Mələk-polis
Bu həftə Bakıda "qurdla quzu birgə otlayır"
Ötən şənbə günü, 12 iyun tarixdə "Koroğlu" nəqliyyat-mübadilə mərkəzində özümü bir anlığa Avropa paytaxtlarında hiss etdim. Bizim polisin nə gözəl uniforması varmış. Polis formasında ucaboylu, şirindilli, dimdiyi günəşə doğru fokslanmış "furaşka"da polis əməkdaşı avtobusa daxil oldu. Həmişə polis görəndə üzümü yan çevirirdim ki, onların köbud və biədəb ifadələrini eşitməyim, yan keçsin məndən. Amma bu dəfə polisin əlindəki maska diqqətimi cəlb etdi. Polis avtobusun salonuna daxil olaraq: hörmətli vətəndaşlar, maska taxaq, mümkün qədər məsafə saxlayaq ki, bu bəlaya qarşı mübarizəmiz daha mükəmməl alınsın, özünüzün və yaxınlarınızın - bütün cəmiyyətimizin sağlamlığını birlikdə qoruyaq, buyurun, kim maskanı unudubsa, götürsün! Beləcə, maska moda minəndən bəri polislərdən ilk normal jestin şahidi oldum. Salonu tərk edəndə isə polis nəfəri əllərini göyə açaraq belə dua etdi: Allah millətimizi və bəşəriyyəti bu bəladan qorusun! Amin, qardaş, amin - kor nə istər, iki göz, biri əyri, biri düz...
Düz bir il əvvəl polisin Yasamalda və digər rayonlarda etdiyi biabırçılıqları əks etdirən video-çarxlar hələ də ara-sıra gözə dəyməkdədir. Polis Azərbaycanda özünü padşahın darğası kimi aparır, ona görə də qaçhaqaçdayıq - polis gəldi - qaç, prokuror gəldi - qaç, hakim gəldi - qaç, belə davam etsə, qaçış üzrə dünyanın bütün çempionatlarında çempion bizimkilərdən olacaq. Sonra da bir avtopalı jurnalist bu barədə araşdırma apararaq, azərbaycanlıların nədən belə qaçağan olduğunun sirrini açıb özünə reytinq və milyonlar qazanacaq.
Yuxarıda qeyd etdiyim kimi, həmişə mənə eybəcər görünən polis, bu gün gözümdə mələk kimi göründü, özü də o Əzrail deyil, xoşbəxtlik mələyinə bənzəyirdi. Harda iki nəfər birlikdə nəyəsə etiraz edirsə, nəyi qabartmaq istəyirsə, tələb irəli sürürsə, polis dərhal orda peyda olur, hər bir nəfəri dörd nəfər əl-ayaq götürüb basır maşına, necə deyərlər, dörd səhv bir düzü yeyir. Axı niyə, nə üçün etiraz edənin üstünə polislə gedirsiniz - vətəndaş kimə etiraz edirsə, kimdənsə narazıdırsa, onu çıxardın qarşısına, qoy canı çıxıb cavab versin, izah eləsin ki, biz sənin problemini həll etməyə çalışırıq. Ölkədə bütün oğruların, quldurların, rüşvətxorların və korrupsiya yolu ilə dövlət malını talayanların əvəzinə vətəndaşın qarşısına nədən polis çıxıb öz adını bədnam eləməlidir, bu dəstə ölkədə nə işə baxır? Çörək istəyəni də polis cavab verir, azadlıq istəyənə də... Özü də necə cavab, zireh və dəyənəklə... Yəni biz hələ də anqlamırıq ki, insanla danışmaq üçün dil - ünsiyyət vasitəsi var, bəlkə ondan istifadə etməyə çalışaq, şənbə günkü polis kimi? Dəyənək və çomaq naxır və sürü ilə "danışmaq" üçün ünsiyyət vasitəsidir, gəlin cəmiyyətimizi naxır və sürü, özümüzü isə çomaq sahibinin yerinə qoymayaq - insanlara istədiklərini verməyə çalışaq, bu çalışmanın əvəzində isə ailəmizə halal ruzi qazanaq. Cəmiyyətin üstünə zopa-dəyənəklə gedənlərin heç olmasa birinin xoşbəxt sonluğunu görən varmı, əlbəttə, yox!
Artıq koronavirus pandemiyası canını tapşırmaqdadır, bəşəiyyət ona qalib gələ bildi, amma bizim polis yalnız indi belə şəraitdə cəmiyyətlə davranmaq qaydasını öyrənə bilib. Bəlkə də hələ bu da polisin vətəndaşla davranmaq qaydasını öyrəndiyinin təzahürü deyil, ola bilsin, iyunun 20-sindən sonra yenidən dəyənəklər işə düşəcək, yenə polis pişik kimi marığa yatıb qaydaları pozan vətəndaş ovuna çıxacaq, bir həftədən sonra vəziyyətə şahidlik edəcəyik. Bəlkə özlərini UEFA kubokunun final mərhələsini izləmək üçün Bakıya gəlmiş avropalılara göstərirlər - qoy gedib desinlər ki, ünlü-dürlü beynəlxalq təşkilatlar öz hesabatında Azərbaycan hökumətinə şər atır, Bakıda qurdla quzu bir otlayır. Hətta, bizim bədbin proqnozlarımız doğrulsa da, bu bir president oldu, Azərbaycan polisi də, vətəndaşı da anladı ki, polis vətəndaşla necə davranmalıdır. İnanın ki, polisin elə ötən ilin yayındakı kimi bir güc olmasını normal sayır, axı necə olmalıdır, polis gəlib vətəndaşın başını tumarlamalıdır - deyənlər də az deyil. Belələrini inandırmaq da çətindir, ay bədbəxt millət, əlbəttə, polis vətəndaşın başını sığallamalıdır. Çünki polis vətəndaşın keşikçisidi, qoruqçusudu, onun asayişini və hüquqlarını qorumalıdır. Polis vətəndaşın cibindən formalaşan dövlət büdcəsindən əməkhaqqı alıb, bu biri tərəfdə isə vətəndaşla vəhşi kimi davranmamalıdır. Vətəndaşa faydalı olmaq üçün hər şeyi eləməlidir, onun xidmətçisi oldluğunu anlamalıdır. Yalnız o halda vətəndaş polisi öz köməkçisi, yardımçısı sayaraq ona güvənməlidir. Polisdən cinayətkar qorxar, bizdə isə əksinədir, yalnız cinayətkarlar polisdən qorxmur, qalan bütün vətəndaşlar üçün polis "personae non gratae"dır (arzuolunmaz şəxslər). Bu da bizim cəmiyyətin inkişaf göstəricilərindən biridir, hələ də polis bizi üçün fiodal qamçıvuranıdır, cəza maşınıdır. Polis hələ də cəmiyytin asayiş keşikçisinə çevrilməyib, hökumətin əl buyruqçusudur. Amma dəyişəcək, dünyanı heç bir iqtidar, hökumdar və padşah inkişafdan saxlaya bilməyib, biz də o mərhələyə çatacağıq, sadəcə geci-tezi var, Avropada bu 50 il əvvəl formalaşıb, bizdə də yəqin daha 50 il gözləməli olacağıq. Özü də bu prosesi yalnız zaman həll etmir, həm də cəmiyyətin istəyi gərəkir.
Akif Nəsirli