Kənd, yoxsa şəhər?

Kənd, yoxsa şəhər?
 

Labirintdən çıxış yolu...

 Kənd və şəhər mövzusu zaman-zaman gündəmə gələrkən, onları bir-biriylə müqayisə edərkən, hansınınsa digərindən üstün olduğu polemikaya dönər. Bununla da kəndli və şəhərli bir dövlət içində az qala, iki millətə çevrilər. Və bu da könül xoşluğuyla deyil, bir-iki nəfərin ortalığa atdığı sözlə, məcburi şəkildə olar. Necə deyərlər, “bir dəli quyuya daş atdı, yüz ağıllı onu çıxara bilmədi”...

 Biz illərlə multikulturalizmdən, ayrı-seçkilik olmamasından və s. mədəni varidatdan bəhs etmişik, yazmışıq. Elə başqa millətlərə olan humanist, bərabər hüquqdan da təkcə bəhs etməmişik, ona əyani şəkildə əməl etmişik. Tanıdığım adamların heç birindən də hansısa xalqa, millətə, milli azlığa, azsaylı xalqa qarşı ögey münasibətin, kobud, qaba danışığın şahidi olmamışam. Əksinə, öz dilində danışanlara hörmətlə yanaşaraq, hətta onların dilində bir-iki söz öyrənməyə də cəhd etmişik. Başqa xalqların özünəməxsus adət-ənənəsinə, mətbəxinə, musiqisinə, rəqsinə belə, maraq göstərmiş, onların bəzisini öz həyat-məişətimizdə tətbiq etmişik. Bir sözlə, hamıya gücümüz çatan qədər, ən əsası isə, ürəyimizin səsiylə, hörmətlə, məhəbbətlə yanaşmışıq.

Belə olan şəraitdə, heç vaxt ağlımıza gəlməyib ki, öz millətimizin nümayəndələrinə şəhərli və kəndli prizmasından yanaşaraq, onların birini digərindən üstün tutaq.

Heç vaxt düşünməmişik ki, onlardan birini göylərə qaldıraq, digərini yerdən-yerə çırpaq. Heç zaman demərik ki, kəndli pisdir, şəhərli yaxşı, yaxud, şəhərli pisdir, kəndli yaxşı. Əksinə, onların hər birinin öz yaşayış yerinə-məkanına, şəraitinə, maddi vəziyyətinə və s. uyğun həyatını qəbul etmişik. Adama “kənd yaxşıdır, yoxsa şəhər”, “kəndli yaxşıdır, yoxsa şəhərli” sualının verilməsini bütün dövrlərin uşaqlarına ünvanlanan “atanı çox istəyirsən, yoxsa ananı” kimi məntiqsiz bir sualla eyni tutmuşuq. Bu, bizim, yəni kənd-şəhər fərqi bilmədən, insanlığın daşıyıcısı olanların yanaşması...

Lakin fərqi yoxdur, sivilizasiyalı, yoxsa ondan kənar yerdən çıxasan, şəhərdə, yoxsa kənddə doğulasan, lazım və vacib olan, mənəvi keyfiyyətlərin daşıyıcısı kimi, insanlığın adına layiq yaşamaqdır.

Adam var ki, yaşadığı yerdən kənara ayağını da qoymayıb, amma mütaliəsi sayəsində dünyanı səyahət edib...

Adam var ki, “ömrü təkər üstündə keçib”, dünyanı gəzib, amma elementar dünyagörüş səviyyəsi yoxdur...

Adam var ki, müxtəlif sahə üzrə ali təhsili, titulları var, lakin ömründə bircə dəfə də teatra-konsertə, kiminsə yaradıcılıq gecəsinə getməyi lazım bilməyib...

Adam var ki, heç bir təhsil almayıb, ayağını kənddən şəhərə qoymayıb, lakin sinədəftərdir, hardan desən, ordan xəbər verir, mayası şifahi xalq yaradıcılığından yoğrulub...

Adam var ki, ömründə heç bir bədii-elmi və s. kitab üzü açmayıb, amma hansı filmdən, müasir musiqidən, müğənnidən desən, xəbəri var...

Bir sözlə, insanlar xarakter, hal-xasiyyət, yer-məkan, təhsil, mənəviyyat, mədəniyyət və s. baxımından müxtəlifdirlər. Onların hamısını birmənalı şəkildə hərtərəfli hesab etmək məntiqsizdir. Birində olmayan o birində var, birində çatışmayan digərində üzə çıxır, beləliklə, adına insan dediyimiz bir-birinə mənəvi varidatdan dolayı, hörmətlə yanaşır, həqiqi mənada, yaşayır, ömür sürür...

