Dos.İlham Əhmədov: Universitetlərin potensialı müəllim və tələbələrin səviyyəsi ilə müəyyən edilir

Dos.İlham Əhmədov: Universitetlərin potensialı müəllim və tələbələrin səviyyəsi ilə müəyyən edilir
 

Hər bir ölkənin təhsil sisteminin   keyfiyyəti bu ölkədəki müəllim ordusunun səviyyəsindən çox asılıdır.  Bu fikir həm universitetlərə, həm də orta məktəblərə  aiddir. Fasiləsiz təhsil dövründə müəllimlər fasiləsiz təhsilə, ixtisasartırmaya, təkmilləşməyə möhtacdırlar.  Müasir dünyanın, eləcə də təhsil sisteminin  sürətli inkişaf  mərhələsində müəllimlərin buna ehtiyacı  daha çoxdur.  Əgər bu ölkədə təhsil islahatları aparılırsa, islahatın məqsəd  və vəzifələri, icra mexanizmi,  reallaşan layihələr barədə müəllimlər  mütəmadi məlumatlanmalıdırlar. Əks  halda islahatdan  xəbərsiz müəllimlər  ordusu bu prosesdə fəal iştirak edə bilməz, beləliklə islahatın səmərəsi xeyli azalar.

Sovet dönəmində respublikada ali və orta məktəb müəllimləri üçün o dövrün tələblərinə cavab verən fasiləsiz təhsil sistemi mövcud idi. Müstəqillik illərində bu sistem zəifləməyə başladı. 2001-ci ildə isə mövcud sistem tam  ləğv edildi, onun bazasında (yəni, Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutu bazasında)  ölkədə müəllim kadrlarına  heç bir ehtiyac olmadığı halda,  bakalavr hazırlığını həyata keçirən  Azərbaycan Müəllimlər  İnstitutu yaradıldı. Bu addım müstəqillik illərində təhsil sahəsində buraxılan ən ciddi səhvlərdən biri idi. Düzdür, 15 ildən sonra bu səhv qismən də olsa aradan qaldırıldı, amma  müəllimlərin təkmilləşdirmə sistemi artıq 20 ildir ki, mövcud deyil. Bu iş təhsilə aidiyyatı olmayan bəzi şirkətlərə həvalə edildi, lakin heç bir  peşəkarlıq, keyfiyyət və sistemlilik olmadığı üçün iş səmərəsiz oldu.  Biz son 10 ildə dəfələrlə bu problemi qabartmışıq. İndi  ali məktəblər bu işin əhəmiyyətini  tədricən qiymətləndirməyə başlayıbar.

Pandemiya dövründə onlayn təhsilin populyarlaşması,   milli universitetlərimizin distant təhsil texnologiyaları ilə ilkin tanışlığı,  xarici (əsasən Türkiyə) ölkə universitetləri  ilə şəbəkə əlaqələrinin qurulmasına, o cümlədən müəllimlərin həmən universitetlərlə birgə təlimlərə cəlb edilməsinə imkan verdi. 

Son dövrlər UNEC-də müəllimlərin potensialının artırılması məqsədilə “MÜƏLLİM TƏLİM MƏRKƏZİ”  yaradılmışdır. Bir il ərzində 1300-dən çox UNEC müəllimi 160-a yaxın fərqli təlimlərə cəlb ediləcəkdir. Artıq bu  işin xeyli hissəsi reallaşdırılıbdır.  

Bu  çox yaxşı təşəbbüsdür.  Bu gün bir sıra MDB ölkələrində artıq 20 ildir ki, ali və orta təhsili  sistemində müəllimlərinin fasiləsiz ixtisasartırma işi distant  texnologiyalar əsasında reallaşır.   

Artıq bilməliyik ki, universitetin əsas siması bahalı təmirli və ya yeni tikilən  kampuslar deyil. Belə  kampusların auditoriyaları  bütün dünyada 2 ildir ki, boşdur,  nə vaxt  dolacağı da məlum deyil.

Universitetlərin siması savadlı müəllimlər  və tələbələrdir.

İnformasiya cəmiyyətində təhsilin inkişafına  qoyulan investisiyaların çox hissəsi (bəlkə də 90%) insan resurslarının inkişafına, texnologiyalara, tədris laboratoriyalarına, elmi araşdırma, təhsil yönümlü və texnoloji  innovasiyaların yaradılmasına, onların  tətbiqinə, rəqəmsal təhsilin  inkişafına yönəlməli,  qalan az hissə isə təmir-tikintiyə yönələ bilər.  Təəssüf ki, bizdə son 25 ildə təhsilə dövlət  investisiya dedikdə yalnız  təmit-tikinti nəzərdə tutulub. İndi 4000-ə yaxın  yeni tikilən və sinifləri boş qalan məktəblərdə distant təhsili qurmağa pul tapılmır. 

Ölkədə təhsil islahatlarına,  insan kapitalının yaradılmasına  məhz müəllimlərin potensialının yüksəldilməsi ilə başlamaq lazım idi.

  Yaxşı olardı, digər universitetlərimizdə də MÜƏLLİM TƏLİM MƏRKƏZLƏRİ fəaliyyətə başlasın. Habelə ölkə səviyyəsində TN-nin  nəznində  daha böyük imkana  malik belə bir  mərkəz yaradılsın. Müəllimlərimiz belə beynəlxalq təlimlərə cəlb edildikcə, bizim nə dərəcədə geri qaldığımızı hiss edəcəklər. Heç olmamaqdansa, buna da şükür. 

 

0.035741090774536