Azərbaycanda QHT sədrinin transmilli cinayətləri-narkomafiyaya xidmət edən Almaz Zeynalova kimdir?..
Bir neçə il bundan əvvələ qədər şəhid ailələrinə verilməli olan “qan pulu” məbləği müzakirə olunanda bəzi “təəssübkeşlər” bu məsələ ilə ehtikarlıq edərək, həm özlərinə siyasi devident qazandılar, həm də maddi gəlir əldə etdilər.
Məsələ birdəfəlik həll olunandan, yəni, həlak olmuş, itkin düşmüş, xəsarət almış hərbi qulluqçulara dövlət tərəfindən sığorta məbləğinin ödənlməsi qaydası və şərtləri Azərbaycan Respublikasının Milli Məclisində müəyyənləşdiriləndən və problemlə əlaqəli 2018-ci ilin aprelində imzalanmış Prezident fərmanı ilə bütün məsələlərə birmənalı aydınlıq gətiriləndən sonra bu müstəvidə təmənnalı vasitəçiliklə məşğul olan qrantyeyənlərin də qaraqışqırıq meydanları azaldı. Lakin buqələmun kimi mühitə uyğun rənglərini dəyişə bilən bu işbazlar zəhmətsiz gəlir əldə etmək üçün yeni metodlar tapmağı da bacarırlar.
Şəhid ailəsi statusunun çətiri altında gizlənərək iblisanə işlər çevirən, haram kapital toplamaq naminə ailələr dağıdıb, evlər yıxmaqdan belə çəkinməyən işbazlardan biri də “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri Almaz Zeynalovadır. “Çox ciddi ittihamdır” deyəcəksiniz – razılaşıram. “Qadın olduğuna görə bunca sərt davranmamaq da olardı” deyəcəksiniz – yenə də razılaşıram. Amma nəzərə alanda ki, Almaz Zeynalovanın qurbanlarının əksəriyyəti məhz həmcinsləri – qadınlar və hətta qızlardır, o halda yəqin siz də mənimlə razılaşacaqsınız. Əgər Almaz Zeynalova kişiləri aldadıb pullarını mənimsəməklə kifayətlənibsə, qadınlara qarşı amansız olub. Onları – kiminsə anasını, bacısını, qızını öz çirkin məqsədləri üçün istifadə edəndən sonra şərləyib zindana saldırıb.
Xatırladım ki, Almaz Zeynalovanın haqqında hələ 2018-ci ilin avqust-sentyabr aylarında RealMedia.az saytında ““Qan pulu” möhtəkirləri” və “Şəhid ailələrinin təmənnalı təəssübkeşi” sərlövhəli tənqidi məqalələr getmişdi. Onun şəhid ailələrinə hüquqi yardım xidməti adı ilə, həmin xidmətin haqqı olaraq onlara dövlətdən “qan pulu” almalarına köməklik edəcəyi vədi ilə pul qoparmasından, barəsində huquq – mühafizə orqanlarına yetərincə şikayətlər edilməsindən, işinin məhkəmə müstəvisinədək gedib çıxmasından, sədrlik etdiyi ictimai birliyin mənfi reputasiyası ilə əlaqəli qeyri-hökumət təşkilatı kimi qrant layihələrindən kənarda qalmasından, qrant ala bilmədiyinə görə incik düşərək həmkar kimi hörmət saxlamalı olduğu digər QHT rəhbərləri barədə KİV-ə kompromat xarakterli məlumatlar ötürməsindən, haram qazancı ilə böyüyən övladlarından böyük oğlu Elvinin adının dəfələrlə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin “qara dəftəri”nə, yolunun isə təcridxanaya, həbsxanaya düşməsindən yazmışdıq.
Bu yaxında öz feyzbuk profilimdə Almaz Zeynalovanın daha ağır cinayət əməllərinin olduğu barədə ilkin informasiya paylaşmağımdan sonra onun ağlına gəlib ki, 2018-ci ildə saytımızda gedən yazıları indi Mətbuat Şurasına şikayət etsin. Məqsədi qeyd etdiyim kimi, daha ağır cinayət əməlləri barədə paylaşacağım dolğun məlumatların yayılmasının qarşısını almaq, məni susdurmaq olub. Hətta eşitdiyimə görə hüquq mühafizə orqanlarına qədər sürünür ki, qabaqlayıcı tədbir alsın.
MŞ –dan aldığım dəvəti qəbul edib mayın 27-sində Almaz Zeynalovanın şikayəti əsasında keçirilən iclasa getdim. İçlas zalına daxil oldum. Almaz Zeynalovanın domuşub oturduğunu gördüm. Yanında özüylə hüquqşünas kimi təqdim etdiyi bir yandaş da gətirmişdi. Həmişəki kimi içlası Müşfiq Ələsgərli açdı. Sona qədər dinlədim. Sonra qarşı tərəf çıxış elədi. Onları da dinlədim. Sonda mən başladım çıxışa.
Öncəliklə 2018-ci ildə dərc edilmiş bir yazının indi Mətbuat Şurasında “dəyirmi masa”ya çıxarılıb müzakirə edilməsinə iradımı ifadə etdim və MŞ-nın bu addımının doğru olmadığını diqqətə çatdırdım. “KİV haqqında” qanunun 44-cü maddəsini xatırlatdım ki, tənqid olunan tərəf 1 ay müddətində yazıyla bağlı təkzib, düzəliş olunması üçün redaksiyaya, hətta məhkəməyə müraciət edə bilər, daha iki il sonra yox. Müşfiq Ələsgərli isə bildirdi ki, onlayn internet media sistemində müddət məsələsi tətbiqi aradan qaldırılıb (?) Mən də etiraz eləmədim. Öz növbəmdə Almazın nə işlərlə məşğul olduğunu, İranlı Bayram adlı, “Hacı” ləğəbli narkotacirlə işbirliyindən və bu işbirliyi hesabına nə qədər qadınlarımızı yoldan çıxararaq əxlaqsızlığa sürükləməsindən, narkotik alverçisinə çevirməsindən, sonra da həbs etdirməsindən danışdım, onun qadın maskası altında şeytanı işlərlə məşğul olmasından hər kəsi məlumatlandırdım.
