Nazir Vilayət Eyvazov Ramiz Zeynalovun xidmət müddətini bir il artırdı
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovla bağlı əmr verib.
Unikal.org-un əldə etdiyi məlumata görə, nazirin əmri ilə, R.Zeynalovun daxili işlər orqanlarında xidmət müddəti bir il artırılıb.
Qeyd edək ki, Ramiz Zeynalovun 2021-ci ilin 19 fevral tarixində 70 yaşı tamam olub. Mediada bir müddət öncə yayılan məlimata görə, polis general-mayoru Ramiz Zeynalovun ailə biznesi var.
Ramiz Zeynalov DİN strukturlarında 1976-cı ildən - təxminən 40 il öncə işləməyə başlayıb. 1994-cü ilin avqust ayından isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.
Deməli, indiki vəzifəsində də 21 ildir oturub. Bu 21 ildə dünya xəritəsi bir neçə dəfə dəyişsə də, R.Zeynalov nə özü, nə vəzifəsi, nə də iş üslubu dəyişib.
Mediada yayılan məlumatlara görə, generalın bu illər ərzində böyük biznes şəbəkəsi də qurulub. Belə ki, Ramiz Zeynalovun Azərbaycanın şimal və cənub rayonlarında çoxsaylı asfalt və beton zavodları, daş karxanaları fəaliyyət göstərir. Dəqiqlik olsun deyə, Qubadakı zavod və karxananın ünvanını nişan verə bilərik.
Belə ki, Ramiz Zeynalov Quba rayonu Vəl-vələ çayı yaxınlığındakı meşə massivində 5 hektar ərazidə agacları məhv etdirərək 4 ay ərzində yerində nəhəng daş karxanası və beton zavodu inşa etdirib. Həmin ərazidəki karyerin və beton zavodun avadınlıqları və maşınlar Almaniyadan gətirilib.
Quraşdırılan müəsisə ən son texnologiya ilə fəaliyyət göstərir. R.Zeynalovun bu sahədəki biznesinin idarə edilməsini DYP-nin alay komandiri, polkovnik Balakişi Əhmədova etibar etdiyi bildirilir.
Avtomobil nömrələri və sürücülük vəsiqələrinin verilməsi sahəsində də hansı biznes maraqlarının güdüldüyü yeni xəbər deyil. Bu sahədə isə R.Zeynalovun etibarlı adamı İmtahan-Qeydiyyat Şöbəsinin rəisi Müşfiq Rəhimovdur. Nömrələrin bir villa qiymətinə, sürücülük vəsiqəsinin isə ən azı 1 000 manata satıldığını bu ölkədə bilməyən yoxdur.
Bundan əlavə, R.Zeynalovun bir çox rayonlarda villa və otelləri var. Bu sırada doğulduğu və qardaşı Tofiq Zeynalovun icra başçısı olduğu olduğu Tovuz rayonu xüsusi yer tutur.
Qardaşı Tofiq Zeynalov
Tofiq Zeynalov da qardaşının iş metodundan bəhrələnərək, rayonda xüsusi pilləli monopoliya sistemi qurub. Məlumata görə, o, bütün "qara işləri"ni isə birinci müavin təyin etdiyi qudası Mahir Həsənova həvalə edib. İş o yerə çatıb ki, rayonda idarə rəhbərləri ilə keçirilən toplantılara da bir qayda olaraq, Mahir Həsənov rəhbərlik edir, Tofiq Zeynalov isə daha çox şəxsi biznesi ilə məşğul olur. Rayondakı bütün təmir-tikinti işləri də M.Həsənova məxsus "Qovlar Təmir Tikinti" MMC tərəfindən aparılır.
Bu şirkətə köçürülən vəsaitlərin məbləği isə on milyonlarla ölçülür. Rayonun Maliyyə İdarəsinin rəisi Mübarz Salmanov da başçının dayısı oğludur. Mediada səslənən iddialara görə, büdcə təşkilatlarına köçürülən vəsaitlərdən bir qayda olaraq, 13 faiz tutulur. Bunun 8 faizi icra başçısına ötürülür.
Başçının oğlu Qoşqar Zeynalov isə Bakı Dövlət Yol Polisi İdarəsində şöbə müdiri vəzifəsində çalışır. Q.Zeynalov da öz növbəsində atasının, əmisinin və öz "bisnes"inin hesabına əsl oliqarx övladı kimi kef çəkir, səsi tez-tez dünyanın lüks otel və istirahət mərkəzlərindən gəlir.
Qardaşı kimi başçının da Tovuzda bir çox dəbdəbəli malikanələri, restoranları var. Bununla belə T.Zeynalovun Bakıda da dəyəri milyonlarla ölçülən mənzil və mülkləri var ki, bunların bir çoxu kirayə verilib.
