Məmur Qarabağ veteranının ailəsini çörəksiz qoydu – Prezidentə şikayət
“Aqrolizinq” ASC-nin lizinq şöbəsinin müdiri Aqşin Məmmədov Ucar rayon Yuxarı Şilyan kənd sakini Behbud Əhmədovun istifadəsində olan kombaynı əlindən alıb.
HİT.Az xəbər verir ki, vətəndaş məsələ barədə Prezident İlham Əliyevə müraciət edib. Müraciətin bir surəti də redaksiyamıza daxil olub.
Behbud Əhmədov müraciətində yazır ki, Aqşin Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edib onunla ədavət apardığı üçün istifadəsində olan “SAMPO” markalı kombaynı əlindən alıb.
“Mən həmin kombaynı qanuni sənədlərlə lizinq yolu ilə götürüb istifadə edərək, ailəmi dolandırırdım. Xəstələndiyim üçün müalicə olunacağımı bildirib həmin kombaynı ərizə yazdırıb məndən təhvil aldılar. Müalicə olunaraq sağalıb işə qayıtmaq istəyəndə məlum oldu ki, kombaynı qanunsuz olaraq başqa şəxsə veriblər. Mən həmin kombaynın təmirinə pul xərcləmişəm. Mənim kimi tərcübəli, qabaqcıl mexanizatorun işdən uzaqlaşdırlıması kənd təsərrüfatına ziyan vurulması deməkdir. Aqşin Məmmədov dövlət maraqlarını şəxsi mənafeyinə qurban verərək, kənd təsərrüfatına belə ziyan vurur”, - şikayətçi bildirir.
Behbud Əhmədovun sözlərinə görə, o, 1984-cü ildən kombayn sürür. Sözügedən kombaynı isə 2014-cü ildə lizinq yolu ilə alıb. Vətəndaş bildirir ki, o, əvvəllər Aqşin Məmmədovun qanunsuz əməllərindən şikayətçi olduğuna görə şöbə müdirinin qəzəbinə gəlib.
“Hazırda taxıl biçimi mövsümü başlayıb. Aqşin Məmmədov istifadəmdə olan kombaynı qanunsuz yolla başqasına verməklə ailəmi çörəksiz qoyub” deyən Behbud Əhmədov daha sonra yazır:
“Atam Abbas Əhmədov sovet dövründə qabaqcıl mexanizator olub. Buna görə təltif edilib. Ona qırımızı diplom verilib. Sovet dönəmində mexanizatorların yarışmasının qalıbi olub. Biz alın təriylə, zəhmətlə işləyib çörəyimizi qazanmışıq.
Yeganə oğlum Rafiq Əhmədov Vətən müharibəsində Tərtərin Suqovşan qəsəbəsi, Talışkənd kəndi və Ağdərənin azadlığı uğrunda gedən döyüşlərdə Müdafiə Nazirliyinin 708 saylı hərbi hissənin tərkibində qəhrəmancasına vuruşub. Mən buna görə fəxr edirəm. Biz vətəni, əməyi sevən zəhmətkeş insanlarıq.
Aqşin Məmmədov mənə ironiya ilə deyir ki, sən hara şikayət etsən, baxılması üçün bizə göndərəcəklər. Bunun heç bir mənası yoxdur.
Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafı üçün mütərəqqi sərəncamlar imzalayır, nazir cənab İnam Kərimov isə həmin sərəncamaların icrası üçün əlindən gələni edir. Ancaq Aqşin Məmmədov kimi məmurlar şəxsi mənafelərinə görə kənd təsərrüfatına ziyan vururlar. Onun fəaliyyəti obyektiv araşdırılarsa, bu fakt təsdiqini tapacaq. Zərurət var ki, Aqşin Məmmədovun iş fəaliyyəti obyektiv təftiş edilib qanunu tədbirlər görülsün.
Mətbuat vasitəsi ilə Prezident İlham Əliyevdən və Kənd Təsərrüfatı naziri cənab İnam Kərimovdan xahiş edirəm ki, şikayət ərizəmi mənim iştirakımla yerində obyektiv araşdırıb mənə qarşı qanunsuzluq etmiş Aqşin Məmmədov barəsində ciddi tədbirlər görəsiniz və əlimdən qanunsuz yolla alınmış kombaynımın özümə qaytarılmasını təmin edəsiniz”.
Mənbə HİT.Az