Biganəlik və yalan
Uşaq və ana ölümü, yol qəzaları və intihar halları nə üçün artır?
Yalan ən böyük günahlardan biridir, deyirlər. Bu müsəlman ölkəsi olan canım məmləkətimdə isə yalan danışmayan adam tapmaq müşkülə çevrilib. Biganəlik də arzuolunan insani keyfiyyət deyil. Biganə insanlardan istənilən qeyri-insani hərəkətlər gözləmək olar. Belə insanlarla dil tapmaq, söz danışmaq belə, mümkün deyil və onlar ancaq öz arqumentlərinin doğruluğunu qəbul edirlər. Qarşıdakıların hansı hisslər keçirdiyi isə onlar üçün heç bir önəm daşımır. Biganə insanlarla həyatımızın hər bir anında qarşılaşmaq mümkündür. Öz arqumentlərini müdafiə etmək üçün ən rəzil yalanlardan belə çəkinməyə bu insan tipləri başqalarının hansı hislər keçirdiyinn anlamaq iqtidarında deyillər. Bu tiplərin hərəkətləri hər bir normal insanda ən azından təəssüf və təəccüb doğurur. Onlar isə bunu adi hal kimi qəbul edirlər. Bu gün məmləkət əhlinin ən ağrılı yerindən biri də, məhz biganəlik və yalandır. Bu yazıda məmurların şəhid ailələrinə və qazilərə qarşı biganəliyindən danışmayacağam, çünki bu, artıq biganəlik deyil, nankorluqdur. Pula hərislikdən doğan nankorluq!
Dövlət qulluğunda çalışan məmurların, həkimlərin, müəllimlərin, hüquq-mühafizə orqanı işçilərinin, polis əməkdaşlarının biganəliyi həm də sosial ədalətsizlik yaradır, insanların dövlətə inamını sarsıdır. Mən bu peşə və vəzifə sahiblərinin rüşvətxorluğundan, özbaşınalıqlarından, pul hərisliyindən, onlara etibar edilən vəzifəyə sayğısızlıqlarından və s. çox yazmışam, hesab edirəm ki, biganəlik heç də bu pisliklərdən geridə qalmayan və insanı mənən öldürən bir davranış formasıdır.
Son zamanlar ölkəmizdə ölüm halları çox artıb, sanki ölümün özü də adiləşib və cavanlaşıb. İnsanın öz əcəli ilə dünyasını dəyişməsi, heç kimdə təəssüf və kədərdən başqa bir hiss yarada bilməz. Lakin bir insanın həkim, polis, məmur biganəliyindən dünyasını dəyişməsi, heç şübhəsiz ki, cəmiyyət tərəfindən də biganəliklə qarşılanmamalıdır. Ölüm çox cavanlaşıb, insanlar heç pensiya yaşına çatmadan müxtəlif səbəblərdən (bizim qanun yapanlarımız isə israr edir ki, pensiyaçılarımız çoxdur, yaş həddini daha da artırmaq lazımdır) dünyalarını dəyişirlər. Bu səbəblər arasında biganəliyin də xüsusi yeri var. Ən maraqlısı da odur ki, bu biganəliyin səbəblərini araşdırdığın zaman daha çox yalanlarla üzləşirsən. Yəni, həkim də, hakim də, polis də, müəllim də öz biganəliyini ört-bastır etmək üçün yalan danışır.
Məsələn, gənc bir tələbə inthar edir. Heç kim bu intiharın əsas səbəbi ilə maraqlanmır. "İntihar halına çatdırma" maddəsi ilə cinyət işi açılır, araşdırma aparılır və son nəticədə məlum olur ki, günahkar ölən imiş. Yaxud, gənc bir qadın doğuş zamanı dünyasını dəyişir. Araşdırma aparılır, nəticə, günahkar ölənin özüdür. Həkim də iddia edir ki, qadın doğuş öncəsi vaxtlı-vaxtında həkimə müraciət etməyib, bu səbəbdən də doğuşu ağır keçirib və son nəticədə dünyasını dəyişib. Amma heç bir hüquq-mühafizə orqanı işçisi, yaxud həkim maraqlanmır ki, bu gənc qadın nə üçün həkimə müraciət etməyib. Ancaq onu da xüsusi olaraq vurğulayırlar ki, belə hallar regionlarda daha çox baş verir.
Səbəbini mən sizə deyim. İstər regionlarda, istər paytaxt Bakıda fərq etməz, ölkə vətəndaşlarının böyük əksəriyyətinin bu vicdanını itirmiş, nəfsin quluna çevrilmiş, biganə həkimlərə verəcək pulları yoxdur. Ona görə də, ancaq son anda məcbur qalıb həkimə müraciət edirlər ki, onlar da pulu olmayanların sonuna çıxırlar. Bu məmləkətdə heç bir həkim pulu olmayan xəstəyə yaxın durmur. Belələri varsa, onlardan üzür istəyirəm! Bu ana və uşaq ölümünün ən açıq təzahürüdür.
Gəlin yol qəzalarında həlak olanlara diqqət edək. Burada da Dövlət Yol Polisi əməkdaşları yol hərəkətinin təhlükəsizliyinə yox, yol hərəkət qaydalarını pozanların cərimələnməsinə daha çox diqqət edirlər ki, son nəticə də faciəli olur. Dəfələrlə şahidi olmuşam ki, Yol Polisi əməkdaşları, yolda yaranan xoşagəlməz halları aradan qaldırmaq əvəzinə, xəlvətdə durub sürücüləri cərimələməyi daha üstün tuturlar. Bilirsiniz ki, yol hərəkətinin əsas iştirakçıları Yol Polisi, sürücülər və piyadalardır. Mən son zamanlar Yol Polisi əməkdaşlarının piyadaları intizama dəvət etdiklərini, cərimələdiklərini əsla görmədim, elə bil onları görmürlər. Fakt 20 Yanvar dairəsi. Burada yolun bütün istiqamətlərində Yol Polisi əməkdaşları növbə çəkirlər, piyadalar da haradan istəyir keçir, onlara da heç kim irad bildirmir. Bu biganəlik, tapşırılan işə hörmətsizlik deyil?
Qayıdaq intihar məsələsinə, burada da biganəlik əsas aparıcı yerdə qərarlaşır. İstər valideynlərin, istəsə də intihar edənin yaxın dostu, yaxud rəfiqəsinin və müəllimlərin biganəliyi. Mümkün deyil ki, bu uşaqda hansısa narahatlıq olsun və bunlardan heç biri onu hiss etməsin. Burada ailənin maddi durumu heç də az rol oynamır. Gənclərdə, ələlxüsus da yeniyetmələrdə rəqabət hissi daha güclü olur. Kasıb uşaq imkanlı uşaqla nə qədər rəqabət aparsa da, ona çata bilmir və onda ruh düşkünlüyü yaranır. Bir tərəfdən də valideynləri ondan daha yaxşı olmağı tələb edir, ona təzyiq göstərirlər. O da, bütün bunlara dözmür və...
Gəlin bir qədər səmimi və anlayışlı olmağa çalışaq. Bu gün kimisə aldatmaq mümkün deyil. Bizim uşaq saydığımız o uşaqlar, bizdən daha çox bilirlər, sadəcə olaraq bizə qarşı gəlmək istəmirlər. Gücləri özlərinə, öz canlarına çatır.
Yusif Seyid