Ramiz Mehdiyevin “islahatçı obrazı” – AMEA Prezidenti kimləri və niyə hədəfə götürüb?

Ramiz Mehdiyevin “islahatçı obrazı” – AMEA Prezidenti kimləri və niyə hədəfə götürüb?
 

“Çox təəssüflə qeyd edim ki, bəzi institut direktorları islahat keçirməyə maneə yaradırlar.” Bunu uzun illər Azərbaycanda istənilən yenilik, islahat təşəbbüslərinin qarşısında ən böyük əngəllərdən biri kimi tanınan, hər zaman mühafizəkarlığı ilə seçilən keçmiş PA rəhbəri və hazırkı AMEA Prezidenti Ramiz Mehdiyev deyib.

Lakin bilmək olmur, söhbət hansı islahatdan gedir? Mehdiyevdən soruşan lazımdır – elm qalıbmı ki, daha doğrusu, elm qoymusanmı ki, islahat da aparasan? Uzun illərdən bəri Azərbaycan elmini məddahlıq, yaltaqlıq, saxtakarlıq poliqonuna çevirmiş bir adam hansı islahatdan danışa bilər axı?

Hamıya məlumdur ki, AMEA Prezident Administrasiyasının rəhbəri olduğu on illər ərzində şəxsən Ramiz Mehdiyevin “patronajlığı” altında olub. Bəs, bu qurumda həmin illərdə islahat aparmaq olmurdumu, nə idi Mehdiyevə mane olan? Nə baş verdi, niyə məhz AMEA Prezidenti olandan sonra islahat yadına düşdü akademikin?

Ümumiyyətlə, Ramiz Mehdiyev hara, islahat hara? Görəsən, Azərbaycan cəmiyyətində Mehdiyevin “islahatçı obrazına” inanan, bunu təsəvvür edən bircə nəfər də olsa tapmaq olarmı?

Və bir də maraqlıdır ki, Ramiz Mehdiyevin “ifasında” islahat hansı anlamı daşıyır, bu ad altında nə nəzərdə tutulur?

Görünür, Azərbaycanda korrupsiyanın, harınlamışlığın simvoluna çevrilənlərdən biri olan Ziya Məmmədovun qardaşı Elton Məmmədovu AMEA-nın “Yüksək Texnologiyalar Parkı”nın direktoru, AMEA-nın İşlər İdarəsinin müdiri təyin etmək, sonra da işdən qovmaqdır islahat.

Yaxud, başqa bir korrupsioneri – məhkəmədə ayda 300 min manat (dollar 78 qəpik olan vaxtlarda-red.) “xərclik” aldığını etiraf edən sabiq nazir Əli Abbasovu özünə müşavir təyin etmək, kürəkəni İlham Əliyevin sabiq MTN polkovniki olan, Beynəlxalq Universitetə “çökən” qardaşı Fikrət Əliyevə yüksək vəzifə vermək, bir sözlə, köhnə korrupsionerləri, məddahları, özü kimi məlum səbəblərdən “vurulanları”, gözü və əli şimal paytaxtının ətəyində olanları, uzun zaman vəzifədə olub, indisə hakimiyyətdən narazı qalanları başına toplamaqdır islahat?

Əlacı olsa, həbsə atılmış icra başçılarını da çıxarıb, yanına gətirər – bəli, Mehdiyevsayağı islahat yalnız belə ola bilər…

Söhbətin məhz hansı institut direktorlarından, kimlərdən getdiyini bilmirik və şübhəsiz ki, Azərbaycan elmi nə gündədirsə, institut direktorlarının da çoxu elə o gündədir. Ancaq buna baxmayaraq, böyük ehtimalla bu adamlar hansısa mücərrəd islahatlara mane olduqlarına görə yox, sadəcə, Mehdiyevin xoşuna gəlmədikləri, maraqlarını təmin etmədikləri, yaxud onun özünə rəqib hesab etdiyi, acıqlı olduğu hansısa hakimiyyətdaxili qruplaşmaya yaxın olduqları üçün AMEA rəhbəri tərəfindən hədəfə götürülüblər. Ona görə də yaxın zamanda hansısa institut direktorunun Mehdiyev tərəfindən “islahatlara mane olduğu”, əslində isə Mehdiyevin hikkəsinin, intriqalarının qurbanına çevrildiyi üçün vəzifəsindən azad olunduğuna şahidlik edə bilərik…

Əslində, doğrudan da, Azərbaycan elmində böyük islahatlara ehtiyac var. Ancaq bunu edəcək adamın Ramiz Mehdiyev olduğunu kimsə ağlının ucundan belə keçirməz. Bəs, belə olan təqdirdə, nədir, nəyə hesablanıb Mehdiyevin bu “islahat şousu”? Nə istəyir görəsən?

Akademikin bu “canfəşanlığından” sonra az qalır təklif edəsən ki, “islahatçı” Ramiz Mehdiyevi AMEA prezidentliyindən çıxarıb, ASAN Xidmətə rəhbər təyin edin…

Mənbə azpolitika.az

0.019114971160889