Mömin də, münafiqin də üç özəlliyi var

Mömin də, münafiqin də üç özəlliyi var
 

Görkəmli islam kəlamçı təfsirçilərindən biri olan Şeyx Şəmsəddin Əhməd əs-sivasi XVI əsrdə yaşayıb. İslam dininin sünni məzhəbinin Xəlvətiyyə təriqətinin Şəmsiyyə qolunun müəssisi olan Şeyx Şəmsəddin "Dörd seçkin dost-dörd xəlifə" əsərində yazıb: "Həz.Əli buyurub ki, bir gün həz.Peyğəmbər məni çağırdı və dedi: "Ey Əli! Musa Harunla necədirsə, mən də səninlə eləyəm. Ancaq məndən sonra peyğəmbər gəlməyəcək. Edəcəyim tövsiyyələri diqqətlə dinlə və əməl et. Sən şəhid rütbəsinə yetişəcəksən və qiyamət günü alim kimi diriləcəksən...

Ey Əli... Möminin üç özəlliyi var: namaz qılar, oruc tutar, sədəqə verər. Münafiqin də üç özəlliyi var: yalan danışar, sözünə əməl etməz, əmanətə xəyanət edər. Zalımlarda üç pis xasiyyət var: özündən gücsüzlərə zülm edər, onların mallarını mənimsəyər, halal və harama baxmaz. Paxılın üç əlaməti var: özündən güclülərə yaltaqlanar, qeybət edır, başqasının bəlasından ləzzət alar. Tənbəllərin üç halı olar: İbadətləri könülsüz və işləri qüsurlu olar, namazlarını vaxtında qılmazlar.

Ey Əli! Tövbə etmişlərin durumu da belədir: haramdan qaçarlar, elmə həris olarlar, ana döşündən çıxan süd təkrar döşə girmədiyi kimi, o da həmin günahı bir daha etməz. Ağıllılarda üç əlamət var: dünyaya dəyər verməzlər, üzləşdikləri çətinlik, sıxıntı,möhnət və məşəqqətdən şikayət etməzlər, müsibət və bəlaları səbirlə qarşılayarlar. Səbirli şəxslərdə üç hal var: ziyarətinə gəlməyənləri ziyarət edərlər, ona pislik edənləri bağışlayar, müxaliflərinə mərhmətli olarlar. Axmaqlığın əlaməti üçdür: Allahın əmrlərinə biganəlik, çox və lüzumsuz danışmaq, allahın yaratdıqlarına laqeydlik. Yaxşı insanlarda üç xasiyyət var: halaldan yeyərlər, elm məclislərində olarlar, namazlarını camaatla qılarlar. Pis insanlarda üç xasiyyət var: Allahın əmrlərinə əməl etməzlər, pislik etməkdən xoşlanmazlar, yaxşılığa pisliklə cavab verərlər.

Qəlbləri qara olan adamlarda üç şey var: zəifləri sevməz, acımazlar. Qənaət və doymaq nə olduğunu bilməzlər. Nəsihət dinləməzlər. Doğru olanlarda üç xüsusiyyət var: ibadətləri süni deyil və mümkün olduqca ibadətlərini gizli edər. Düçar olduqları bəla və müsibətləri heç kimə deməzlər. Dillərindən Allahın zikri əksik olmaz. Fasiqlərdə üç əlamət var: fitnə və fəsadı sevərlər. İnsanların kədərinə sevinərlər. Yaxşı işlərdən qaçarlar.** adamlarda üç hal olur: mallarının zəkatlarını verərlər. Sədəqə verməkdən xoşlanarlar. Əfv etməyi sevərlər. Xəsislərdə üç əlamətlər var: aclıqdan qorxarlar və nə yeyəcəkləri barədə düşünərlər. Bir şey istədikdə yoxsul olmaqdan qorxaraq verməzlər. Yaxşılıq edənlərə gizli nifrət edərlər.

Ey Əli! Səni və səni sevənlərin üç əlaməti var: Varlıqlarını sənin yolunda xərcləyərlər. İbadətlərində qafil olmazlar. Canlarını da sənin yolunda fəda edərlər...