Vəzifədəki qohumların siyahısı
T.Zeynalovun vəzifəyə təyin etdiyi digər qohumların siyahısı:
- Mətləb Qasımov - baş mühasib, icra başçısının xalası qızının əridir.- Mətanət Sarı qızı Musayeva - İcra Hakimiyyətində aparıcı mütəxəssis, icra başçısının qardaşı Fikrət Zeynalovun baldızı.- Yaşar İbrahimov - rayon Telekommunikasiya qovşağının rəisi, icra başçısının əmisi qızının əri.- Xaqani Cəbrayıl oğlu Əskərov - Rayonlararası Dövlət Avtomabil Müfəttişliyi birliyinin rəisi, icra başçısının bacısı oğlu.- Aydın Qədir oğlu Qasımov - Rayon mədəniyyət və turizm şöhbəsinin müdiri, icra başçısının kürəkəninin dayısı.- Hüsaməddin Şəmşəd oğlu Mirzəyev- Rayon qaz istismar idarəsinin rəisi, icra başçısının qaynı.- Rəşid Həsənov- rayon memarlıq və tikinti şöbəsinin müdiri, icra başçısının əmisi qızınin əri.- Elxan Əziz oğlu Əskərov - Rayon enerji satışı şöbəsinin rəisi, icra başçısının yaxın qohumu və s.
Ramiz Zeynalovun digər qardaşı Fikrət Zeynalov Sabunçu rayonunda yerləşən 3 saylı şəhər Klinik Xəstəxanasına baş həkim vəzifəsində çalışır. Buna qədər isə F.Zeynalov Fuad Əfəndiyev adına 4 saylı şəhər Klinik Xəstəxanasının baş həkimi vəzifəsini tuturdu. Xəstəxanalardakı durumun da necə olduğunu hər kəs bildiyi üçün bu məqamın da üzərində xüsusi dayanmağa ehtiyac görmürük. Hər kəs adi xəstəlikdən tutmuş doğuşa qədər hər şeyin pullu olduğunu bilir.
Evakuasiya.Az və ya "156" kimindir?
Ramiz Zeynalovun biznesinin əsas istiqamətlərindən biri də "Evakuasiya.az" şirkəti ilə bağlıdır. Belə ki, Bakıda evakuatorlar tərəfindən cərimə meydançalarına aparılan avtomobillərə sürücülər tərəfindən ödənən cərimələr dövlət hesabına yox, şəxsi hesablara gedir.
Paytaxtın küçə və prospektlərində qadağan edilmiş yerdə dayanan avtomobilləri ancaq Yol Patrul Xidmətinin əməkdaşının göstərişi əsasında DYP-nin Siqnal İdarəsinə məxsus AP (Azərbaycan Polisi ) serial nömrə nişanlı evakuatorlar tərəfindən cərimə meydançalarına aparıla bilər.
Belə olan halda cərimə meydançasına aparılan avtomobilin sürücüsü cərimə edilir və sürücü cəriməni bank vasitəsi ilə dövlətə ödədikdən sonra avtomobilini cərimə meydançasından götürə bilir. Ancaq R.Zeynalov burada da vəziyyəti "incə qayda"da dəyişib. DYP-nin Siqnal İdarəsinə məxsus evakuatorlar cərimə meydançalarında saxlanılır. Əvəzində isə dayanması qadağan edilmiş yerlərdən avtomobillər "Evakuasiya.Az" MMC-yə məxsus "İsuzi" markalı evakuatorlar (üzərinə 156 yazılan) tərəfindən cərimə meydançalarına aparılır və sürücülər cəriməni qeyd olunan MMC-nin hesabına ("Bank Texnika"dakı) köçürdükdən sonra avtomobillərini cərimə meydançasından götürə bilirlər.
Beləliklə də, dövlət büdcəsinə köçürülməli olan cərimələr bu yolla kimlərinsə ciblərinə gedir. Vergilər Nazirliyinin saytında "Evakuasiya.az" MMC-nin 24 yanvar 2011-ci ildə qeydiyyatdan keçdiyi, qanuni təmsilçisinin isə Aqil İsmayıl oğlu Zeynalov olduğu göstərilib.
Aqil Zeynalov kimdir?
Bir müddət öncə mediada gedən məlumatlarda bildirilirdi ki, Bakı şəhərində evakuasiya xidməti göstərən bütün avtomobillər satılıb. Maşınların Xəqani Səlimov adlı şəxs tərəfindən Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı oğlu Aqil Zeynalova satıldığı deyilir: "Lakin bu alqı-satqının pul müqabilində aparıldığı dəqiq məlum deyil. Məlum olan odur ki, Aqil Zeynalovun nəzarətində olan evakuasiya maşınları 2 profil üzrə Bakıda xidmət göstərirlər. 1-ci xidmət növü qəzaya düşmüş və ya xarab olmuş avtomobillərin daşınması, 2-ci xidmət isə DYP-nin sifarişi ilə park etmə qaydalarını pozan avtomobillərin cərimə meydançalarına daşınmasıdır".
"Evakuasiya.az" MMC ilə eyni ünvanı paylaşan "Azericert" MMC adlı daha bir şirkət var. Şirkət 1 sentyabr 2011-ci ildə qeydiyyatdan keçib. Qanuni təmsilçisi Zamil Faiq oğlu Həsənovdur. Ancaq şirkətin nə işlə məşğul olduğu bəlli deyil. Adı mətbuatda gedən bir neçə yazıda maliyyə dəstəkçisi kimi keçir.
Onu da qeyd edək ki, yazıdakı bir çox iddia və faktlar bir neçə dəfə mediada yayılıb, amma indiyə qədər Ramiz Zeynalov heç birinə münasibət bildirməyib.