Sevindik Hətəmovun “lövhə maxinasiyası” – İcra başçısı büdcə vəsaitlərini necə “silir”?

Sevindik Hətəmovun “lövhə maxinasiyası” – İcra başçısı büdcə vəsaitlərini necə “silir”?
 

Salyan Rayon İcra Hakimiyyəti “Az-Arxitektura” MMC ilə satınalma müqaviləsi imzalayıb. REPORTYOR.info xəbər verir ki, 3000 manatlıq müqavilədə Salyan rayonunda Salyan-Şirvan, Salyan-Biləsuvar, Salyan-Sabirabad yaşayış məntəqələrinin adlarını göstərən lövhələrin quraşdırılması üzrə layihə smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Az-Arxitektura” MMC-nin 23 oktyabr 2019-cu ildə yarandığı qeyd edilib. Nizamnamə kapitalı 5010 manat olan şirkətin hüquqi ünvanı Göyçay rayonu Göyçay şəhəri, İ.Göyçaylı küçəsi, dalan 4, ev 3-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rüstəmli Ömər Hafiz oğludur.

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur. Şirkətin bundan əvvəl tenderlərdə iştirakına dair də hər hansı fakta rast gəlinmir. Ehtimal olunur ki, sözügedən MMC sadəcə şübhəli tenderlərdə istifadə olunmaq üçün yaradılıb.

Salyan Rayon İcra Hakimiyyətinin sifarişi də çox maraqlıdır. Satınalma müqaviləsinin şərtlərindən bəlli olur ki, sözügedən quruma yaşayış məntəqələrinin adlarını göstərən lövhələr lazımdır. Bu lövhələr o qədər də bahalı deyil. Amma icra hakimiyyəti lövhələrin təkcə layihə smeta sənədlərinin hazırlanmasına 3000 manat xərcləyəcək.

Digər tərəfdən, lövhələr üçün layihə smeta sənədlərinin hazırlanması da maraqlıdır. Sanki Salyan Rayon İcra Hakimiyyəti hündürmərtəbəli bina inşa edir.
Açıq-aydın sezilir ki, bu satınalma müsabiqəsi sadəcə büdcədən pul silmək üçün həyata keçirilib.

Salyan rayonunun icra başçısı Sevindik Hətəmovdur. O, 2016-cı ildən bu vəzifədədir. Sevindik Hətəmov ən çox tənqid olunan icra başçılarındandır.

Mənbə  REPORTYOR.info 

0.016294956207275