Ayaqlar altına sərilən "bayraq"!
Yaşamağa və yaşatmağa yeganə təsəlli...
"Bir kərə yüksələn bayraq bir daha enməz" - Məhəmməd Əmin Rəsulzadə...
Endirdilər, Məhəmməd əmi, endirdilər o bayrağı, qaldırdılar şərə bayraq, sındırdılar Sən öndəri olduğun milləti... Amma endirilən o bayraq Sən qaldırdığın, sən nəzərdə tutduğun bayraq deyil, Sən bayraqları Boz Qurd soyundan olan, azadlıqsevər oğuz türklərinin qəlblərindən qaldırmısan, zira, nə qədər ki, köksü altında damarlarına oğuz türkünün qanını vuran ürəklər varsa, Sənin bayrağın da o ürəklərdə dalğalanacaq. Bu Sənin şüarının fəlsəfəsidir, bu fəlsəfə şəklindən, qurluşundan, iqtidarından asılı olmayaraq nə qədər ki, Azərbaycan var, yaşayacaq! Məhəmməd Əmin fəlsəfəsi öləsi olsaydı 70 illik sovet imperiyasının cəbr aparatının altında əzilərək, polad mancanaqların arasında sıxılaraq ölərdi, ölmədi, sağ qaldısa, yenidən zühur etdisə, onu heç bir qüvvə öldürə bilməz, o fəlsəfə Azərbaycanlıların qanına, canına höpub. Onu öldürmək üçün gərəkir ki, sonuncu kişisi qalana qədər bu milləti qıralar - axmağı, sarsağı da yaşasa, damarında axan qan genetik olaraq hayqıran bir kişi yetişdirəcək. Bu səbəbdən də fiziki olaraq üç rəngli bayrağı anqlosaksların ayağının altına, massonların başının üstünə, dünya mafiyası nümayəndələrinin bəzək əşyasına çevirsəniz də bunun oğuz türkü üçün önəmi yoxdur, çünki o bayraq, yuxarıda qeyd etdiyimiz kimi, ürəklərdə dalğalanır.
Söhbət "Formula 1" yarışları münasibəti ilə bəzədilmiş Bakı trekini Azərbaycan Xalq Cumhuriyyətinin varisi olan Azərbaycan Respublikasının müqəddəs rəmizlərindən biri və birincisi olan Dövlət Bayrağının komponentləri ilə (baryaqdakı ardıcıl üç rəngi ilə) bəzədilməsindən gedir. Bu anlaşılmazlıq hər il təkrarlanır və hər il mən bu barədə yazıram, aidiyyatı qrumlara müraciət edirəm, lakin bütün çabalarımın heç bir faydası olmur. Trekin hərəkət hissəsini bəzəyən Dövlət Bayrağının kompanentləri əvvəl anqlosaksların ralii maşınları taptaladı, ardınca isə bizim özümüzə öz bayrağımızı taptalatdırlar. Hər gün "Azneft" dairəsindən işə gəlirəm və mən oturduğum avtobus Azərbaycan bayrağının üstündən keçəndə dəhşətli hisslər yaşayıram, elə bil özüm-özümü təhqir edirəm. Lakin bu hisslərin hamıya, əsasən də dövlət məmurlarına xas olmasını çox təəssüf ki, müşahidə etmirəm. Hər gün onlarla müxtəlif ranqlı məmur öz xidməti maşını ilə sözügedən bayraq rəmizlərini tapdalayaraq keçir və əminik ki, bu onların umurunda da deyil, ağlının ucundan da keçirmir ki, bu bayraqdır, bu bizim dövlətimizin simasıdır. Bu dəhşətdir, görün bizləri hansı məmurlar idarə edir - dövlət yol polisi əməkdaşları öz nəqliyyat vasitəsi ilə hərəkətə nəzarət etmək üçün şəstlə düz qırmızı rəngin üstündə qürurla dayanır. Amma o müfəttiş anlamır ki, ayaqları altında sərilmiş rənglər onun çiynində, qolundakı şevronda və papağındakı atributlarla eynidir - bunu ya ayaqlar altında taptalamaq, ya da uniforma üzərində gəzdirmək olar - ikisindən biri olmalıdır. Amma Azərbaycan unikal ölkədir - 44 günlük müharibədə qəhrəman əsgərlərimiz torpaqlarımızı azad etdikcə, erməni bayraqlarını endirərək ayaqlar altına salır, biz isə Bakını göbəyində Dövlət Bayrağını yolun ortasına həkk edərək tapdalayırıq, bunu necə anlayaq, necə başa düşək?
Çox maraqlıdır ki, illər öncə bu bayrağı qaldırmaq üçün qanından keçən həmin millət çox asanlıqla bu bayrağı tapdalayaraq keçir, fərqinə varmır ki, bu bayraq bizə nələr bahasına başa gəlib. Bəli, artıq manqurtlaşmışıq, keçmişimizi unutdurulub bizə, ona görə də hara gedəcəyimizin də fərqinə varmırıq - sabah nələri tapdalayacağıq, Allah bilir, biz də təxmin edirik.
