Hacıbala Abutalıbovun qanunsuz əməlləri və biznes şəbəkəsi

Hacıbala Abutalıbovun qanunsuz əməlləri və biznes şəbəkəsi
 

2021-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyev vəzifə səlahiyyətlərini aşmaqda və qanunsuz əməllərinə görə həbs olundu. Onun Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə icazə verilməsi ilə bağlı qanunsuz sərəncamda hallanırdı. 

2010-2018-ci illər ərzində bu vəzifəni icra edən Rasim Quliyev, keçmiş icra başçısı Hacıbala Abutalıbovun yaxın kadrlarından biri hesab edilirdi. Rasim Quliyev Hacıbala Abutalıbovun qanunsuz sərəncam imzalamasına səbəb olduğu qeyd olunsa da, məsələ təkcə Rasim Quliyevlə yekunlaşmırdı. Sözü gedən sərəncam BŞİH rəhbərliyi tərəfindən imzalanan ilk belə qanunsuz sərəncam deyil.

Bakı merinin qanunsuz sərəncamları

Bir müddət əvvəl BŞİH başçısı Hacıbala Abutalıbovun adı paytaxtın Üzeyir Hacıbəyov küçəsində yerləşən “Mominio” restoranının sökülməsi ilə gündəmə gəlib. Həmin restoran Hacıbala Abutalıbovun əmri ilə heç bir məhkəmə hökmü olmadan sökülüb. Restoranın sökülməsinin əsl səbəbi isə Hacıbala Abutalıbovun Adnan Əhmədzadə ilə şəxsi müstəvidəki anlaşmazlıqları göstərilir.

Oxşar qaydada məhkəmə qərarı olmadan, sırf Hacıbala Abutalıbovun tapşırığı ilə sökülən bir digər obyekt isə Axundov kitabxanasının yaxınlığında yerləşən “26 lounge” restoranı olub. Əvvəllər “Skeç” adlanan restoran “Hollyvud” restoranlarının sahibinə məxsus olub. Hacıbala Abutalıbov isə restoranın adının 26 Bakı komissarını xatırlatdığını iddia edərək dağıdılması barədə sərəncam verib.

2018-ci ilə qədər paytaxtdakı bütün parkomatların gəlirlərini məhz Hacıbala Abutalıbov nəzarət edib. O, vəzifədə olduğu dövrdə Bakı şəhərinin işıqlandırma sistemlərinin yenilənməsi ilə bağlı tenderlərdə oğlanlarına məxsus şirkətlərin qalib olmasına şərait yaradıb.

Diqqətli oxucuların xatirində olar ki, tez-tez Bakı şəhərində küçə işıqları dəyişdirilməsi həyata keçirilirdi. Az qala hər il həyata keçirilən bu yenilənmə işləri məhz Hacıbala Abutalıbovun oğlanlarının şirkətləri vasitəsilə həyata keçirilib və nəticədə milyonlarla vəsaitin mənimsənilməsi təmin olunub. 

Hacıbala Abutalıbovun “gül” biznesi

Hacıbala Abutalıbov vəzifədə olduğu dövrdə “Gül bayramı”-na hazırlıq adı altında miyardlarla vəsaitin mənimsənilməsini də həyata keçirib. Belə ki, keçmiş icra başçısı hər il şəxsi təşəbbüsü ilə həyata keçirilən “Gül bayramı” üçün xaricdən müxtəlif sort güllərin təmin olunması məqsədilə xüsusi gülçülük biznesi yaradıb. 

Bayramla əlaqədar 2008-ci ilədək güllər xaricdən alınıb, daha sonra isə paytaxt meri özü Bakıda gül istixanaları inşa etdirib, xarici gül sortları yetişdirib. Güllərin ştilləri və toxumları isə əsasən Türkiyə və Hollandiyadan gətirilərək yetişdirilibvə dövlətə baha qiymətə satılıb.

