Həkim ər-arvada qarşı ağır ittiham – Ölən xəstənin ailəsi şikayətçidir

Həkim ər-arvada qarşı ağır ittiham – Ölən xəstənin ailəsi şikayətçidir
 

"Bacım Arzu Süleymanova həkim səhvinin qurbanı olub. Mayın 11-də burun əməliyyatına girən Arzu cərrah ər-arvad olan Qumru və Elşən Hüseynzadələrin səhlənkarlığı ucbatından ölüb".

Paralel.az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya mərhumun bacısı Könül Kazımova müraciət edib. Onun sözlərinə görə, 37 yaşlı bacısının iki - 13 və 8 yaşlı övladı qalıb. A. Süleymanova burnunda çəpər əyriliyinə görə, 6-7 ay əvvəl Bakıda yerləşən "Azər-Türk-Med" klinikasında plastik cərrah Qumru Hüseynzadə tərəfindən əməliyyat olunub. Lakin əməliyyat uğursuz alındığından, pasiyent eyni həkim tərəfindən təkrar əməliyyata alınıb:

“Bacım saat 1-də əməliyyata girib və əməliyyat 5-ə qədər çəkib. Dedilər ki, axşam saat 10-a qədər bizimlə əlaqə saxlamayın. Saat 10 olanda narahat olduq, klinikaya zəng etdik, dedilər hər şey yaxşıdır. Lakin həkimlə danışa bilmədik. Məcbur olub gecə saat 1-ə işləmiş özüm klinikaya getdim, çətinliklə içəri daxil olub anestezioloqu tapdım. Lakin bacım hələ narkozdan ayılmamışdı. Otaqda iki tibb bacısı qorxa-qorxa bacımın başının üstündə dayanıb onu tərpədirlər, lakin ayılmırdı. Həkim ayılmamasını zəif olması ilə əlaqələndirdi. Bacımın hansı sinirinə toxunmuşdularsa, nitqi yox idi. Ağzını aça bilmirdi, eşidirdi, amma heç nə qavramırdı”.


Fotoda: Arzu Süleymanova 

Şikayətçi deyir ki, növbəti gün həkimin Respublika Neyrocərrahiyyə Xəstəxanasında işləyən cərrah həyat yoldaşı Elşən Hüseynzadə də klinikaya gəlib və A. Süleymanovanı aparıb başqa özəl klinikada MRT ediblər. Məlum olub ki, xəstənin beyninə qan sızıb:

“Sonra bacımı təcili yardımla Neyrocərrahiyə Xəstəxanasına yerləşdiriblər. Bizə dedilər ki, ona 3 gün vaxt qoyulub, qansızma artsa vəziyyəti çətin olacaq. 3 gündən sonra isə həkim zəng etdi ki, gəlməyin, mən burada deyiləm, xəstənizə nəsə olsa, gələrəm. Heç demə, həmin vaxt xəstə ölübmüş. Bizə dedilər ki, bacımın başına sızan qan iki dəfə artdığına görə təcili əməliyyat olunmalıdır. Əməliyyatdan sonra düzələcəyinə isə 1 faiz şans verirdilər. Razılaşdıq, 5 saata yaxın başında əməliyyat elədilər, 3 gün aparatda saxladılar. Bizə də göstərirlər ki, baxın sağdır. Sən demə, aparatla işləyirmiş, biz hər gün onun ölü vəziyyətinə gedib baxmışıq...”

KT müayinəsində xəstənin beynində qeydə alınan qansızma:

Şikayətçi bildirir ki, həkim ölüm səbəbini xəstənin başında olan problemlə əlaqələndirib: “Həkimi deyir ki, bizim heç bir səhvimiz olmayıb, başında problem - AVM (Arteriovenoz malformasiya, beyin damarlarının doğuşdan anormal inkişafı nəticəsində ortaya çıxan damar yumağı – red.) olub. Əgər başında problem vardısa, onu niyə əməliyyata salıblar? Burun əməliyyatına girən adamı elə elədilər ki, başına qan sızdı. Biz hazırda rəsmi olaraq ekspertizanın cavabını gözləyirik. Elşən həkim mənə deyir ki, 20 min manat rüşvət verib işin içərisindən çıxacaq. Respublika Neyrocərrahiyə Xəstəxanasının baş həkimi Fərid Təqdirov mənə dedi ki, həkimin ki, əlində xəstə ölməsə, o həkim deyil. Amma mən bu işi belə qoymayacağam, onu ekspertizaya verəcəyəm, lazım olsa, məzardan çıxarıb yenə ekspertiza edəcəyəm. Biz hesab edirik ki, bacıma narkoz da çox verilib və həkim səhvi olub”. 