Dövlət qrumlarından xahiş edirik, "Formula 1" yarışları keçirən ölkələrin birindən örnək gətirşinlər ki, filan ölkədə də dövlət bayrağı trekin hərəkət hissəsiniə çəkilib, belə praktika yoxdur. Sadəcə olaraq, Avropa ölkələrinin treklərində dövlət rəmzləri trektin taptalanmayan, dekorativ sahələrinə həkk edilir. Trektin hərəkət hissəsinə sadəcə olaraq "Formula 1"in atributları həkk olunur. "Formula 1" təşkilatçıları ilə söhbət zamanı bildirdilər ki, bəli, trassa Dövlət Bayrağının rəmzləri həkk edilib və bu normal haldır - biz "Formula 1"in imkanlarından istifadə edərək dövlətimizi bu reklam lövhələri ilə tanıdırıq. Bir sıra ölkələrin adlarını çəkdilər ki, o ölkələrdə də guya trassa dövlət rəmzləri həkk edilib. İnternet üzərindən apardığımız qısa araşdırma zamanı heç bir ölkənin trektində trasın hərəkət hissəsində dövlət rəmzlərini aşkarlaya bilmədik. Lakin elə ölkələr var ki, "Formula-1" üçün ayrıca trekt inşaa edib, həmin trekt yuxarıdan baxanda dövlət gerbini xatırladır, bununla belə gerbin və bayrağın heç bir hissəsi trasa düşmür - trass atributların ətrafı ilə uzanır. Yəni Avropa ölkələrində "Formula 1" maşınları dövlət rəmzlərinin başına dolanır, bizdə isə onu taptalayıb keçir.
Bir örnək vermək istərdim, 2011-ci ildə Türkiyənin baş naziri (indiki prezidenti) Rəcəb Tayyib Ərdoğan Fransanın Kan şəhərində keçirilən "G-20" sammitində ənənəvi xatirə fotoşəkli çəkdirdiyi vaxt ölkəsinin bayrağına növbəti dəfə öz hörmətini nümayiş etdirib. Qeyd edək ki, fotoşəklin çəkdiriləcəyi vaxt ölkə liderlərinin dayanacağı yerlər həmin ölkənin bayraqları ilə göstərilib. Ərdoğan isə Türkiyə bayrağını tapdalamayaraq onu cibinə qoyub.
Xatırladaq ki, Ərdoğan analoji addımı iki il əvvəl də atmışdı. Belə ki, Rəcəb Tayyib Ərdoğan 2009-cu ilin sentyabrında ABŞ-ın Pittsburq şəhərində keçirilən G-20 sammitində ənənəvi xatirə fotoşəkli çəkilərkən ölkə liderlərinin dayanacağı yeri göstərən bayraqların arasından öz ölkəsinin bayrağını götürərək pencəyinin cibinə qoymuşdu.
Buyurun, bu türk dünyasının çağdaş lideri Ərdoğan, bu da biz...
Onu da qeyd edək ki, Azərbaycan hökumətinin dövlət atributlarına etinasız yanaşması yalnız bu faktla yekunlaşmır, addımbaşı təzahür edir. Məsələn, indiki baş nazir Əli Əsədovun rəhbərliyi ilə tikilən, 2010-cu ilin 1 sentyabrında açlışı olan, 162 metr hündürlüklə Ginnesin rekordlar kitabına düşən Azərbaycan Dövlət Bayrağı 2018-ci ildə cəmiyyətə heç bir açıqlama verilmədən söküldü. Artıq üç ildən çoxdur ki, Bakıdakı Bayraq Meydanı bayraqsızdır. Onu da xatırladım ki, Bayraq Meydanının təntənəli açlış mərasimindən iki ay sonra Bakının küləyi qaldırılan bayrağı şadara kimi parçaladı, bayraq bir neçə gün param-parça dalğalandı, sonradan yenisi ilə əvəzlədilər. Bu barədə də cəmiyyətə heç bir məlumat verilmədi ki, bayrağın materialı seçilərkən yerli şərait nəzərə alınmayıb, yoxsa yerli şəraitin nəzərə alındığı material sənədləşdirilib, lakin "kitayski" parçadan hazırlanıb?
İndi çoxlarını bir sual düşündürür - Bayraq Meydanında bayrağın bərpa edilməsi texniki cəhətdən mümkün deyil, yoxsa özümüz (yəni hökumət) belə istəyirik? «Avrovision»dakı bayraq biabrçılığından sonra daha betərinin olacağından qorxurdum, təəssüf ki, qorxduğum başımıza gəldi.
Akif Nəsirli