ORUC UCA ALLAHIN TƏRBİYƏ PROQRAMIDIR
QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ
(əvvəli ötən saylarımızda)
a) Qurani-Kərim insanlığa rəhbərdir – hidayətdir
QURANİ-KƏRİM UCA ALLAHIN KİMLƏRƏ HİDAYƏT VERMƏYƏCƏYİNİ AÇIQLAYIR:
- uca Allaha üsyan edənlərə;
- həqiqətə arxa çevirənlərə;
- günaha gömülənlərə;
- zülm edənlərə;
- inkar edənlərə;
- nəfsinin istəklərinə tabe olanlara;
- israf edənlərə;
- şübhəçilərə;
- qəlbi sərtləşənlərə;
- yalan danışmağı təbiət halına gətirənlərə;
- doğru yoldan azan qövmə;
- inkarda israr edənlərə;
- ayələri inkar edənlərə;
- təqlidçilərə;
- imandan sonra inkara yönələnlərə;
- Elçi ilə arasını ayıranlara;
QURANİ-KƏRİM BUYURUR Kİ, UCA ALLAH BU QULLARINA HİDAYƏT VERƏR:
- ağıl və beş duyğudan doğru istifadə edənlərə;
- iman edənlərə;
- saleh əməli olanlara;
- tövbə edənlərə;
- uca Allaha yönələnlərə;
- Qurani-Kərimə tabe olanlara;
- elçiyə tabe olanlara;
- uca Allaha (Onun kitabına) sarılanlara;
- cihad edənlərə;
QURANİ-KƏRİM BUYURUR Kİ, BU ÖZƏLLİKLƏR İNSANIN HİDAYƏTİNƏ MANE OLUR:
- təkəbbür;
- yersiz inad, yanlışda israr;
- nəfsinə kölə olmaq;
- cəhalət;
- varlığın anlamını, məqsədini, hikmətini düşünməmək;
QURANİ-KƏRİM BUYURUR Kİ, HİDAYƏT İNSANI MÜSBƏTƏ, XEYRƏ DOĞRU DƏYİŞDİRƏR, QƏLBİNƏ HÜZUR VERƏR, ONU YÖNƏLDƏR:
- uca Allaha qulluğa;
- başqa varlıqlara qulluqdan imtinaya;
- köləlikdən azadlığa;
- uca Allah qorxusuna (sevən sevdiyini itirməkdən qorxar);
- yalnız Ona təzimə;
- Ona sımsıx sarılmağa;
- Ona təslimiyyətə;
- Onu haqqı ilə anmağa;
- ilahi rizaya;
- xeyir işlərə;
- ədalətə;
a) Qurani-Kərim insanlığa rəhbərdir – hidayətdir
HİDAYƏT İŞIQ, DƏLALƏT (AZMA) QARANLIQDIR. Uca Allah təkcə insana deyil, bütün varlıqlara hidayət vermişdir: Günəşin, Ayın, hər planetin, suyun, küləyin... öz yolu var... Qurani-Kərim hidayət kitabıdır. İnsanın hidayətə qovuşması uca Allahın ƏL-HADİ adının təcəllisidir. O, hidayətin qaynağıdır.
UCA ALLAH İNSANA HİDAYƏT RƏHBƏRLƏRİ VERMİŞDİR:
- onu inanmaq, doğru yolu tapmaq özəlliyi ilə yaratmışdır;
- ağıl vermişdir;
- vəhy nazil etmişdir;
- Elçilər göndərmişdir;
Kimə hidayət verilibsə, ona ən böyük nemət verilib. Qurani-Kərimə görə, NEMƏT verilənlər bunlardır:
- ən-Nəbiyyun (elçilər); (4/69)
- əs-Siddiqun (həqiqətə sadiq olanlar); (4/69)
- əş-Şühəda – haqqa şahid olanlar; (4/69)
- əs-Salihin – inandığını həyatına daşıyanlar, islah edən əməlləri olanlar; (4/69)
UCA ALLAH buyurur ki, heç şübhə yoxdur ki, yeganə rəhbərlik Allahın rəhbərliyidir (6/71), O, doğru yola yönələnlərin hidayətini artırar. (47/17)
HİDAYƏT İLAHİ RƏHBƏRLİKDİR – Fatihə surəsində hidayət istəyənlərə sıradakı Bəqərə surəsinin ikinci ayəsində cavab verilmiş, yol gstərilmişdir: içində şübhə olmayan bu KİTAB müttəqilər üçün bir ilahi rəhbərlikdir. Doğru yol Qurani-Kərimdən başlayır, müttəqi də təqva sahibi olan, məsuliyyət şüuru ilə yaşayan, günahlardan çəkinən, əzabdan qorunan kimsədir.
