İş və viza düzəlmək adı ilə 70 nəfəri aldadan dələduz
Orxan İbrahimov vətəndaşlardan külli miqdarda pul toplayaraq, xaricə qaçıb
“Caspian Plaza”da yerləşən “Go Europa” adlı firmanın sahibi, 1987-ci il təvəllüdlü Orxan İbrahimov Rəfael oğlu 70-ə yaxın şəxsdən xarici ölkədə iş və viza düzəltmək adıyla külli miqdarda pul alaraq xarici ölkəyə qaçıb.
Redaksiyamıza müraciət edən zərərçəkmişlər Orxan İbrahimovun aprelin 14-dən ölkəni tərk etdiyini bildirirlər. Zərərçəkmişlərin içərisində əcnəbi vətəndaşların da olduğu deyilir.
Belə ki, Orxan İbrahimov xarici vətəndaşlardan aldığı pullarla yanaşı, sənədlərini də götürərək, Litvaya gedib. Bu baxımdan, əcnəbi vətəndaşlar ölkərinə də qayıda bilmir.
Orxan İbrahimov tərəfindən aldadılan zərərçəkmişlərdən biri də Səbuhi Quliyevdir. O, Orxan İbrahimovun ayrı-ayrı şəxslərdən 500-850 AZN arası ödəniş aldığını deyir.
Hazırda Yasamal rayon prokurorluğunda araşdırma aparıldığını bildirən Səbuhi Quliyev deyir ki, cinayət işinin açılmaması zərərçəkmişləri narahat edib: “İbrahimov Orxan Rəfael oğlu
70-ə yaxın şəxsdən külli miqdarda pul alaraq xarici ölkəyə getmişdir. Bunu 27-ci polis bölməsindən mənə dedilər. İş Yasamal rayon Prokurorluğundadır. Hazırda işlə bağlı araşdırma aparılır. Zərərçəkmiş olaraq cinayət işinin açılmaması bizi narahat edir. Bu qədər şikayət ərizələri və rəsmi sənədlər ola-ola, cinayətkar cəzalanmır. İş müstəntiq Elnur Əsədova verilib. Elnur Əsədova isə işi Yasamal rayon Prokurorluğuna verib. Artıq Yasamal rayon Prokurorluğunda araşdırma aparılır. Bu şəxs Litvanın vizasını alıb. Amma özünün dediyinə görə, Almaniyadadır. Aldığımız məlumata görə, bu şəxs Litvanın özündə qalıb. Çünki Almaniyada Litvanın vizasıyla işləmək mümkün deyil. Hətta əməkdaşlıq etdiyi Ukrayna və Belarusiyada yerləşən işədüzəltmə şirkətləriylə də əlaqə saxladıq. Həmin şirkətlər pulu ondan götürüb və qaytarmayıblar. Çünki özünün də həmin şirkətlərə borcu olub. Bu adamın min sifəti var. Gah deyir xarici şirkətlər ondan külli miqdarda pul alaraq dələduzluq edib, gah da deyir ki, xaricdə işə düzəlib və işləyərək pulumuzu qaytaracaq. Hərəyə bir söz deyir və zərərçəkmişləri çaşdırmağa çalışır. Nəticədə izini itirməyə çalışır. Valideynləriylə də əlaqə saxladıq. Onların da məsələdən xəbəri var. Orxan İbrahimov rəsmi müqavilə üzrə olan öhdəliklərə əməl etməyib. Müqaviləyə görə biz sifarişçi, o isə icraçı gedir. İcraçı olaraq öhdəlikləri yerinə yetirməmişdir. Əlimizdə ona ödədiyimiz pulların qəbzləri də var. Hazırda isə bizə dəymiş zərəri ödəməyərək xarici ölkəyə qaçıb. Zərərçəkmişlər şikayət ərizələrini yazıb, aidiyyatı orqanlara verib”.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinə rəisi Elşad Hacıyev şikayətlər üzrə araşdırma aparıldığını bildirib: “Məsələ araşdırılıb, müvafiq qərar qəbul edilərək, aidiyyatı üzrə yönəldiləcək. Hazırda daxil olan şikayətlər üzrə araşdırma aparılır. Araşdırmanın nəticəsindən aslı olaraq əmələ hüquqi qiymət veriləcək”.
Məsələylə bağlı Baş Prokurorluğun rəsmi münasibətini öyrənməyə çalışsaq da, mümkün olmadı.
Mahir
Redaksiyadan: Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.