Eyni zamanda Almaz Zeynalovanın Azərbaycan Jurnalistlər Birliyinin də üzvü olmasına da təəccübümü bildirdim. Almaz Zeynalovanın nə mətbuatda, nə ədəbiyyatda, nə publisistikada yaddaqalan qələm məhsulunun olmadığını dedim.
Nə isə. Sonda Şura ilə belə bir qərara gəldik ki, gec də olsa Almaz Zeynalovaya bir şans tanıyaq, o, qarşı tərəf kimi sayta öz mövqeyini bildirsin. Vəssalam, bununla da MŞ-nın iclası yekunlaşdı.
Heç kimin ağlına gəlməzdi ki, şəhid ailəsi statusunun kölgəsinə sığınan bu “mələksima” qadın belə işlərlə məşğuldu. Bir ara Azərbaycan vətəndaşları ucuz və keyfiyyətli səhiyyə xidməti üçün İran İslam Respublikasına axışırdı. Almaz Zeynalova bu işdə də naşı qadınlara bələdiçilik edirdi. Onun felinə düşən adamdan ötrü Arazın o tayındakı ortağı narkotacir hacı Bayrama zəng edirdi. Tapşırırırdı ki, bəs burdan adam gəlir, onu qarşılayın.
Hacı Bayramn da qonağı müşayiət eləməyi Həvva adlı bir qadına həvalə edirmiş. Həvva da öz növbəsində hacıdan aldığı instruktaj üzrə qonağa ilk günlər xoş üz göstərir, “lazımi” həkimin qəbuluna salırmış. “Lazımi həkim” pasientə tövsiyə edirmiş ki, məsələn, beş kurs müalicə almalıdır. Eyni zamanda ona asılılıq yaradan narkotik həb verib təlqinə məruz qoyurmuş. Pasient bir – iki dəfə gedib-gələndən sonra artıq onun təsir altına düşdüyünə əmin olub “kiçik xahiş” adı ilə xüsusi tapşırıq verirlər.
Heç zad – bir neçə qutu həbi Arazın şimal tayına keçəndən sonra filankəsə vermək, vəssalam. Hələ üstəlik şirnikləndirici təklif də edirlər: Xidmət haqqı olaraq hər baş tutan əməliyyata görə müəyyən məbləğdə pul. Pasient də heç olmasa yol pulunu, müalicə xərclərinin bir qismini qarşılmaq üçün bu təklifə razılaşır. Amma heç ağlına da gəlmir ki, müalicəsinin resept üzrə təyin olunmuş məhz axırıncı kursundan evə qayıdanda sərhəddə gömrük keçidində ilişəcək. Yəni, adi kuryer kimi istifadə olunanların heç birinə bu missiyanı salamat başa vurmaq müyəssər olmayıb.
Onlarla sanki qanunun hörümçəyinə qurban verilməli olan kiçik həşəratlarla davranırmışlar kimi rəftar edirlər. Biçarə əsla başa düşmür ki, niyə bu dəfə yoxlama əvvəlkilərdən daha sərt oldu. Niyə üst-başında axtarılmayan yer qalmadı? Niyə hər dəfə baxış keçiriləndə adi dərman kimi qiymətləndirilən preparatlar bu dəfə narkotik vasitə kimi qeydə alındı? Bu sualları artıq o özü-özünə təcridxanada verməli olur. “İçəridə” həm də xəbər tutur ki, onun kimi tora düşmüş, eyni aqibəti yaşamış xeyli sayda qadın var, onlar da Almaz Zeynalovanın balalarına qarğış edirlər.
Almazın böyük oğlu Elvin yetkin övlad atası ola-ola həyat yoldaşından ayrılıb. Almaz öz yanında işləyən Fidan adlı qızı aldadıb “anadangəlmə” subay kimi qələmə verdiyi oğluna alıb. Təxminən üç-dörd ay sonra bu yalanın üstü açılıb. Ancaq o vaxt ərzində təzə gəlin təkcə mənəvi deyil, həm də maddi itkiyə məruz qalır – çoxbilmiş qaynanası onun evini ələ keçirib satmağa, pulunu yeməyə müvəffəq olur, özünü də qovur.
Bax beləcə, neçə – neçə anaları gözü yaşlı qoyan, fidan balaları qönçə ikən solduran, ailələr dağıdıb evlər yıxan Almaz Zeynalovanın şəhid ailəsi statusunun da legitimliyi Müdafiə Nazirliyi tərəfindən ciddi araşdırılmalıdır. Çünki söz gəzir ki, onun 1992-ci ildə şəhid olmuş kimi təqdim etdiyi əri əslində avtomobil qəzasında dünyasını dəyişib. Bütün hallarda Allah rəhmət eləsin. Sağ olsaydı, əlbət, Almaz da bunca yamanlıqlar etməzdi. Yeri cənnətdisə, Almazı gözləməsin. Almaz kimilər cəhənnəmlikdirlər.
Mövzuya qayıdacağıq.
Ramin Məhəmmədoğlu,
“RealMedia.az” saytının baş redaktoru