Onun “ağına da, qarasına da lənət” düşür...

Onun “ağına da, qarasına da lənət” düşür...
 

Tərəfimizdən yerinə düşməsə də...

 Qonşuluq etmək prinsiplərindən çox-çox uzaq olan, “od qonşuluğu”nu odla oynamaqla dəyişik salan Ermənistanda bu gün xaotik bir ab-hava yaşanmaqdadır. Əslinə qalsa, düşmən qonşumuzun hansısa formada ağılla-başla, məntiqlə hərəkət etdiyini heç indiyədək gördüm deyən də olmayıb. Var olduğu gündən adəti oğurluq, qarət, mayası isə sözün bütün mənalarında mənfiliklərdən yoğrulan ermənilərdən qeyri bir hərəkət gözləmək də, əslində, mənasızdır. Elə bu mənasızlığın içində də uğrunda mübarizə apardıqları parlament seçkilərində ağıllarına gələni danışır, bir-birini söyür, təhqir edir, aşağılayırlar. Hər halda, aşağılayıcı bir toplum olduqlarını hərdənbir unutduqlarından...

 Bizdə isə müxtəlif, gündəmi dəyişən hadisələr baş verməkdədir. Bunlardan biri də “Avro-2020” oyunlarının müharibədən yeni çıxmış Azərbaycanda baş tutması və çoxdan gözlənilən bir müqavilənin həyata keçirilməsidir...

Bəlli olduğu kimi, iyunun 15-də Azərbaycan və Türkiyə rəhbərləri iki dövlət arasında müttəfiqlik haqqında “Şuşa bəyannaməsi”ni imzalayıb. Xatırladaq ki, Şuşada imzalanan bu müqaviləyə əsasən, sözügedən iki dövlətə qarşı üçüncü ölkə tərəfindən hansısa bir təhlükə olarsa, Azərbaycanla Türkiyə bir-birini qorumaq üçün birgə addımlar atacaq. Bundan başqa, sözügedən bəyannamədə siyasi-iqtisadi, mədəni, ticarət, idman, gənclər, təhsil, enerji təhlükəsizliyi, eyni zamanda, beynəlxalq müstəvidə əməkdaşlıq, hərbi sahələrdə əlaqələrdən da bəhs edilir... Ümumilikdə, müxtəlif sahə üzrə ekspertlər və politoloqlar Azərbaycan-Türkiyə əməkdaşlığının bölgənin gələcəkdəki inkişafında və təhlükəsizliyində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edirlər. Müxtəlif təhlillərlə Şuşa bəyannaməsinin əməkdaşlığın bütün sahələrini əhatə etdiyi göstərilir, onun müdafiə sahəsindəki əməkdaşlıq, qarşlıqlı hərbi yardım və müdafiə sənayesi sahələrini əhatə edəcəyi bildirilir. Hər halda, sözügedən istiqamətdəki açıqlamalar hələ işin başlanğıcıdır və icmal-təhlillər, ekspert rəyləri, müxtəlif yanaşmalar bundan sonra da davam edəcək, səslənəcək...

Bu sırada Zəngəzur dəhlizi haqqında müddəanın da sözügedən bəyannamədə əks olunmasının mühüm əhəmiyyətə malik olduğu deyilir. Belə ki, müharibədən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsi kimi, Zəngəzur koridorunun açılmasıyla bağlı məsələlər də həmin bəyannamədə öz əksini tapıb. Qeyd edildiyi kimi, Azərbaycanla Türkiyə arasında dəmiryolu və avtomobil yolunun olması hər iki dövləti birləşdirəcək bir dəhlizlə xarakterizə olunacaq.

Bu arada, xatırlatmaq yerinə düşər, zənnimizcə. Qeyd edək ki, Zəngəzur dəhlizi tərəflərin həmişə maraq və diqqətində olub. Hələ ötən əsrdəki mənbələrə isnad etsək, bu barədə müxtəlif mənbələrdən məlumatlar almaq olar. İş ondadır ki, erməni xislətinə daim sadiq Zori Balayanın “Ocaq” kitabında belə, bu yolun bağlanmasından bəhs edilir və onun bağlanması zərurətindən danışılır... Hələ ötən əsrdə belə, düşmən Ermənistan Mehridən keçən Bakı-Naxçıvan avtomobil yolunun Böyük Turan layihəsinə zəmin olmasından doğan narahatlıqlarını gizlətmirdilər. Zəngəzurdan keçən nəqliyyatın, infrastruktur və kommunikasiya layihələrinin bütün türk dünyasını birləşdirəcəyi narahatlığıdır ki, Ermənistan bu məsələdə uduzmaq istəmir. Onlar bu dəhlizin açılmasıyla, bir əsr öncəki müqavilənin, Mehri və Qafanın timsalında əllərindən çıxmasını sinirə bilmirlər. Belə ki, 1920-ci ilin 1 dekabr tarixində Zəngəzur mahalının böyük bir hissəsi Ermənistana verilib. Və daha sonra, 1929-cu ildə Naxçıvanın 9 kəndi də Ermənistana birləşdirilib. Nəticədə, Zəngilanla Naxçıvan arasındakı torpaqlarımız Ermənistanın tərkibinə keçib. Bununla da Türkiyənin və türk dünyasının Orta Asiyaya çıxışı Naxçıvan ərazisində bağlanılıb. Keçən əsrin sonlarında, dəqiq desək, 88-ci ildə isə Göyçədə, Vedidə, İrəvanda, Dərələyəzdə yaşayan soydaşlarımız əslində, Azərbaycanın olan torpaqlardan didərgin salınıblar.Və azərbaycanlılara məxsus bütün maddi-mədəni abidələr ermənilər tərəfindən məhv edilib...

