Tibb isçilərinin attestasiyası ilə bağlı AHİB-in təkliflər paketi
AHİB qabaqcıl dünya ölkələrinin təcrübəsinə istinad edərək ali və orta tibb işçilərinin peşəkarlıq, ixtisas səviyyələrinin, tibbi bacarıq və praktik səriştələrinin müəyyən edilməsini, tibbi biliklərinin davamlı yüksəldilməsini, attestasiya və sertifikasiya prosesinin mövcud formatının təkmilləşdirilməsini milli səhiyyəmizin dünya standartlarına yaxınlaşması yolunda mühüm addım hesab edir.
Praktiki tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşə bilikləri səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə Azərbaycan Respublikasının 26 iyun 1997- ci il tarixli 360-saylı “Əhalinin Sağlamlığının qorunması haqqında” Qanunun 49-1-ci maddəsinin üçüncü və dördüncü müddəalarının tələbi ilə həkimlərin 5 ildən bir attestasiyası keçirilir. Qanunda bu yanlış olaraq sertifikasiya adlandırılır. Attestasiya isə öz növbəsində həkimin kvalifikasiya kateqoriyası alması üçün aparılan prosedurdur və könüllü olmalıdır.
Bu məqsədlə keçirilən imtahanlar müəyyən bir dövr üçün tibb və əczaçılıq işçilərinin bilik səviyyələri və peşə bacarıqlarının yoxlanılması və təkmilləşdirilməsi üçün bir mərhələ hesab edilsə də, dövrün tələbləri artıq dəyişib.
Bu gün ölkəmizdə artıq ali tibb təhsilinin ən son mərhələsi olan rezidenturanın fəaliyyət göstərməsi, icbari tibbi sığortanın ölkə üzrə tətbiqi kimi gəlişmələr bu sahədə də dünya standartlarına keçidi tələb edir.
Bu məqsədlə, təklif edirik:
1. Bütün dünyada olduğu kimi, bizdə də baza tibb təhsili almış və rezidenturada konkret bir ixtisasa yiyələnmiş həkim həmin sahədə praktik həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququ qazanır.
2. Hazırki imtahanlı attestasiya sistemi təkmilləşdirilməli və bu sistem ölkəmizdə tibb təhsili almış vətəndaşlarımıza deyil, xaricdə təhsil almış və Azərbaycanda fəaliyyət göstərmək üçün müraciət etmiş tibb və əczaçılıq təhsilli xarici vətəndaşlara münasibətdə tətbiq edilməsi daha məqsədəuyğun olardı.
3. Həkimlik fəaliyyətinin qanunla müəyyən edilmiş dövr bitdikdən sonrakı reattestasiyası inkişaf etmiş ölkələrdəki kimi kurrikulum (kredit-bal) sistemi əsasında həyata keçirilməsi tövsiyə olunur.
4. Hər hansı ixtisas üzrə rezidentura fəaliyyəti mümkün olmadıqda iddiaçı həkimlərin dövlət təminatı ilə xarici ölkələrdə təkmilləşdirmə və ixtisasartırma kursu keçməsinin məqsədəuyğun olardı.
5. İxtisas üzrə Səhiyyə Nazirliyinin müvafiq attestasiya komissiyası olmadıqda həmin ixtisas həkimləri müvafiq yeni, səlahiyyətli attestasiya komissiyası yaradılana qədər növbəti attestasiya prosesindən azad olunmalıdır.
6. Attestasiya prosesi tibb müəssisələrinin kateqoriyalarına və tibb işçilərinin mövcud statusuna, iş təcrübəsinə uyğun olaraq coxqradasiyali və təkmərhələli prinsiplərlə aparılmalıdır. Attestasiyanın nəticələrinə uyğun olaraq işçinin maaşı və vəzifəsi yeni kateqoriyaya müvafiq surətdə artırılır, sabit saxlanılır və ya azaldılır.
7. Attestasiyanın nəticələri qənaətbəxş olmadıqda tibb işçisinin fəaliyyətinə Səhiyyə Nazirliyi və ya müvafiq tibb müəssisəsi xitam verə bilməz. Bu səlahiyyət müstəsna olaraq ixtisaslaşmış məhkəməyə verilir. Tibb və əczaçılıq işçisinin sonrakı statusu həmin məhkəmənin qərarı əsasında müəyyən edilir.
8. Attestasiyadan keçməyən tibb və əczaçılıq işçilərinin icbari tibbi sığorta xidməti çərçivəsində fəaliyyəti növbəti attestasiyadan keçənə qədər məhdudlaşdırılır. Onların ixtisasının artırılması məqsədilə dövlət səviyyəsində xüsusi kursların keçirilməsi təmin edilir.
9. Tibbi və əczaçılıq fəaliyyəti haqqında lisenziya daimidir, yalnız ixtisaslaşmış məhkəmənin qərarı ilə ləğv edilə bilər.
Azrbaycan Həkimləri İctimai Birliyi
Məstiyev Ramal Kamaddin oğlu