""Konstra" MTK-nın sahibi, Hesablama Palatasının şöbə müdiri vətəndaşların mənzillərini mənimsəyib?

 

""Konstra" MTK-nın sahibi, hazırda Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiri Bəhram Abbasov mənzilimi mənimsəyib, həmin binada aldığım evi mənə verməkdən imtina edir".  Bunu Arqument.az-a şirkətdən ev alıb aldadılan vətəndaş biri - zərərçəkən Bilal Hacıyev deyib. 

Bakının Nəsimi rayonu Mövsüm Sənani 13/15 ünvanında (Azərbaycan Tibb Universitetinin yaxınlığı) yerləşən "Konstra" MTK 169 vətəndaşı aldatmaqda ittiham olunur. 

Bilal Hacıyev deyib ki, bir neçə ildir məsələ Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılır. 

Binadan ev alan Etibar Əliyev, Bəxtiyar Əmirov, Günay Rəhimova, Araz Bayramzadə, (etibarnamə ilə Cəlilov Bəxtiyar), Kənan Cuvarov, Bilal Hacıyev və digər vətəndaşlar da aldanıldılarını deyirlər. 

Bilal Hacıyev deyir ki, "kotlavan"dan mənzil alıb ödəniş etsə də, şirkət mənzili ona satmaqdan imtina edib: "Əvvəl bizə deyirdilər ki, sizin ödədiyiniz pulu qaytarırıq, "kotlavan"dan ucuz satmışıq, indi baha qiymətə satmaq istəyirik. Onlar mənzilləri bizə satdıqları qiymətdən baha satmaq, ödədiyimiz məbləği qaytamaq istəyirdilər. Hələ o da bəlli deyil ki, həmin pulu bizə qaytaracaqdılar, ya yox... Məsələ ondadır ki, binanı bizim pulumuzla tikiblər, çünki biz pulu "kotlavan"dan ödəmişik. Amma indi ümumiyyətlə, mənə mənzil verməkdən imtina edirlər və bu işin başında da Bəhram Abbasov dayanıb".

Bilal Hacıyevin bidirib ki, şirkət ona şərt qoyur, razılaşmayacağı təqdirdə hədələyir: "İşi aparan müstəntiq Emin Cahangirov da şirkətin tərəfini saxlayır. Mənə deyirlər ki, 3 il öncə aldığın qiymətlə pulunu geri qaytarırır, sən də mənzillərdən imtina et, əks təqdirdə mənzilləri sənə verməyəcəyik. Açıq hədələyirlər məni. Deyirlər ki, pulunu geri qaytarırıq, razılaş. Mən də bu təkliflə razılaşmıram. Halbuki bir müddət öncə bizə demişdilər ki, sakinlərə 62 mənzil veriləcək, həmin siyahıda biz də vardıq: mən və Kənan Cuvarov. İndi məni də, onu da siyahıdan çıxarıblar. Bunu da Bəhram Abbasovla müstəntiq edib, çünki mən danışıqlarından hiss etdim ki, bunlar məni hədələyib susdurmaq istəyirlər".

B. Hacıyev problemlə bağlı Baş prokurur Kamran Əliyevlə görüşəcəyini deyib. O bildirib ki, 3 il öncə aldığı mənzillərin əlindən qanunsuz alınmasına susmayacaq. 

Qeyd edək ki, 2020-ci il iyunun 3-də Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, "Orxan TİT” MMC-nin (hazırda "Şəhər İncisi Yaşayış Kompleksi”) sifarişçisi olduğu Bakı şəhəri Nərimanov rayonu Möhsün Sənani küçəsi 13/15 ünvanında tikilməkdə olan çoxmərtəbəli yaşayış binasındakı 143 mənzil və 345 kvadratmetr qeyri-yaşayış sahəsi, eyni zamanda, 13 qarajın podratçı "Konstra” MTK-nin təsisçiləri tərəfindən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə olunmuş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Rəsmi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
 
Sakinlər deyiblər ki, 2018-ci ildə bu şirkətdən mənzil alıblar, əllərində ödəniş qəbzləri və maliyyə arayışları da var, lakin bir müddət sonra MTK tərəfindən binada tikinti işləri dayandırılıb.
 
Onların sözlərinə görə, "Konstra" MTK-nın qanuni təmsilçisi Bəsrət Abbaslı Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiri Bəhram Abbasovun oğludur.

Arqument.az mövzu ilə bağlı "Konstra" MTK-nın sahibi, Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiri Bəhram Abbasovdan münasibət öyrənə bilməyib. 

1623192844_10

1623192829_8

1623192843_9

1623192898_7

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Mənbə Arqument.az 

0.016556024551392