Yaşaya bilməyənlər, mənasızlıqdan boğulanlar isə ortaya məntiqsiz bir söhbət, yaxud, atmaca atır, milləti bir-birinə vurmağa başlayrlar. Onların sözünü mənalı hesab etsək, gərəkdir onda lap uzağa gedək, mədəniyyət və incəsənətimizdə, elm və təhsilimizdə və digər sahələrdə əbədilik yer tutanların mənşəyini, məkanını incələyək. Bu, kimə lazımdır?! Millət, xalq olaraq bizə lazım olan sadalanan sahələrdə inkişafa, irəliyə, tərəqqiyə nail olmaq, bizə örnək sələflərimizə daimi hörmətlə yanaşmaqdır. İstənilən halda, hansı dövrdə yaşamağımızdan asılı olmayaraq, hamının mütərəqqi cərəyanlara, inkişaf meyllərinə yanaşması, onunla ayaqlaşması fərqlidir. Bu məqam, istər kənd olsun, istərsə də şəhər, hər yerdə, məkanda keçərlidir.

...Nə kəndli, nə də şəhərli olaraq kiminsə kimsə üzərində basqısını qəbul etməyənlərdənəm. Mənim nəzərimdə insanlıq və ona hörmət deyilən bir məfhum var. O məfhumun işlədiyi, var olduğu məkanı isə birmənalı şəkildə insanların yaşadığı yer kimi dəyərləndirirəm. Orda insan olaraq yaşamaq mümkündürsə, ona nə şəhər, nə də kənd kimi yanaşmaq olmaz. Şəhər və kənd iddiasının olduğu, onların bir-biriylə müqayisəsinin qabardıldığı yerdə həqiqi mənada ömür sürmək sürgünə bərabərdir...

İnkişafa və mütərəqqi meyarlara hesablanmayan müqayisəni sevməsəm də, son günlər müzakirələrə səbəb olan məsələ barədə fikrimi bildirməkdə də haqlıyam. Bir rayonlu, əslində, kəndli olaraq, paytaxta ali təhsil almağa gələndə, şəhərlilərin heç də hamısının kinoya-teatra, muzeylərə, yaradıcılıq gecələrinə, tanıtım tədbirlərinə getmədiyini gördüm. Halbuki, öyrəşmişdik ki, kənd məktəbində dərsləri bitirən kimi, rayondakı musiqi məktəbinə tələsək, əksəriyyət kimi.

Rayonumuzda, kəndimizdə yeni kinoları seyr etməyə, konsertlərə baxmağa, hətta sirkə belə, gedərdk. Bu, yerindən, məkanından asılı olmayaraq, istəkdən asılı olan bir məsələ idi. Kim istəyər, gedərdi, kim istəməzsə, getməzdi. Onun xalq artisti adı daşıyanın dediklərindən kənar, nə mədəniyyətə, nə də tərbiyəyə aidiyyatı yox idi. Şükür tərbiyə verənimizə, yeri gəlmişkən...

Konkret olaraq, bütün dövrlərdə kənd hər şey üçün baza rolunu oynasa da, bunu xüsusi şəkildə vurğulamamışıq. Heç vaxt!

Məhsuldar, bərəkətli torpağımızın yetişdirdiyindən hər zaman şəhərdəkilərə pay ayırmışıq. Və bu adət, indinin özündə də davam edir...

Necə ki, quşların, göyərçinin yeri açıq, azad səmadır, lakin bizlər onun qəfəsdə-həbsdə, yəni bağlı halda saxlandığının da şahidi olduq. Amma kənddə deyil. “Quşbaz”lığın məhz şəhərdə olduğunu görsək də, fəqət kimisə bu adətə görə qınamadıq. Hörmətlə yanaşdıq fərdi, fərqli adətlərə...

Təhsilə meylin, beynin kəndlərdə, rayonlarda daha güclü olduğunu bilsək də, kəndlini bəyənməyən şəhərlinin könlünə dəymədik. Nə keçmişdə, nə də indi...

Və sonda, yenə də əvvələ qayıdıram, özü də hər mənada. Elmimizdə, mədəniyyət və incəsənətimizdə, bütün vacib sahələrdə hamı birmənalı şəkildə nə şəhərdəndir, nə də kənddən. Bayağı səslənsə də, daim onu deməyə məcbur qalsaq da, hər yerin yaxşısı da var, pisi də. Və heç kimin də kimsəni, özündən başqasını təhqir etməyə, aşağılamağa səlahiyyəti çatmır. Bu, məkanından, yerindən-yurdundan asılı olmayaraq, hamının əməl etməli olduğu bir mənəviyyat, mədəniyyət nümunəsidir.

Ona əməl edilsə, hamı əbədən müzakirə mövzusuna çevrilən nə kəndli, nə də şəhərli adlanar. Bu, baş versə, adımız bir xalq, eyni millət olar, sadəcə...

 Nigar Orucova 

0.017641067504883