Azərbaycanın ən böyük problemi...
Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]
Mənəvi əxlaqa malik kadrların çatışmazlığıdır
Xalqımızın yer üzündə yaşayan toplumların yaxşıları sırasında yer aldığı bütün dünyaya bəllidir. Tarixi keçmişə nəzər salarkən, fikirləşirəm ki, qədim dövlətçilik təcrübəsinə malik olan xalqımız bəs, niyə düşməni 44 gün ərzində əzdi, işğaldan torpaqlarımızı azad etdi, hətta Vətən uğrunda ölümdən çəkinməyən belə bir zəhmətsevər, qoçaq, Qəhrəman xalq nə üçün həyatını normal qura bilmir?! Fikir verin, müstəqil ekspertlərin verdiyi məlumata görə, ölkə əhalisinin 3 milyonu Rusiyaya, 1 milyonu Türkiyəyə və 1 milyonu da Qərb, Avropa ölkələrinə köçüb. Ölkəmizdən xaricə köçən vətəndaşlarımız, əsasən, cənab Prezidentin qətiyyətlə qarşısını almağa çalışdığı, lakin hələ də tuğyan edən rüşvətin, korrupsiyanın, məmur özbaşınalığının və Azərbaycandakı digər mənfi halların əzabından qurtarmaq və bir tikə çörək qazanmaq üçün yad ölkələrə üz tutublar!..
Demək olar ki, dünyada problemsiz xalq, millət yoxdur. Hazırda özlərini dünyanın ağası kimi aparan ingilislərin problemləri bütün dövrlərdə çox olub və indinin özündə də saymaqla qurtarmaz.
Yəni dünya sivilizasiyasının inkişaf dinamikasına uyğun olaraq, xalqımızın qədim və orta əsrlər dövrünü hazırkı dövrlə müqayisə edəndə, Azərbaycan xalqının qəhrəman keçmişə sahib olub və buna heç kim şübhə edə bilməz..
Tarixdən bəllidir ki, orta əsrlərdə dünyanın inkişaf etməsində xidməti olan və dünyanı idarə edən də türk xalqlarıdır. Həmin türk xalqlarından biri də bizim xalqımızdır. Türklər tərəfindən qurulmuş Səlcuq, Osmanlı, Monqol imperiyaları və Azərbaycan Səfəvilər dövləti bir neçə əsr dünyada çox böyük gücə malik olub.
Qeyd edək ki, dünyadakı Türk imperiyalarının təşəkkül tapmasında islam dini də mühüm rol oynayıb. Məsələn, orta əsrlərdə İslam dinini Ocmanlı türkləri qoruyub və yayıb. Azərbaycanda da Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin, eləcə də, həmin dövlətlərin islamın şiə təriqəti əsasında, Şah İsmayıl Xətainin rəhbərliyilə formalaşmış Azərbaycan Səfəvilər dövlətinin gücü, qüdrəti haqqında çox yazılıb. Hətta dahi alman iqtisadçı filosofu Karl Marks Şah İsmayıl Xətai haqqında unikal fikir bildirib.
O da bəllidir ki, dünya əsrlərdən bəri dinlərarası münaqişələrin meydanına çevrilib və dini münaqişələr bu gün də sivilizasiyanın ən böyük problemi olaraq qalır. Hazırda Qərbdə, Avropada, xristian ölkələrində islamofobiyanın geniş yayılmasının şahidiyik...
Qayıdaq mövzumuzun əsas qayəsinə. Görək, Azərbaycan dövlətindən 5 milyon əhalini xarici ölkələrə qaçmağa məcbur edən rüşvətin, korrupsiyanın, xəyanətin, məmur özbaşınalığının, mənəviyyatsızlığın səbəbləri nədir?!..
