Nazir etdikləinin fərqində deyil
Azərbaycan xalqının kasıb, Sahil Babayevin dövlətin sosial müdafiəsindən məhrum etdiyi əlil və xəstə hissəsi, o cümlədən işsizlər hazırda ölkənin yüksək rütbəli çinovnikləri tərəfindən ağır duruma düşüb. Hakimiyyət çinovnikləri hədlərini o dərəcədə aşıblar ki, hətta Ermənistanla torpaqlarımızı azad etmiş, vətən müharibəsində düşmənlə vuruşmuş, əzmkarlıq, qəhrəmanlıq göstərmiş və qələbəni təmin etmiş, nəticədə şəhidlik zirvəsinə ucalmış və əlil olmuş kasıb balalarının valideynlərinin və əlillərin müraciətlərinə baxmırlar!
Sanki, xalq ölkədə "məmur özbaşınalığı, rüşvətxorluq və korrupsiya mühiti"ndə bəslənmiş vampirlərlə üzbəüz qalıb! Xalqın səsini, harayını eşidən, nazirin gerçək əlillərin, şikəstlərin təqaüdlərin kütləvi dayandırılması faciəsinə heç bir dövlət qurumu reaksiya vermir!
Ölkə Prezidentinə hörmətlə, ehtiramla yanaşan, onun rəhbərliyinə ümid edən xalqa qarşı hədsiz qəsd və zülm edilməsini ölkənin əlil və şikəst kəsimi başa düşmür!...
Məsəlın, 3 ildir Əmək və Əhalinin Sosial Müdafiəsi naziri postuna gətirilən Sahil Babayev xalqa qarşı amansızlığı ilə öndə gedən məmurların siyahısına başçılıq etməsi ölkə əhalisini hədsiz qəzəbləndirib.
Hazırda həbsdə olan sabiq nazir Səlim Müslümovun cinayətkar fəaliyyətinin nəticələrini aradan qaldırmaq pərdəsi altında saxta əlillik əldə etmiş şəxslərdən daha çox, həqiqi mənada şikəst, xəstə insanların yeganə yaşam, həyat mənbəyi olan təqaüdləri kütləvi şəkildə dayandırmaqla, S. Babayevin təşkil etdiyi saxtakar çetenin xalqın əlil, zəlil, şikəst kəsiminə qarşı ağır cinayət törətdiyini görən normal adam balası yoxdurmu?!
Seçdiyi mübarizə kursunu əhalinin sosial müdafiəsi sahəsində sabiq nazirin törədiyi cinayətləri aşkar etməklə, aradan qaldırmaq adlandırsa da, əslində nazir Sahil Babayev xalqın əlillikdən əziyyət çəkən kəsiminə qarşı genosid siyasəti həyata keçirir!
Baxın, ölkədə olan 600 min əlildən indiyədək 200 mindən çoxunun təqaüdünü kəsilib! Bu, əgər hər bir əlilin ən azı 4 nəfər yaxını olduğunu nəzərə alsaq, ölkədəki 3 milyona yaxın insanın hökumətə qarşı asi düşməsinə, narazılığına və bu qədər də insanın ədalətsizliyə şahid olaraq, hökumətə inamının sarsılması ilə nəticələnir!
Nazirlikdə və onun rayon şöbələrində əlillərin səsini eşidən, şikayətini dinləyib, tədbir görən bir nəfər məmur belə, tapmaq mümkün deyil. Dərdinə çarə tapmayan Xalq artıq ayaqdadır, ikinci Qarabağ müharibəsində düşmən üzərində qazanılmış qələbənin belə, yaratdığı eyforiya və müsbət ovqat qızmar günəş altında tez əriyib suya çevrilmiş qar kimi, ölkədən tamam yox olub gedib!
Müzəffər əsgərlərimizin Vətən Müharibəsində qazandığı böyük qələbənin əhalidə yaratdığı sevinc hissi Sahil Babayev kimi məsuliyyətsiz nazirin əlillərə qarşı həyata keçirdiyi genosid üzündən yerini qarğışa, söyüşə, hiddətə verib! Nazirin ölkədə yaratdığı gərginlik nəticəsində insanlar artıq heç kimə inanmır və insanları yağlı vədlərlə aldatmaq daha mümkün deyil!..
Hazırda müstəqil mediada və bütün cəmiyyətdə yüksək dərəcədə tənqid olunan, Sahil Babayevin rəhbərlik etdiyi nazirliyin cinayətkar, ədalətsiz və rüşvətxor fəaliyyətinə qarşı etiraz edən millətin səsini, harayını, hətta Prezident Sarayında belə, eşidilmir!..
Röyal Əsədli