Uğrunda can qoyulan...

Uğrunda can qoyulan...
 

Onun adı - Vətən!

 Son dönəmlər bir sıra ciddi hadisələrin iştirakçıları və müşahidəçiləriyik. Elə bu ayın illərdir, onilliklərdir yaddan çıxmayan, ilbəil xatırlanan hadisəsi var ki, onların iştirakçıları bu gün də aramızda, sıramızdadır. Əlbəttə ki, söhbət 1941-1945-ci ilin Vətən Müharibəsindən, onun iştirakçılarından gedir.

 Veteran sözünü öncə onların dilindən, onlara xitabən eşitdik. Daha sonra Əfqanıstan, Birinci Qarabağ müharibəsi iştirakçılarını tanıdıq. Və o gündən-bu günə, veteranlar, müharibə iştirakçıları o adın ciddiliyini, ağırlığını, şərəfini daşımaqdadırlar.

Haqqında danışmaq istədiyimiz ilk veteranlar isə keçən əsrin 40-cı illərindən bizimlə bərabər yol gəlir. Doğrudur, onların sayı hazırda çox azdır, bu arada, dünyasını dəyişənləri hörmətlə anır, ruhuna rəhmət diləyir, yaşayanlara isə can sağlığı arzulayırıq...

Yeri gəlmişkən, bugünlərdə ölkənin hava nəqliyyatında ilk qadın pilotların işə başlayacağı barədə məlumat verildi. Onların sayıının cəmi dörd nəfər olduğu deyildi və bu çətin yolda fəaliyyət göstərəcək hava şahinlərimizə uğurlar diləndi. Onlara qədər isə, haqqında danışdığımız Böyük Vətən Müharibəsində iştirak edən təyyarəçi qadınların adı keçir.  O halda, 1941-1945-ci illərin xatirəsinə,  həmin qan-qadalı  illərin 22 iyununda sələflərimiz üçün başlanan ölüm-dirim savaşından ilk qadın təyyarəçilərimizdən bəhs etməklə başlayaq?!

Onlardan birincisi, Leyla Məmmədbəyova nəinki Azərbaycanda, Qafqaz və bütün Cənubi Avropada, Yaxın Şərqdə ilk qadın təyyarəçimizdir. Əmək fəaliyyətinə 1930-cu ildən başlayan Leyla Məmmədbəyova sənət təhsilini Bakı aeroklubunda alaraq, ilk uçuşunu 1931-ci ildə yerinə yetirib. Təhsilini 1932-ci ildən Moskvada davam etdirən L.Məmmədbəyova 1933-cü ildə Moskvanın Tuşino aerodromunda təyyarədən paraşüt ilə atlanaraq ittifaqda  ikinci qadın paraşütçüsü olub. O, 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutaraq, 1941-ci ilədək artıq aviasiya mayoru idi. O illərdə yetkinlik yaşına çatmamış dörd uşaq anası olduğu üçün  mayor Məmmədbəyovanın müharibədə iştirakından imtina edilir. L.Məmmədbəyova aeroklubun bağlanmasına görə, desantçı və paraşütçü kurslarını tədris etməyə icazə alır. Və müharibə illəri ərzində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayıb cəbhəyə yollayır. Onların arasında iki nəfər Sovet İttifaqı Qəhrəmanı  adına layiq görülür.

 İlk azərbaycanlı təyyarəçi qadınlardan biri,  hərbi təyyarəçi, kapitan Züleyxa Seyidməmmədova təhsil aldığı institutun nəzdindəki Bakı aeroklubunun filialı olaraq fəaliyyət göstərən birinci tələbə aeroklubunun üzvü olur. Və  institutda Azərbaycan qızları arasında paraşütdən tullanmaq üzrə birinci yeri tutur.

Züleyxa Seyidməmmədova ilk fərdi uçuşunu tələbə aeroklubuna üzv olduğu illərdə edir. 1935-ci ilin oktyabrında ona təyyarədə təkbaşına uçmağa icazə verilir və  Mülki Hava Donanmasının baş idarəsi tərəfindən təyyarəçi şəhadətnaməsi təqdim olunur. Elə həmin ildə Moskvada keçirilən paraşütçülərin Birinci Ümumittifaq toplanışında Zaqafqaziyanı   təmsil edən komandada Tuşinski təyyarə meydanında qrup halında lazımi dairəyə tullanmaq üzrə birinci yeri tutur. 5 nəfərdən ibarət komandanın yeganə qız üzvü Züleyxa Seyidməmmədova olur. 1935-ci ildə Moskvada keçirilən uçuş tullantısında iştirak edən Züleyxa sonra Tuşinski aerodromunda qrup halında tullanmaq üzrə Zaqafqaziya komandasında birinci yeri tutur və Zaqafqaziya İcraiyyə Komitəsinin fəxri fərmanına və qiymətli hədiyyələrinə layiq görülür. Təyyarədən paraşütlə 50 dəfə tullandığına görə isə onu paraşüt idmanı üzrə təlimatçı vəzifəsinə təyin edirlər. 1938-ci ildə Züleyxa Seyidməmmədova imtahan verərək Moskvada Jukovksi adına Hərbi-Hava Akademiyasına qəbul olunan ilk şturman qız olur.

