Yollarımızda hər gün iki nəfər ölür!
Ərşad Hüseynov: "2018-ci ildə Azərbaycanda "Yol Hərəkəti Təhlükəsizliyinə dair Dövlət Proqramı" qəbul edilib, amma icrası gecikir"
Paralel.az xəbər verir ki, Daxili İşlər Nazirliyi son altı ayda yol-nəqliyyat hadisələri zamanı ölən və xəsarət alanların statistikasını açıqlayıb. Nazirliyin məlumatına görə, Azərbaycanda bu ilin birinci yarısında yol qazaları zamanı 290 nəfər ölüb, 698 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu az qala günə 2 ölüm halı, 4 yaralı deməkdir. Statistikaya baxanda adama elə gəlir ki, ölkənin yollarında müharibə gedir.
Məsələ ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynovun fikrini öyrənməyə çalışdıq. Ekspert bildirdi ki, bu dünyanın inkişaf etmiş ölkələri - Avropa, ABŞ, Yaponiya və s. bu kimi ölkələrlə müqayisədə çox yüksək göstəricidir: "2018-ci ildə Azərbaycanda "Yol Hərəkəti Təhlükəsizliyinə dair Dövlət Proqramı" qəbul edilib, amma icrası gecikir. Həmin proqramın bütün istiqamətləri üzrə çox ciddi işlər görülməlidir. İşlər isə müxtəlif istiqamətlərdə nəzərdə tutulur: yol hərəkəti iştirakçılarının - həm piyada, həm də sürücülərin intizamlılığını artırmaq, sürücülərin peşəkarlıq səviyyəsinin yüksəltmək, avtomobil parkının yenilənməsini təmin etmək, yollarda infrastrukturu yaxşılaşdırmaq, yollarda tibbi təminatı daha əlçatan etmək və s. Lakin paytaxt Bakının elə küçələri var ki, gecə işıqlandırılması ilə təminatı ya çox zəifdir, ya da ümumiyyətlə, yoxdur. Proqram çox əhatəli və rəngarəng tədbirlərlə zəngindir, amma onun həyata keçirilməsi ləngiyir. Belə olan təqdirdə hər gün itkilər veririk".
Ekspert, hazırda vətəndaşlara sürücülük vəsiqələrinin verilməsinin bu statistikaya təsiri ola bilərmi, sualına cavabında qeyd etdi ki, bəli, bu əsas məsələlərdən biridir: "O da Proqramda nəzərdə tutulub, vətəndaşa sürücülük vəsiqəsinin verilməsi proseduru elə səviyyədə təşkil edilməlidir ki, təsadüfi adamlar sürücülük vəsiqəsi ala bilməsinlər, buna yalnız peşəkarlar nail ola bilsin"
Akif