Vahid Əhmədov: "Şuşada imzalanan bəyannamə tarixi sənəddir "
Millət vəkili Vahid Əhmədov: "Siyasətlə dərindən məşğul olan insanlar bilirlər ki, hər şeyin öz vaxtı var. Dəhlizin də açılması vacibdir. Bu, Azərbaycanla Türkiyəni bir qədər də yaxınlaşdıracaq, eləcə də ticarət münasibətlərini gücləndirəcək. Amma ermənilərə baxanda hiss edirsən ki, onlar hələ oyanmayıblar. Erməni mediası yazır ki, “Ərdoğan qanunları pozaraq “artsax”ın ərazisinə qanunsuz səfər edib”. Təəssüflər olsun ki, hələlik reallığı anlamırlar. Bu həftə dünyanın aparıcı mərkəzlərinin, NATO-nun toplantısı keçirildi. Heç Qarabağ məsələsinə toxunulmadı, heç bir narazılıq və narahatlıq yoxdur.
Ümumiyyətlə, İlham Əliyevin apardığı xarici siyasət çox uğurludur. Ağılla, təmkinlə, səbrlə, başqa dövlətləri qıcıqlandırmamaqla əhəmiyyətli addımlar atır. Bütün bunlar qiymətə və təqdirə layiq gedişlərdir.
Şuşada imzalanan bəyannamə tarixi sənəddir və əhəmiyyətinə görə, ikinci belə bir nümunə yoxdur. Türkiyə prezidentinin Füzuliyə, oradansa Şuşaya səfər etməsi də böyük əhəmiyyətə malikdir. Onun məhz Şuşada yüksək və rəsmi səviyyədə qarşılanması bizi sevindirdi. Əlavə edim ki, ümumiyyətlə, Şuşada hazırlıq işləri yüksək səviyyədə görülmüşdü. Belə bir qarşılanma törənini Bakıda təşkil etməklə, işğaldan azad edilən yerlərdə hazırlamaq tam fərqli bir məsələdir. Şuşada bunu yüksək səviyyədə hazırlamaq həm də ciddi əmək tələb edirdi.
Şuşa Bəyannaməsi Azərbaycan, Türkiyə və bölgə üçün böyük əhəmiyyət kəsb edir. Bizi narahat edən məqamlar var idi. Mən bunu çıxışlarımda qeyd edirdim. Söhbət Türkiyə və Azərbaycanın hərbi baxımdan bir yerdə olmasından gedir. Eləcə də Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə qarantiya verilməsi və s. Bəyannamədə bu məqamların hamısı öz əksini tapıb. Bu Bəyannamənin əslində müttəfiqlik sənədi olması çox şeydən xəbər verir. Dövlətlərimiz artıq rəsmən müttəfiqə çevrilir. Müttəfiq olan ölkələrin də bir-biri qarşısında öhdəlikləri olur. Bu sənəddə həmin öhdəliklər öz əksini tapıb.
Hesab edirəm ki, Prezident İlham Əliyev Şuşada çıxışı zamanı əsasən iki məqama ağırlıq saldı. Bunlardan biri Zəngəzur dəhlizi, digəri hərbi məsələlər idi.
Dəhlizlə bağlı işlər gedir və bu məsələ reallaşacaq. Hərbi sahədə əməkdaşlıq daha da güclənəcək. O cümlədən hərbi yardım, qarşılıqlı dəstək, müdafiə sənayesi sahəsində dron istehsalı və s. Sözsüz ki, təhlükəsizlik sahəsində silahlı qüvvələrin əlaqələndirilmiş fəaliyyətinin təşkili məsələləri də var. Bu, dünyaya mesajdır ki, Türkiyə Qafqazda öz əhatə dairəsini genişləndirir. Bu proses Azərbaycan dövləti üçün xüsusi əhəmiyyət kəsb edir. Bəli, biz artıq arxayınıq ki, Azərbaycanın müstəqilliyi daimi və əbədi olacaq. Başqa sözlə, Azərbaycanın müstəqilliyinə və təhlükəsizliyinə Türkiyə kimi güclü dövlət qarantiya verir. Azərbaycan Prezdenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Xankəndini göstərir. Ərdoğan da sual edir ki, otel oradadırmı? Cənab prezident də deyir ki, orada da olacağıq. Məncə, bu dialoq çox şeylərdən xəbər verir".