HİDAYƏT yaradılış hədəfinə, ilahi rizaya, fitrətə, uca Allahın seçdiyi həyat tərzinə uyğun yaşamaqdır: “O, hər şeyə yaradılışdan bir ölçü və hədəf təqdir etdi, sonra (o ölçüyə uyaraq hədəfinə qovuşacaq) istiqamətə yönəltdi” (44/38-39). Hər varlığın bir məqsədi, işi var, hər varlıq mənalı və hədəfli yaradılıb: “... Biz göyləri, yeri və bu ikisi arasındakıları oyun olsun deyə yaratmadıq... gerçək bir hədəf üçün yaratdıq” (23/115). “İndi Bizim sizi boş yerə və hədəfsiz yaratdığımızı, (hesab vermək üçün) Bizə qaytarılmayacağınızı düşünürsünüz, eləmi?” (29/2-3)
QURANİ-KƏRİM buyurur ki, insan inandım deməklə canını qurtara bilməz: “Yoxsa o (inandıq deyib də) pisliyi davam etdirənlər Bizdən yaxa qurtaracaqlarınımı düşünürlər! Nə bərbad düşünürlər!” (29/4)
QURANİ-KƏRİM buyurur ki, uca Allah hidayəti istəyənə verir (2/272), Elçinin işi dəvətdir (42/52-53), iman et, haqqa yönəl, O da hidayəti yaratsın (64/11), iradə hürriyyətin var, seçim sənə aiddir, hər kəs hidayətə möhtacdır, O, hidayət istəyənin hidayətini artırar (18/13).
HİDAYƏTİN ÜÇ ANLAMI VAR: açıqlama (maariflənmə), doğru yola yönəltmə (azmaqdan qoruma), uca Allahın bizim üçün hidayəti yaratmasını istəmə. Uca Allah buyurur ki, O, doğru yola yönələnlərin hidayətini artırar, onlara qorunma gücü bəxş edər. Hidayətə qovuşmaq insanı günahlardan, anlamsızlıqdan, ümidsizlikdən, köləlikdən, qorxunc aqibətdən qoruyar.
Hidayət uca Allahın lütfü ilə insana yol göstərməsidir. Onun hidayət vasitələri çoxdur: ağıl, elm, duyğular, haqq ilə batili ayıran dəlillər, Elçilər, ilahi Kitablar...
Hidayətdə olanın hidayət istəməsi daha çox hidayət tələb etməsi, doğru yolda qərarlılıq diləməsidir: bizi doğru yolda qərarlı qıl, o yolda getməyi ehsan et, ey Rəbbimiz! Hidayət uca Allahın inananlara vəd etdiyi zəfərə qovuşmaqdır.
b) QURANİ-KƏRİM HİDAYƏTİN AÇIQ-AŞKAR DƏLİLLƏRİNİ DAŞIYIR
İlahi mətndə “BƏYYİNAT” sözü var, “b-y-n” kökündəndir, eyni kökdən olan sözlər Qurani-Kərimdə beş yüz iyirmi üç yerdə işlədilmişdir, bu mənaları var:
- “açıqlamaq”; (2/160)
- “ortaya çıxmaq” / “ayrılmaq”; (2/256)
- “araşdırmaq”; (4/94)
- “anlatmaq”; (43/52)
- “dəlil”; (6/57)
- “yarar”; (43/18)
- “mesaj”; (3/38)
- “arasında”; (2/285)
Qurani-Kərim BƏYYİNATDIR, hidayətin açıq-aşkar dəlilidir. Dəlil elə bir şeydir ki, onun vasitəsi ilə bir varlığın bilgisi / elmi, həqiqəti ortaya qoyulur, dəlil yol göstərir, rəhbərlik edir, sübutdur, hidayətlə - doğru yolla, dəlaləti – yanlış yolu bir-birindən ayırır.
Qurani-Kərim ilahi dərs kitabıdır, izah edir, açıqlayır, uca Allahı, tövhidi, şirki, həyatı, ölümü, dünyanı, axirəti, həqiqətləri, insanın yaradılış missiyasını göstərən dəyərlər – ölçülər ortaya qoyur.
