Deputat, yoxsa Millət Vəkili

Deputat, yoxsa Millət Vəkili
 

Məhəmməd (s.ə.s.) buyurub: bir yerdə ki, zəif qorxub çəkinərək dili dolaşa-dolaşa bir söz deməyə çalışa, amma qüvvətlidən öz haqqını ala bilməyə, o xalq nə təmizə çıxar, nə də xoşbəxt olar". Bizim deputatlarımız kimi...

Sözün açığı, mən hər zaman deputatxanamızı Milli Məclis, deputatları millət vəkili adlandırmaqdan çəkinmişəm. Bunun da bir çox səbəbləri var. Birincisi, hər zaman hökumətin və məmurların dilindən danışan deputatı necə millət vəkili adlandırmaq olar? İkincisi, heç kimə sirr deyil ki, bu gün deputatxanada təmsil olunan şəxslərin hamısı təyinatlı deputatlardır və bu səbəbdən də Milli Məclisi formalaşdıra bilməzlər.

Buna görə də hesab edirəm ki, həqiqi Milli Məclis heç zaman xalqın real vəziyyətini nəzərə almadan qanun qəbul etməz, millət vəkili olan kəs də, belə qanuna səs verməz. Lakin bu gün real həyatda bütün bu dediklərimizin əksini görürük və məhz bu səbəbdən də, xalq parlamenti deputatxana, orada səs vermək hüququna malik olan təyinatlı şəxsləri deputat aldlandırır (əslində, deputat sözünün latın dilində hərfi mənası da, xalq tərəfindən seçilərək göndərilən mənasını özündə ehtiva edir). İnsafən, son vaxtlara qədər onların özləri də reallıqla razılaşaraq deputat və deputatxana ifadələrinə etiraz etmirdilər. Artıq görürlər ki, bu ifadələr daha çox leksikonumuzda yer alır, bütün digər məsələlər kimi bunu da qanun şəklinə salıb, xalqa sırımaq istəyirlər ki, hər kəs deputatxanamızı Milli Məclis, deputatları millət vəkili adlandırsın. Mümkündürmü, əcəba! Məncə yox, çünki xalqın gözü tərəzidir. Siz nə qədər çalışsanız da, xalqa xidmət etmədikcə, heç kim sizi millət vəkili kimi qəbul etməyəcək.  İndiyə qədər xalqın rifahını, yaşamını nəzərə alan bir qanun belə qəbul etmədiyiniz halda, xalq bu qurumu necə Milli Məclis adlandırsın? Bu qurumun Milli Məclis adlandırılması üçün lazımdır ki, xalq öz namizədlərini həmin Məclisə seçsin, onları millət vəkilləri adlandırsın. Xalqın seçdiyi millət vəkilləri də öz növbələrində Milli Məclisi formalaşdırıb dövlətin və xalqın mövqeyini özündə əks etdirən qanunlar qəbul etsin. Bu gün isə biz bunu görmürük.

Hazırda sözün bütün mənalarında Azərbaycanda Məmur Diktaturası höküm sürür. Deputatxanamız da, deputatlarımız da tam olaraq bu diktaturanın xidmətindədir. Bu necə Milli Məclisdir ki, ora təqdim olunan layihələrin böyük əksəriyyətinin xalqın yox, məmurların mövqeyinin, yaşamının və rifahının yüksəlişinə xidmət etdiyini görə-görə, bilə -bilə onun qəbuluna rəvac verir? Orada oturanlar necə özlərini millət vəkili adlandıra bilərlər ki, qəbul etdikləri qanunların əksəriyyəti xalqın yox, məmurların və onların yaxınlarının rifahına xidmət edir? Millət vəkillərini xalq seçməlidir, bunu qanunlarımız da, Konstitusiyamız da tələb edir. Lakin bu məmləkətdə böyükdən kiçiyə hamı bilir ki, deputatların 90 faizi müxtəlif ranqlı məmurların dəstəyi və tövsiyyəsi ilə deputat təyin olunublar və sonra da narahatlıq keçirirlər ki, bizə millət vəkili yox, deputat deyirlər.

Bu gün parlamentdə təmsil olunan deputatları birmənalı millət vəkili adlandırmaq mümkün deyil.

Buna görə də, yeni parlament seçkiləri keçirilməli, xalqa imkan verilməlidir ki, özünün Konstitusiya hüquqlarından istifadə edərək istədiyi şəxsi millət vəkili seçsinlər. Onlar da öz aralarından bir sədr seçib, Milli Məclisi formalaşdırsın. 

Yoxsa ki, gəlin, qanun qəbul edək, xalq deputatxanaya Milli Məclis, deputatlara millət vəkili desin, bu mümkün deyil. Çünki sonra da bir qanun qəbul edəcəklər ki, kim millət vəkilinə deputat desə, cərimələnsin. Bu oyunun əsas məqsədi də, elə budur, cərimə! Dövlət məmurları büdcəni talayıb özlərinə xoş güzaran qururlar, qanunlar da kasıb xalqı cərimələməklə məmurların taladıqları pulları büdcəyə qaytarmağa xidmət edir. Yazıqlar olsun o dövlətə ki, büdcəni cərimə və rüsumları artırmaqla doldurmağa çalışır.

Məni bağışlayın, millət vəkilləri və Milli Məclis belə qanunların qəbuluna heç zaman yol verməz, verirsə, demək ki, deputatdırlar və deputatxanadır! Məndən bu qədər!

 Yusif Seyid

0.018753051757812