İllərin intizarı...
Yol varsa, gözləməyinə dəyər...
Dünyada təsadüfi heç nəyin olmadığı artıq inandığım azsaylı məsələlərdən biridir. Bu mənada, hazırda oxuduğunuz yazını tamam başqa bir mövzuya aid hazırlamaq istəyimin qarşısını çoxdan unudulan bir mahnının sözləri kəsir. Çox az hallarda vaxt tapıb tamaşaçısı olduğum televiziya kanallarının birində “Səhər” kinofilmindən mahnı səsləndirilərkən, bu oxuduğunuz yazı araya-ərsəyə gəlir. Yəqin ki, zərurətdən...
Doğrusu, həmin filmlə, onun süjetiylə hazırkı yazının mövzusu heç bir halda uyğun gəlməsə, üst-üstə düşməsə də, dinləyənin və yazanın hissi-ovqatı bir məqamda kəsişir.
O məqamın adı da keçmişdən bugünədək məni Qarabağla, qarabağlılarla birləşdirən şəxslər, tanıdığım ən yaxın və uzaq adamlar, illəri yoran dostuqlarım, ən nəhayət, valideynlərimdir. Bəli, bircə mahnının melodiyaları əslində, yaxın hesab eləsəm də, uzaq keçmişə, valideynlərimin mənim ifamda həmişə dinləmək istədiklərinə, daim eşitmək arzusunda olduqlarına, onları sövq-təbii bağlı olduqları torpağa, orda qoyub-gəldiklərinə sarı aparır. Və bu mahnını hazırda dinləyərkən, nə səsləndirildiyi kinofilmdən, nə də onun sözlərindən danışmaq istəyirəm, dediyim kimi. Heç demə, hazırkı ovqata, məram və məqsədə dəxli olmayan bir məqamla da keçən illərin ən əziz xatirəsini, ən unudulmazını təkrar yaşamaq olarmış...
Daim əlaqədə olduğumuz, demək olar ki, birevli sayıldığımız qohumlarımızın qeyd-şərtsiz, hamısı arana düşəndə mütləq bizə gələrdi. Onlarn bizimlə, bizim də onlarla davamlı, sıx əlaqələrimiz nəticəsində özümüzü qarabağlı hesab edirdik. Yayın istisi başlar-başlamaz, daimi yaşadığımız yer-yurdda qərar tuta bilməz, mütləq dağa, yaxud da, Qarabağ ərazisində yaşayan qohumlarımızın yanına qaçardıq. Bəli, məhz qaçardıq, çünki uzun illərin alışqanlığına uyğun, istiyə heç davam gətirə bilməzdik. Yeknəsək və qaramat hesab etdiyimiz qışı yayın rəngarəng arzusuna görə, birtəhər başa vurardıq. Neçə illər belə davam etdiyindən də, özümü Aranın yerli camaatından deyil, sanki müvəqqəti sakini hesab etmişəm. Qarabağdakı qohumlarımızın əksəriyyəti məcburi köçkünlük dövründə özünü necə hiss edirdisə, bax, eləcə...
Hazırda isə tamam başqa bir hadisələrin, dövr və zamanın iştirakçılarıyıq. Bir neçə ay öncə başa çatan müharibədən sonra, işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması, bərpa və tikintisi məsələləri də aktuallaşıb. Hamı birmənalı şəkildə oraların necə olacağını, hansı formada inşa ediləcəyini gözləyir. Hamı bu arzudaykən, məhz qarabağlıların bunu necə səbirsizliklə gözlədiyini təsəvvür etmək çətin olmaz. Qeyd etdiyim kimi, qeyri-rəsmi qarabağlı olsam da, uşaqlığımın və gəncliyimin ən yaddaqalan xatirələri Qarabağla bağlı olduğuna görə, viran edilmiş şəhərlərin-kəndlərin necə qurulacağı onlar qədər mənim üçün də çox önəmlidir.
O önəmli hadisələrdən biri şairə Natəvanın ev-muzeyinin, tarix-diyarşünaslıq muzeyinin, Vaqifin məqbərəsinin necə olacağıdır. Atamın ovcuna dolduraraq bizə içirdiyi, şir heykəlinin ağzından axan bulaq suyunun dadını təkrar dadmağım, onu indi də var olmuş, yaşamş kimi hiss etməyimdir. O narahatlıqdan biri, Ağdamdakı “Çay evi”nin, dəfələrlə ziyarətçisi olduğumuz musiqi məktəbinin indi necə inşa edilməsidir. Şuşadakı “Turbaza”nın əvvəlki, yoxsa müasir üslubda tikiləcəyi, “Turş su”yun, “İsa bulağı”nın, “Damcı” bulağının o illərdəki kimi olacağı, onları necə görəcəyimin narahatlığıdır...
Bu siyahını uzatmaq da olar, keçmişi bugünü sayaq gözünün qarşısında olanlar üçün bu, artıq uzaq və kədərli bir xatirə deyil. Bütün yaşananların xatirə adlı albomuna bir neçə aydır tezliklə gediləcək, qayıdılacaq bir ünvan da həkk edilib. Sanıram, o alboma daha kədər qarışıq xatirələr yazılmayacaq, onun son səhifələrinə arzuların irəlidə, qarşıda var olacaq, baş verəcək hadisələri möhür vuracaq.
Bu möhürün ilki cəmi 44 gündə vurulub. İşğaldan çox az bir vaxtda azad edilmiş torpaqlarımızın timsalında. Bundan sonrası da davamlı şəkildə baş tutmalıdır. İstər klassikanı saxlamaq və müasir görünüşü tətbiq etməklə, istərsə də yeni, “ağıllı şəhər” və “ağıllı kənd” modeliylə olsun, məqsədlər açıqlanıb. Bu məqsədlər çoxşaxəli olsa da, fikrimcə, orda ən əsası, işğaldan azad edilən torpaqlarımızın öncə viranəlikdən azad olunmasıdır.
Viranəliyi həyat məqsədi seçən ermənilər isə dilbər guşələri olduğu kimi saxlaya biməzdilər; həm özlərininki olmadığından, həm oraları müvəqqəti qəsb etdiklərini anladıqlarından, həm də bayquş xislətlərindən dolayı. Yandırdıqları “körpülər”dən keçməyəcəklərini də başa düşdülər, sonunda.
Sözün bütün mənfi mənalarındakı naxoş sözlərə layiq olsalar da, hiyləgər xislətlərinə uyğun, bu dəfə anladılar onları nəyin gözlədiyini.
Bizlərsə... O mahnıdakı bir misrada olduğu kimi, “insaf et, yoruldum, yol gözləməkdən” məzmununa uyğun, çox gözlədik. Və onilliklərin intizarına mükafat olaraq, qarşıda gediləcək, keçiləcək böyük bir yol da başlanır. Əsas olan da odur - yol varsa, gözləməyinə dəyər...
Nigar Orucova