Fotoda: Həkimlər Qumru və Elşən Hüseynzadələr

"Azər-Türk-Med" klinikasından məsələ ilə bağlı “Qafqazinfo”ya bildirilib ki, A. Süleymanovanın ölümünə beynində yaranan AVM səbəb olub: “A. Süleymanova bizim klinikada vəfat etməyib. O, bizim klinikada əməliyyat olunandan sonra normal vəziyyətdə olub. Beynində anadangəlmə arteriovenoz malformasiya (AVM) var idi. Bu, elə bir şeydir ki, hər an partlaya bilər. Ona görə də, biz onu Neyrocərrahiyyə Xəstəxanasına yönləndirdik. İki gün qalandan sonra həmin xəstəxanada əməliyyat olundu. Bizdə bütün əməliyyatın çəkilişi var və onu prokurorluğa təqdim etmişik. Bu işlə bağlı araşdırmaya başlanılıb. Kimin günahkar olub-olmamasını prokuroluq araşdıracaq və ekspertizanın cavabından sonra bilinəcək. Ortalıqda xəstənin qohumları ilə bağlı başqa məsələlər də var. Bir neçə dəfə gəlib bizi şantaj ediblər”.

Klinikanın cavabında həmçinin mərhumun burun əməliyyatından sonra ayılmaması ilə bağlı ailəsinin iddiaları da əsassız adlandırılıb: “Bizi ittiham edirlər ki, guya biz onu ölmüş vəziyyətdə Neyrocərrahiyyəyə aparmışıq. Onlar guya ölünün üzərində əməliyyat icra ediblər. Bu, gülünc bir şeydir. 200-300 adam işləyir xəstəxanada, ölünü 3-4 gün saxlayıb əməliyyat edə bilərlər? Onun təzyiqi, həyat əlamətləri normada olub, ürək döyüntüsü, saturasiyası normal olub. Xəstənin ayılmaması ilə bağlı deyilənlər yalanır. Bizdə videogörüntülər var, o yaxınları ilə videozənglə danışıb. Ayılmışdı, amma vəziyyəti yaxşı deyildi. Sağ tərəfi bir az pis hərəkət edirdi. Əgər burnunda əməliyyatda problemi olsaydı, onda qanaxma olardı”. 

Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Fərid Təqdirov da bildirib ki, A. Süleymanova mayın 11-də "Azər-Türk-Med" hospitalında rinoplastika əməliyyatı olunub: “Əməliyyatdan sonra xəstənin sağ ətraflarında zəiflik və nitqin pozulması əmələ gəlib. Baş beyin KT müayinəsində sol beyin yarımkürəsində dərin lokazasiyalı kiçik qansızma aşkarlanıb. Beyin angioqrafiyasında beyin damarlarının çoxsaylı inkişaf anomaliyaları aşkarlanıb. Bu səbəblə xəstə Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb.


Fotoda: Fərid Təqdirov

Vəziyyəti sabit olub (instruksiyaları yerinə yetirib, ağızdan qidalanıb). Mayın 13-də vəziyyəti qəflətən kəskin pisləşib, huşu koma tipli pozulub. Kontrol kompüter tomoqrafiyada beyində təkrar qanama olması aşkarlanıb. Xəstənin təcili əməliyyat olunması qohumlarına bildirilib, lakin onlar tərəfindən əməliyyata razılıq verilmədiyindən, əməliyyat təqribən 1 saat ləngiyib. Xəstə qohumları uzun məşvərətdən sonra razılıq versələr də, xəstəxana personalının işinə ciddi mane olublar, əməliyyatxanaya daxil olub xəstəni əməliyyat masasından götürməyə cəhd ediblər”. 

F. Təqdirov bildirib ki, əməliyyat zamanı qanamanın səbəbinin arteriovenoz malformasiya (anadangəlmə damar qüsuru) olması aşkarlanıb. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağır olub: “Kontrol KT müayinədə əməliyyat sahəsi təmiz olsa da, xəstənin vəziyyəti ağır olaraq qalıb. Mayın 15-də xəstədə bioloji ölüm qeydə alınıb. Ölümün səbəbi arteriovenoz malformasiyanın partlaması və buna bağlı beyindaxili qansızmadır. Arteriovenoz malformasiya qanaması həyat üçün təhlükəli haldır, anadangəlmə damar qüsurudur, rinoplasitika əməliyyatının fəsadı deyil”.

0.027359008789062