Moskvadan qayıtdıqdan sonra Züleyxa Seyidməmmədova təhsilini davam etdirməklə yanaşı, həm də Bakı aeroklubunda təlimatçı kimi işləməyə başlayır. Artıq aeroklubda bölmə komandiri olan Züleyxa təlimatçılıq etdiyi üç il ərzində 75 təyyarəçi və 80 paraşütçü hazırlayır. Akademiyanın şturman  fakültəsində yeganə qadın-tələbə olan Züleyxa əvvəlcə “Duqlas”larla, sonra isə orta bombardmanlar, uzağa və sürətlə uçan təyyarələrdə səfərə çıxmağa təlimlər almağa başlayır. Müharibənin ilk günlərində onların polku paytaxtın müdafiəsinə yollanır. O, müharibədə qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olur və 500-dən artıq döyüş uçuşu həyata keçirir.

Ümumiyyətlə, müharibənin ilk günlərində Azərbaycandan minlərlə insan faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət edib. 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı ki, onun 30 min nəfərdən çoxu qadınlar idi...

Başqa bir təyyarəçi-həmyerlimiz Hüseynbala Əliyev isə Leninqradı düşmənin hava hücumundan qoruyarkən 17 ölümcül yara alsa da, təyyarəsini yerə endirə bilib. Qeyd edək ki, Moskva, Leninqrad və Stalinqrad ətrafında döyüşlərdə azərbaycanlılar düşmənin çoxsaylı canlı qüvvə və güclü hərbi texnikası ilə üz-üzə dayanırdı. Onlar faşist ordusuna qarşı irimiqyaslı və dağıdıcı hərbi əməliyyatlar keçirirdilər.

İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq, əsasən azərbaycanlılardan   ibarət 77-ci dağatıcı diviziyası, 223-cü milli atıcı, 396-cı milli atıcı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradılır. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci  milli diviziyalar Simferopolun, Odessanın, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, başqa birisi Yuqoslaviyanın azad olunmasında fəal iştirak edir. 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçir, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərir. Polşa və Çexoslovakiyanın faşistlərdən azad edilməsi uğrundakı döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə Ziya Bünyadov və digər 20 nəfər azərbaycanlı isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.

Azərbaycanın 77-ci milli atıcı diviziyası Simferopolun azad edilməsində göstərdiyi qəhrəmanlığa görə Suvorov ordeni ilə təltif edilir. Sevastopolun azad edilməsi uğrunda Sapun-qaradan başlanan döyüşlər 10 gün davam edir, qələbə bayrağını isə serjant Əbduləziz Qurbanov sancır. Simferopol şəhəri düşməndən azad ediləndən sonra döyüşlərdə ən fəal iştirak edən 77-ci diviziyaya "Simferopol diviziyası" fəxri adı verilir. Bütövlükdə Krımın azad edilməsinə görə diviziyanın 3140 əsgər və zabiti orden və medallara layiq görülür. Həmin əməliyyatlarda 77-ci milli diviziyanın rabitə batalyonunun komandiri kapitan İsmayıl İbrahimov xüsusilə fərqlənir. 77-ci diviziya Pribaltika və Rusiyada gedən döyüşlərdə fəal iştirak etdiyinə görə, onun yüzlərlə əsgər və zabiti orden və medallarla təltif edilir, 8 döyüşçü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. Ümumilikdə 77-ci Simferopol dağ-atıcı Azərbaycan milli diviziyası döyüş əməliyyatlarına Krımdan başlayaraq, 11000 kilometrə yaxın məsafəni qət edərək, müharibəni Berlində qurtarır...