Ey Əli! Beş şey qəlbi qaraldır: çox yemək, çox yatmaq, şox danışmaq, çox gülmək, dolanmaq üçün çox narahat olmaq. Bu beş şey də qəlbi nurlandırır: İxlas surəsini yaxşı oxumaq, az yemək, yeməyin ifrat bişmişini yeməmək, elm məclislərində olmaq, gecələr nəfilə namazını qılmaq. Beş şeyə baxanların gözlərinin nuru artar: Kəbəyə çox baxmaq, Quranı çox oxumaq, valideynin üzünə baxmaq, miskinlərin üzünə baxmaq, axar suya baxmaq.

Ey Əli! İçki içənlərlə dost olma! Onlar lənətlənmişlər. Zəkat verməyənlərlə dost olma. Onlar da Allahın düşmənidirlər. Sələmçilərlə də dost olma. Onlar Allaha üsyan edəndirlər. İnsan beş şeydən qocalar: çox borclu olmaq, kədərli, qəmgin olmaq, qadın nəfəsinin kişi nəfəsinə dəyməsi, həddən artıq qoxulanmaq, bəlğəmin çox olması.

Ey Əli! Allahın rizası və qəzəbi ata-ananın riza və qəzəbindən asılıdır. Qonşun, qonağın və valideynlərin kafir olsalar belə, onlara yardım et. Kafir də olsa, dilənçini qovma. Çalışdığı adamların haqlarını tam və vaxtında verməyənlərin əməllərini Allah puç edər, qiyamətdə hesabını sorar. Bir yetim ağlayarsa, ərş titrəyər və Allah buyurar: "Ey Cəbrail! Bu yetimi ağladanın yerini Cəhənəmdə hazır et ki, Mən də onu ağladım". Elmsiz ibadət edən bələdçisi olmayan kora bənzər.

Bil ki, mənim ümmətimdən yeddi adam Cənnətə girəcək: tövbə edənlər, gizli sədəqə verənlər, haram işlərdən qaçanlar və sübh namazını qılanlar, malının yox olacağını bilsə belə, camaatla namazdan geri qalmayan, Allah qorxusundan gözləri yaşaran, alimlərlə birlikdə olanlar, bir mömini Allah üçün sevən və ona yardım edənlər.

Ey Əli! Üç barmaqla ye! Çünki cinlər iki barmaqla yeyir. Heç kimin üzünə vurma. Hətta heyvanların belə. Yuxunu hər kəsə yox, dostuna danış. Bu nəsihətləri Cəbrail(ə)-dən alıb Sənə deyirəm. Onlara görə əməl et ki, dünya və axirətdə salamat olasan.

Allah Rəsulu buyurub: "Mən elm şəhəriyəm. Əbu-Bəkr bu şəhərin divarları, Ömər tavanı, Osman döşəməsi, Əli isə qapısıdır. Xaricilər həz.Əliyə müxalif olduqda onu pərt etmək məqsədilə 10 nəfər seçilmiş adamlarını hazırlayıb belə dedilər: "Hər birimiz Əliyə eyni sualı verib müxtəlif cavablar alsaq, deməli o, həqiqətən alimdir". Birincisi dedi: "Ey Əli! Elm əfdaldir, yoxsa mal-mülk". Həzrət buyurdu: "Elm". "Dəlilin nədir" sualına həz.Əli buyurdu: "Elm peyğəmbərlərin, mal-mülk isə harunların, fironların mirasıdır. İkinci xariciyə belə cavab verdi. "Elm üstündür (xeyirlidir). Çünki elm sahibinin dostu, mal isə düşmənidir". Üçüncüyə: "Elm əfdaldır. Çünki mal xərcləndikcə tükənir, elm isə artır". Dördüncüyə: "Mal sahibini xəsis, elm isə sahibini verimli edər". Beşinciyə: "Elm sahibini, sahibi malı qoruyar" Altıncıya: "Mal oğrudan qorunduğu halda, elm qorunmur". Yeddinciyə: "Elm üstündür. Çünki mal tükənər, elm isə yox". Səkkizinciyə: "Mal qəlbi qatılaşdırır, daraldır. Elm isə qəlbi yumşaldır, rəhmətə səbəb olur". Doqquzuncuya: "Mal insanı azdırır, hətta Allahlıq iddiasına qədər (haşə:V.C.). Elm sahibi həddini bilir". Həzrət onuncu xariciyə bu cavabı verdi: "Elm üstündür. Çünki o, qəlbi nurlandırır, mal isə qaraldır". Bu sorğu-sualdan sonra xaricilər həz.Əlinin alimliyinə şübhə etmədilər".

  Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru

0.015864849090576