Redaksiyamıza məlumat verən mənbə təkcə Füzuli rayonunun Böyük və Bala Bəhmənli kəndindən saxta ictimai işçilərin natamam adlı siyahısını təqdim etmişdi. Əminlik ifadə etmişdik ki, dərc etdiklərimiz hüquq-mühafizə, cinayət təqibi və dövlət təhlükəsizlik orqanlarına hərəkətə keçmələri üçün yetərli əsas verir. Görünür, elə buna görə də, Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əl-ayağa düşmüş, qabaqlayıcı tədbir görməyi qərara almışdır.
İndi isə gəlin görək, həmin primitiv tədbirlər nədən ibarətdir?
Məqalə dərc olunan gün ərzində siyahıda adları gedən bir neçə nəfər saytımızın baş redaktorunun mobil nömrəsinə zəng vurub təhqiramiz ifadələr işlətmişlər. Aşkar hiss olunub ki, saytın guya onların “çörəyinə dəydiyini” bildirən həmin şəxslər heç məqaləni oxumayıblar. Çünki zəng vurub deyirmişlər ki, guya sayt onların şəklini dərc edib. Aydın məsələdir, Alıyevin adamları onlara, məhz belə deyiblər və təlimat veriblər ki, zəng vurub “mərdimazar” sayt rəhbərinin “abırını ətəyinə bükməsəniz”, sizin "havayı" aldığınız pullar kəsiləcək. Bu məqamda hərəkətsizlik etsəniz, daha bizdən keçdi, danışığımızın şərtinə əməl edə bilməyəcəyik.
Qəti əminik ki, həmin adamlar baş redaktora zəng vurduqları iş vaxtında kağız üzərində adları gedən müəssisələrdə iş başında olmayıblar. Cinayət təqibi orqanlarının əlində olan texnika ilə zənglərin vurulduğu ünvanı müəyyənləşdirmək elə də çətin deyil.
Görünən odur ki, Füzuli RİH-nin başçısının da aqibəti həbs olunan həmkarları Qoca Səmədov, Nizaməddin Quliyevin Mahir Quliyev və digərləri kimi acınacaqlı olacaq. Bir gün görərsiniz, Alı Alıyevin də qolu qandallandl və Kürdəxanıya “etap” olundu.
RealMedia.az
P. S. Ölkə Prezidentinin elan etdiyi kimi, rüşvət və korrupsiya ilə məşğul olanların, tez ya gec, ömrünü zindanda başa vuracağına şübhə yoxdur