416-cı milli atıcı diviziyanın tərkibinin, komanda heyətinin 92 faizi azərbaycanlılardan ibarət idi.  Diviziya Taqanroq şəhərinin azad edilməsində fəal iştirakına görə, ”Taqanroq diviziyası”  adına layiq görülür. 416-cı milli diviziya İkinci dünya müharibəsi cəbhələrində 30 ay fasiləsiz döyüşlər aparır, Bakıdan Praqaya qədər 5000 km yol qət edir, 6 Avropa ölkəsindən - Rumıniyadan, Bolqarıstandan, Yuqoslaviyadan, Macarıstandan, Avstriyadan, Çexoslovakiyadan keçərək düşmənə külli miqdarda canlı və hərbi ziyan vurur.

Ümumiyyətlə, 1941-1945-ci illərdə qazanılmış qələbədə üç amil həlledici rol oynayıb. Onun biri Azərbaycandan cəbhəyə göndərilən neftdir. O vaxt Bakı ölkə neftinin 70 faizini verirdi. İngiltərə hökuməti və Avropanın hərbi dairələri, ABŞ rəhbərliyi yəqin edir ki, Hitler Urala qədər əraziləri və Bakı neftini zəbt edərsə, onun dünya ağalığı ilə mübarizə aparmaq mümkün olmayacaq.

Bu mənada, müharibə Azərbaycandan çox uzaq şimal-qərb regionlarında başlansa da, Hitler neft Bakısını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi. Düşmənin  Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini daha da artıraraq ön plana çəkirdi. Yerindəcə xatırladaq ki,  müharibə illərində Baltik dənizindən Qara dənizə qədər cəbhənin tələb etdiyi bütün benzinin 80, sürtgü yağlarının 90 faizini Azərbaycan təmin edib.

 Hitler də Bakı neftinin müharibənin gedişi üçün həlledici rol oynadığını yaxşı  bilirdi. Plana görə, Almaniyanın I tank ordusu 1942-ci il sentyabr ayının 25-də Bakını zəbt etməli idi. Hitlerin feldmarşal Manşteynə dediklərindən: “Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək, müharibəni uduzacağıq”. Lakin 1942-ci il avqust ayının sonunda faşist ordusu Şimali Qafqazda Terek çayının sahillərinə çıxsa da, güclü müqavimətlə üzləşərək irəliyə doğru hərəkət edə bilmir. 1942-ci il sentyabr ayının 16-da Bakının müdafiəsi üçün qəbul edilən xüsusi qərara əsasən, sentyabr ayının 24-də Azərbaycanda hərbi vəziyyət elan olunur.

Neft Bakısı uğrunda gedən gərgin döyüşlərdən bəhs edən "Krasnaya zvezda" qəzetinin 26 sentyabr sayından sətirlər: “Üç aydır ki, ölkəmizin cənubunda qızğın döyüşlər gedir. Sovet ölkəsinin və bütün dünyanın nəzərləri Şimali Qafqaz və Stalinqrad ətrafına yönəlmişdir. Vətənin taleyi, milyonlarla sovet adamının azadlığı və həyatı bu döyüşlərdən asılıdır! Bunu ancaq 1942-ci ilin payızında Moskvanın müdafiəsi ilə müqayisə etmək olar”...

Bəli, ölkənin neft, neft məhsulları, təyyarə və tankların motor yağı, benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycanın istehsalı idi. 1941-1945-ci illərdə Azərbaycan ölkəyə 70 milyon ton neft, 22 milyon ton benzin göndərmişdi. Bu məqamda, uzun illər SSRİ neft və qaz sənayesinə başçılıq etmiş Nikolay Baybakovdan sitat: “SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasaydı, Sovetlər İttifaqının faşizm üzərində qələbəsi sual altında qala bilərdi”.

Yenə də N.Baybakovun dediklərini xatırladaq: “Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü”...

Marşal Konstantin Rokossovski: “Hər bir hərbi təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı var”…

Marşal A.A.Qreçko: “Azərbaycandan cəbhəyə tükənməz axınla yüksək keyfiyyətli benzin, silah, döyüş sursatı və ərzaqla dolu yük qatarları gəlirdi"…

…Müharibədən keçən yeddi onillikdən çox zaman müddətində soydaşlarımızın xidmətini heç unutmadıq - onlar bu dünyanı tərk etsə də, bəzisi az sayda hələ yaşasa da. Hansı idarəçilik dövründə döyüşüb-vuruşmağı incələməyin əhəmiyyəti də yoxdur bu məqamda. Çünki əsas olan, yaşadıqları, qoruduqları torpaqdır ki, onun da uğrunda döyüşən, vuruşan, ölən varsa, adı Vətəndir…

 Nigar Orucova 

0.018208026885986