Yuxarıda dövlətimizin güclü tarixi keçmişinə toxundum və burada dinin rolunu təsadüfən qeyd etmədim. Dinlər həmişə dünyada güclü təsirə malik olub və bu gün də belədir. Azərbaycandakı problemlərin əsas səbəblərindən biri, məhz vətəndaşlarımızın ailə və ictimai tərbiyəsində dinin əhəmiyyətinin nəzərdən qaçırılmasıdır! Hətta Azərbaycanda dövlət səviyyəsində dini maarifləndirməyə göstərilən diqqət çox da yüksək səviyyədə deyil. Məktəblərdə dini təhsilin hələ də olmaması üzündən gənc nəsil və insanlar dini tərbiyəsini formalaşdırmaq imkanından məhrum olur və azsavadlı mollaların təsiri altına düşüb xurafata və cahilliyə yuvarlanırlar...
Qardaş Türkiyə ilə Azərbaycanı müqayisə edərkən, xalqımızın hazırkı saysız-hesabsız problemlərinin kökündə, məhz dinə, dindara, vicdan azadlığına, haqqa, ədalətə, dürüstlüyə biganəliyin dayandığı aydın olur. Haqq, Ədalət Allahın Adıdır! Onun yaratdığı insan da dünyada Allahın yaşam üçün müəyyən etdiyi Haqq-Ədalət meyarlar ilə yaşamalıdır. Azərbaycanda isə bu vacib amil tam unudulub və problemləri həll etmək istəyiriksə, bundan başlamalıyıq...
Gəlin görək, Azərbaycanda Allahın insan həyatı üçün vacib təməl prinsipi kimi müəyyən etdiyi Haqqa və Ədalətə əməl edən məmur varmı və ümumiyyətlə ölkəmizdə Haqqa, Ədalətə münasibət gerçəkdə necədir?!
Mülkün təməli Ədalətdir! -əziz oxucu baxın, Azərbaycan dövlətində vəzifə tutan və fəaliyyətini ölkənin qanunlarında əks olunmuş Haqqa, Ədalətə əsasən quran, Allahın və qanunların fəaliyyəti üçün müəyyən etdiyi qaydalara əməl edən, tək bir məmur tanıyırsınızmı?! Əlbəttə, çox güman ki, tanımırsınız!
Heç tanıya da bilməzsiniz! Çünki hazırda dövlət idarəçiliyinə cəlb olunmuş şəxslərin, ilk növbədə, mənəvi-əxlaqi sağlamlığı, vətənpərvərliyi, mükəmməlliyi, elmi savadı və vəzifə tutan insan üçün vacib olan yüksək keyfiyyətləri yoxdur. Bu gün gənc kadrları dövlət vəzifəsinə təyin edərkən, çox yanlış prinsiplərə əsaslanılır: - hüquq fakültəsini bitirib, ingilis dilini bilir və ABŞ-ın hansısa universitetində kurs keçib, təhsilini təkmilləşdirib!!! Nə olsun?! Hamısı da rüşvət və korrupsiya ilə məşğul olan məmur övladları və onların yaxınlarıdır!..
Deməli, hər bir kadrın üstünlüyü onun kamilliyindən daha çox asılıdır, əgər 10 dil bilib və doktorluq elmi dərəcəsinə yüksələn insan kamilləşməyibsə, ona heç nə etibar etmək olmaz...
Sizcə, bu kriteriyalarla dövlət vəzifəsinə təyin olunan gənc kadr xalq və dövlət qarşısında nə qədər ciddi məsuliyyət daşıdığını dərk edə bilərmi?! Əlbəttə bilməz, evdə və cəmiyyətdə yoxdursa, haradan əxz etsin?!..
Azərbaycanda hazırda mövcud olan bütün problemlərin: - əxlaqsızlığın, rüşvətxorluğun, korrupsiyanın, xalqa və Vətənə xəyanətin kökündə də, məhz mənəviyyatı, əxlaqı sağlam olan kadr çatışmazlığıdır...
Müasir dövrün bütün tələblərinə cavab verən, xalqa və dövlətə məhəbbət ruhunda tərbiyə almış, zəngin mənəviyyata, əxlaqa, yüksək savada malik kadrlar problemi həll olmayınca, xalqımızın və dövlətimizin problemlərinin heç biri həllini tapmayacaq...