reket jurnalist"lərə verilən cəzadan narazıdır
Şəhid ailəsı: "Ümid edirik ki, adıçəkilən şəxslər layiq olduqları cəzanı alacaqlar"
Akif Nağı: "Şəhid və şəhid ailəsi haqqında xüsusi qanun qəbul edilməlidir"
Bu gün prokurorluq "reket jurnalist"lərin pul aldığı şəhid ailələrindən izahatlar alıb. Şəhid ailələri həmçinin onlardan pul alan “reket jurnalist”lərə verilən yüngül cəzadan narazılıqlarını ifadə ediblər. Onlar iddia edir ki, prokurorluğun yaydığı rəsmi məlumatda şəhid ailələrindən 240 manat məbləğində pul alındığı qeyd edilib, ancaq sözügedən rəqəm bundan qat-qat çoxdur: "Ümid edirik ki, adıçəkilən şəxslər layiq olduqları cəzanı alacaqlar". Artıq bir neçə həftədir ki, şəhid ailələrindən "çəkilişə görə" pul alan jurnalistlərin həm hüquqi, həm ictimai qınaq müzakirəsi davam edir. Cəmiyyətdən belə bir mesaj gəlir ki, həyatını və sağlamlığını Vətən üçün təmənnasız qurban veran şəhid və qazilərimizə qarşı bu cür hərəkətlər yolverilməzdir. Lakin mənəvi baxımdan yolverilməz saydığımız bu rəzil hərəkətin hüquqi cəzası 15 sutkadır. Necə olur ki, məmura qarşı reketçilik edən jurnalist 5-10 il həbs cəzası alır, amma şəhid ailələrinə və qazilərə qarşı eyni hərəkəti edən iurnalistlər 15 sutka cəza ilə canını qurtara bilir?
Məsələ ilə əlaqədar Paralel.az-ın müxbirinə danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı dedi ki, Azarbaycanda şəhid adına, şəhid ailəsinə mənəvi baxımdan xüsusi hörmət var, amma bu qanunvericilik səviyyəsində tam təsbit edilməyib: "Mən hesab edirəm.ki, şəhidə və şəhid ailəsinə qanunvericilik səviyyəsində xüsusi münasibət olmalıdır. Şəhid və şəhid ailəsi haqqında xüsusi qanun qəbul edilməlidir. Şəhidə və şəhid ailəsinə qanunla xüsusi status verilməlidir. Heç kəs hansı səbəbdən olur-olsun şəhid və şəhid ailəsinə kəc baxmağa belə cürət etməməlidir. Şəhid Azərbaycanın ən yüksək dəyəridir - yalnız ona görə yox ki, öz şirin canını qurban verib, həm də ona görə ki, Azərbaycanın bu gün dövlət kimi meydanda olmasöna görə, torpaqlarımızın işğaldan azad edilməsinə görə, millətin şərəfini, namusunu bərpa etməyə görə canını qurban verib. Əsgər şəhidlik zirvəsinə yetişəndən sonra da dövlətin dayağı, sıtunudur. Hesab edirəm ki, şahidə və ailəsinə qanunvericilik baxımından bu môvqedən yanaşılmalıdır. Xüsusi qanun qəbul edilməlidir ki, şəhidə və ailəsinə qarşı hər hansı bir təhdid və həqarət ola bilməz və belə hallara görə ağır cəzalar nəzərdə tutulmalıdır. Yadınızdadırsa psixoloq, ictimai fəal Nərmin Şahmarzadə də bir vaxtlar Milli Qəhrəman Mübariz İbrahimova qarşı təhqiramiz ifadələr işlətmişdı. Məhkəmə prosesi getdı, sonda məlum oldu ki, ağır cəza vermək üçün qanuni əsas yoxdur. İctimai qınaq oldu, amma kimlərinsə ciddi cəzalandırıldığını görmədik. Məhkəmənin məntiqi ondan ibarətdir ki, jurnalist aşağı məbləğdə pul alıb. Yeni qanunda məbləğdən deyil, söhbət şəhid ailəsinə münasibətdən getməlidir".
Akif Nəsirli