Bakı merinin “vəhabi” oğlu 

Hacıbala Abutalıbov vəzifədə olduğu dövrdə qanunsuz yollarla əldə etdiyi vəsait oğlanları İsrafil və Orxan Abutalıbovların nəzarətində xaricdə biznes şəbəkələrinin formalaşdırılmasına xərclənib. 

Hacıbala Abutalıbovun böyük oğlu İsrafil ixtisasca hüquqşünasdır. O, 2008-ci ilə qədər Konstitusiya Məhkəməsi sədrinin köməkçisi vəzifəsini tutub. Adı mətbuatda qalmaqallı olayların baş qəhrəmanı kimi keçəndən sonra vəzifəsindən uzaqlaşdırılmışdı.

Öz adını dəyişərək “Əbu Bəkr” edən İsrafil Abutalıbov 2018-ci ildə İstanbulda 20 milyon dollara hotel alması ilə gündəmə gəlmişdi. Merin oğlu 2008-ci ildə ölkəni tərk edənə qədər Milli Parkın qeyri-rəsmi rəhbəri olub. Həmin il o parkın bərpası üçün ayrılan külli miqdarda pulu mənimsəyərək İngiltərəyə gedib. 

Rabitə naziri Əli Abbasovun keçmiş kürəkəni olan İsrafil Abutalıb Londonda “Sidmouth İnvestment Limited”, “Kenwood AM Ltd” və “Rock Gate Mews Limited” şirkətlərinin sahibidir. Azərbaycan əsilli Anar Paşa adlı şəxsin rəhbərlik etdiyi hər üç şirkət Böyük Britaniyada daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur. İsrafil Abutalıbova məxsus şirkətlərinin toplam aktivləri maliyyə hesabatlarına görə 9 milyon 671 min funt və ya 21,3 milyon manat təşkil edir.

Abutalıbovların biznes şəbəkəsi

Hacıbala Abutalıbovun əsas biznesi xarici ölkələrdə xüsusilə də Türkiyədədir və oğlanları tərəfindən idarə olunur. Abutalıbovların Türkiyədə əmlak bazarına girişi 2013-cü ildən başlayıb. Qardaşlar burada çoxlu sayda şirkətə sahibdirlər. Şirkətlərin və mülklərin əsas hissəsi İstanbul şəhərində yerləşir.

Abutalıbov qardaşlarının rəhbərlik etdiyi “12 Group” MMC (2006-cı il) Bakıda müxtəlif sahələrdə fəaliyyət göstərən bir neçə şirkəti birləşdirir. Belə ki, “Renessans Reklam və İstehsalat Ko.” MMC (2006-cı il) və “İdeaArt” şirkətləri Bakıda açıq məkanda reklam yerləşdirilməsi ilə, “12 Travel” MMC (2004-cü il) səyahət xidmətləri, “12 Laundry” MMC (2013-cü il)  camaşırxana fəaliyyəti, “12 Rent a Car”(2005-ci il) minik nəqliyyat vasitələrinin icarəsi, “12 Consulting Hüquq Şirkəti” (2013-cü il) isə hüquq xidmətləri sahələrində çalışır. “City taxi” (*8844) xidmətini də Abutalıbovlar tərəfindən yaradılıb, lakin bu istiqamətdəki fəaliyyət o qədər də uğulu olmayıb. Bu şirkətlərin rəhbələriyinə Abutalıbovların yaxın əlaqədə olduqları dindar “qardaşlar”ı gətirilib.

Bundan başqa, Abutalıbovlar İçərişəhərdə Asəf Zeynallı küçəsində yerləşən “Art Group”, “Han Lounge” və “Han Garden” restoranlarına, əntiq əşyaların və suvenirlərin satıldığı “ArtSalon” mağazasına sahibdirlər. 

Hacıbala Abutalıbovu böyük qardaşı Osman 1997-ci ildə yaradılan “Enerjiquraşdırma” şirkətinin direktorudur. Şirkətin Bakı şəhəri İcra Hakimiyyətinin sifarişi ilə elekrtik dirəklərinin quraşdırılması ilə məşğul olduğu bildirilir. 

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

0.088305950164795