Deputat Eldəniz Səlimovun atası 65 min manat cərimələnib?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti deputat Eldəniz Səlimovun atası Adil Səlimovun Xaçmazın Fərzəlioba kəndində ağacları qırdırması ilə bağlı iddialara cavab verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert saat”da xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, nazirlik Xaçmazın Fərzəlioba kəndində ağacların qırılması ilə bağlı cərimələrə başlayıb: “İlk olaraq 7000 manat cərimə, mayın 31-də 25000 manat, iyunun 2-də 33040 manat cərimə tətbiq edilib. İki gecə bizim əməkdaşlar həmin ərazinin mühafizəsini həyata keçirib. Bu gün həmin işin dayandırılmasına qismən nail olmuşuq. Bütün sənədlər Xaçmaz rayon Prokurorluğuna təqdim edilib”.
Qeyd edək ki, mediada yayılan məlumatlara görə, 55 saylı Xaçmaz seçki dairəsindən Milli Məclisə deputat seçılmiş Eldəniz Səlimovun rayonun İdrisoba kəndindəki 26 hektar meşə sahəsini məhv edib. Bu barədə məlumatı araşdırmaçı-jurnalist Cəmil Məmmədli özünün “YouTube” kanalında yayımlayıb.
Meşə sahəsinin məhv edilməsindən qəzəblənən İdrisoba kənd sakinləri həmin ərazinin Köhnə Xudat bələdiyyəsində məsul vəzifə tutan Faiq Savcıyev tərəfindən külli miqdarda pul qarşılığında deputat Eldəniz Səlimova satıldığını bildiriblər.
Onlar qeyd ediblər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri bir ağacın kəsilməsinə görə sakinləri 1000-2000 manat məbləğində cərimələsələr də, 26 hektar meşə sahəsini “şumlatmış” deputat barəsində heç bir ölçü götürmürlər.
Sakinlərin sözlərinə görə, 2004-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həmin meşə zolağında çox sayda qiymətli ağac əkilmişdi. Lakin meşə sahəsi məhv edilərkən, o qiymətli ağaclar, xüsusilə də 250 qoz ağacı kəsilib.
O da məlum olub ki, Faiq Savcıyev həmin ərazinin yaxınlığında yerləşən 6 hektarlıq meşə sahəsini də eyni qaydada məhv edərək, oradakı 1000-ə yaxın akasiya ağacını satıb.
Narazı sakinlər əlavə ediblər ki, 2011-ci ildə prezidentin Fərmanı əsasında o ərazilərdə torpaq satışı qadağan edildiyi üçün Faiq Savcıyev qanunsuz satdığı torpaq sahələrini saxta sənədlərlə köhnə tarixə rəsmiləşdirib. Sözügedən meşə sahəsinin satışı da 2006-ci il tarixi üzrə sənədləşdirilib.