İndi budur, sözügedən məsələnin gündəmə gəlməsiylə ermənilərin narahatlığı və qorxusu daha da artıb. Onlar Azərbaycanın qərb bölgəsiylə Naxçıvan arasında Zəngəzur dəhlizinin açılmasının region ölkələri arasında iqtisadi və ticarət əlaqələrinə müsbət təsir göstərəcəyindən narahatdırlar. Çünki onlar iqtisadi əlaqələrin inkişaf etməsinin təkcə maddi mənada mənfəət qazanılmasına deyil, eləcə də regionun təhlükəsizliyinə, türk dünyasının bütövlüyünə imkan verəcəyini bilirlər. Beləliklə də, Azərbaycanla Türkiyə arasındakı quru yolun iqtisadi və turizm sahəsində ikitərəfli əlaqələrin davamına müsbət mənada təsir göstərəcəyindən səksəkəyə düşüblər. Ekspertlərə görə də, Türkiyə Qars-Naxçıvan dəmiryolunun Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb bölgələriylə birləşdirilməsi Azərbaycanla Türkiyə arasında ikitərəfli ticarət əlaqələrinin inkişafına səbəb olacaq...

Beləcə, son hadisələrin hansı məcrada inkişaf etməsindən asılı olmayaraq, düşmən tərəf həmişəki, dəyişməz mövqeyindədir. Qeyd etdiyimiz kimi, hadisələrin hansı nəticəni verəcəyinə, necəliyinə, mövcud situasiyadan asılı olmasına baxmayaraq, dəyişməz olan mənfur qonşumuzun düşmən mövqeyində qalmasıdır. Bu mövqe isə onun öz millətinə, “Böyük Ermənistan” adlandırdığına belə, hansısa formada xeyir gətirməyib...

Bu gün Ermənistanda parlament seçkilərinə sayılı günlər qalsa da, seçkiöncəsi durum sadə insanlara təminatlı gələcək vəd etmir. Bunu özləri də bilir və “ağ yalan”larına inanaraq, nakam bir ümidlə xaotik günlərin bitəcəyini düşünürlər. Bu gələcəyin kiminlə olacağına bəslənən inam da yoxdur. Ən azından, on illərlə “böyük” hesab etdikləri və xəyalını qurduqları qurama dövlətləri də, elə o adda olan qayıdışları da heçliyə dönüb. Belə bir xaotik ictimai-siyasi, çökmüş sosial-iqtisadi, “lider”ləri reputasiyadan düşmüş dönəmdə mənfur qonşumuzu kimsə xilas edə bilməyəcək.

Namizədlərin özlərini və öz timsallarında ölkəsini nə qədər “günəşli”, “çiçəklənən” hesab etsələr də...

Hakimiyyətə gələn kimi, ilk növbədə Şuşanı və Hadrutu qaytaracağı sayaq gülünc iddialar səsləndirsələr də, birmənalı şəkildə, boş-boşuna söz versələr də...

...Bizdə və pis qonşumuzda hazırda baş verənlərdən bir qədər bəhs etdik. Qarşılaşdırma və müqayisə istənilən vəziyyətdə, arzuolunan hal olmasa da, hər halda, bəzən yerinə düşür. Hadisələrin sonrakı inkişafı, siyasi, iqtisadi təhlillər, icmallar sözsüz ki, olacaq. Həqiqətlərin meydana çıxması və öz yerini tapması üçün bütün hallarda təhlilə, araşdırmaya, polemikaya ehtiyac duyulur. Ermənistan isə payızdan üzübəri, bu qədər baş verənlərdən sonra, birdəfəlik tarixin arxivinə getməməsi üçün heç olmasa, bircə dəfə başını işlətməli, mövcud durumundan çıxış yoluna özü qərar verməlidir. Qərarsız, qəddar, vandal, faşist, bir sözlə, adı erməni olsa da...

Və hansısa bir xalq, millət deyil, “ağına da, qarasına da lənət” oxunası bir toplum kimi, bölgədə varlığını qorumaq, qısası, yaşamaq istəyirsə...

 Nigar Orucova

0.013943910598755