Ədliyyə nazirinin müavini vətəndaşı intihar həddinə çatdırıb?
“Sizə yazaraq bildirmək istəyirəm ki, hazırda məhkəmənin fəaliyyətinə Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Azər Cəfərov müdaxilə edir. Bunun səbəbi isə tamamilə aydındır. Belə ki, Fuad İbrahimov onun qohumudur. Buna görə də Azər Cəfərov sifarişlə qərar icra etdirmək istəyir. İcra məmurları da sifarişin yuxarı səviyyədə olmasını iddia edirlər. Ona görə bir icra məmuru icra vəzifəsindən kənarlaşdırılıb və icra işi başqa bir icraçıya həvalə olunub”.
HİT.Az xəbər verir ki, Ağası Hüseynov Prezident İlham Əliyevə ünvanladığı, surətini Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova, Bakı Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya yolladığı məktubunda belə yazır.
Vətəndaş qeyd edir ki, Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səvxan Abasovun 19.03.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4436/17 saylı, 27.06.2018-ci il tarixli və 2(004)-4960/17 saylı, 17.10.2018-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı Hüseynov Ağası Hüseynağa oğlunun “Tamam” fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) Bakı şəhəri Ə.Ələkbərov küçəsi 1054 (hazırda Şəfayət Mehdiyev 1054) ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzil borcun qismən ödənilməsi hesabına iş üzrə tələbkar İbrahimov Fuad Marif oğluna verilməsi və onun adına rəsmiləşdirilməsi “Tamam” Fərdi Firmasına həvalə edilib: “Tərəfimizdən çıxarılmış qərardan və icraçının hərəkətlərindən Yasamal Rayon Məhkəməsinə şikayət verilib.
Şikayətimizə hazırda Yasamal Rayon Məhkəməsinin hakimi Toğrul Axundovun icraatında baxılır. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, kommersiya qurumu olan “Tamam Fərdi Firması” (VÖEN 1400075181) təşkilati-hüquqi forması kooperativ deyil, digər kommersiya təşkilatıdır.
Birinci instansiya məhkəməsi qərardadda Bakı Apelyasiya Məhkəməsinin 16.10.2020-ci il tarixli 8(103)-417/2020 nömrəli qərardadına istinad edərək hesab etmişdir ki, tutma “Tamam Fərdi Firması”nda kooperativ üzvünün payına yönəldilə bilər. Belə ki, kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet elektron məlumatına əsasən kommersiya qurumu olan “Tamam Fərdi Firmasi” (VÖEN 1400075181) təşkilati-hüquqi forması kooperativ deyil, digər kommersiya təşkilatıdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1-ci maddəsinə əsasən Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır.
Reyestr məlumatlarından da, göründüyü kimi “Tamam Fərdi Firması” kooperativ deyil, digər kommersiya təşkilatı, yəni firmadır. Borclunun həmin firmada heç bir payı olmadığından olmayan əmlaka dair həbs qoyula bilməz”.
Ağasi Hüseynovun sözlərinə görə, xüsusi əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 1054 (hazırda Şəfayət Mehdiyev küçəsi 1054) ünvanında yerləşən “Tamam” fərdi firması tərəfindən inşa edilmiş 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzildə borclu Hüseynov Ağası Hüseynağa oğlu ailə üzvləri ilə birlikdə yaşamaqla yeganə yaşayış yeri hesab edilir.
‘‘İcra haqqında’’ Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.
Həmin Qanunun 49.2-ci maddəsinə müvafiq olaraq fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı (yəni Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli, 89 saylı Qərarı ilə təsdiq edilmiş ‘‘Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı’’na əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin əmlaka yönəldilməsinə yol verilməyən hallardan biri də borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpaqdır (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə).
"Mübahisəli mənzilin mənim və ailə üzvlərimin birgə yaşamağımızı təmin edən yeganə yaşayış sahəsidir və bu qərar icra məmuru tərəfindən necə qəbul olunub?
İcra Haqqında Azərbaycan Respublikasının Qanununun 49.2-ci maddəsinə əsasən Fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir.
Mənim ailə üzvlərimin başqa yaşayış yeri yoxdur, himayəmdə yaşlı ata-anam vardır, avtomaşınımı məhkəmə qərarının könüllü icrası ilə bağlı Fuad İbrahimovun qayınatasının mülkiyyətinə keçirmişəm. Bu barədə məhkəmə qərarları da vardır, çıxılmaz vəziyyətdə qalmışam, artıq intihar vəziyyətindəyəm.
Cənab prezident, xahiş edirəm bu işi nəzarətə götürəsiniz və ədalətli məhkəmə qərarının icrasını təmin edəsiniz”, - deyə şikayətçi qeyd edib.
Mənbə HİT.Az