O, dəlildir, açıq bəlgədir, doğru yolu göstərən əlamət, işarə, xəritə, bələdçidir, hər zaman doğru olanı danışır, içində şübhə yoxdur, insanı şübhələrdən təmizləyir, çaşmaz, Ona inananları hədəfə - ilahi rizaya qovuşdurar, O olmasa, hidayət də olmaz, düşünənə dəlillər verir, halalı, haramı, xeyri, şəri tanıdır, doğru hökmlər qoyur, elə hökmlər ki, insanın mənalı, məqsədli, ümid dolu, axirət təyinatlı həyat yaşamasına yol açır.
HİDAYƏTİN ziddi dəlalətdir – doğru yoldan çıxmaqdır, doğru yoldan çıxan, azan, yolunu itirən həlak olar (uca Allah mesajını yol anlayışı üzərindən verir, ucsuz-bucaqsız, təhlükələrlə dolu səhralarda hərəkət edə ərəb üçün yol hər şey idi, belə ki yolunu itirən ölümə məhkum olurdu).
QURANİ-KƏRİMDƏ hidayətin – doğru yolun açıq-aşkar dəlilləri var, yəni Onun hesabına doğru yolu tanıdıq, O, ölçülər qoydu, biz də bu ölçülərə iman etdik, nəticədə, doğru yolu yanlış yoldan ayırdıq.
c) QURANİ-KƏRİM HAQQI BATİLDƏN AYIRIR
RAMAZAN ORUCU ilə bağlı ayə Qurani-Kərimin üçüncü özəlliyini tanıdır: O, FURKANDIR – haqqı batildən ayıran Kitabdır. Burada iki anlayış var: haqq, batil. HAQQ mənalı, məqsədli, xeyirli, içində həqiqət olandır. Uca Allah buyurur ki, O, hər şey haqq olaraq yaratdı, yəni hər varlığın mənası, məqsədi var, ona yüklənmiş vəzifəni yerinə yetirir. BATİL isə mənasız, məqsədsiz, həqiqətdən məhrum, xeyirsiz olandır. Tövhid haqq, şirk batildir, ədalət haqq, zülm batildir, elm haqq, cəhalət batildir, mərhəmət haqq, acımasızlıq batildir, birlik haqq, ayrılıq batildir, işıq haqq, qaranlıq batildir, savab haqq, günah batildir ...
FURKAN sözü üç ayədə Qurani-Kərimin adı kimi işlənmişdir, ayrıca ilahi mətndə Furkan adlı bir surə var. Qurani-Kərim buyurur ki, kim məni anlasa, mənə iman etsə, buyurduğum kimi yaşasa, ona Furkan olma – xeyiri şərdən, haqqı batildən, doğrunu yanlışdan seçmə özəlliyi verəcəyəm.
İlahi mətndə Qurani-Kərimin tamamına da, bir parçasına da KİTAB, ya da QURAN deyilmişdir. Qeyd edək ki, ƏL-KİTAB Qurani-Kərimin adlarından biridir, bu söz ilahi mətndə iki yüz altmış iki dəfə işlənmişdir, ancaq hər zaman Qurani-Kərim anlamını daşımır, bu anlamları var:
- “dəlil” / “bəlgə”; (22/8; 30/35)
- “əməl dəftəri”; (82/9-11; 17/13-14)
- “fərz”; (2/183, 178, 180, 216, 245; 3/154)
- “vəhy”; (57/25)
- “hökmlər” / “şəriətlər”; (57/25)
- “ilahi kitab”; (2/213; 16/64)
- “Quran”; (2/2; 5/48; 14/1)
- “İncil”; (19/30; 3/48; 57/27)
- “Tövrat”; (17/2; 46/12; 6/154)
- “lövhi-məhfuz” (50/4; 57/22)
- “ümumi kitab”; (28/49; 17/93)
- “öncəki kitablar”; (35/25; 26/96)
- “hz.Davuda verilən kitab”; (4/163; 17/93)
- “Rəsulun öyrətdiyi kitab”; (2/128-129)
- “elmin qaynağı kitab”; (27/40)
- “əl ilə yazılan kitab”; (2/79)
- “oxuma” / “yazma”; (5/110)
- “məktub”; (27/28-29)
- “yazışma”; (24/33)
- “sözləşmə”; (43/4)
(Ardı var)