1400 il əvvəl yaşamış Yezidlə Əli Həsənovu nə birləşdirir? – ŞOK FAKTLAR

1400 il əvvəl yaşamış Yezidlə Əli Həsənovu nə birləşdirir? – ŞOK FAKTLAR
 

Bütün hallarda unudulmaq, yaddan çıxmaq çox dəhşətli şeydir. Amma nə yazıq ki, bəzən unudulmağa əlac, çıxış yolu kimi baxanlar da var. Çünki unudulmaq istəyən həmin fərdlər özlərindən sonra xatırlanacaq heç bir yaxşı əməl qoymayıblar. Və onlar Müaviyə, Yezid kimi ancaq lənətlə xatırlanırlar.  Belə fərdlərdən biri də Prezidentin sabiq köməkçisi Əli Həsənovdur.

Bu adam bu günlər nəinki yaddan çıxmaq, hətta bir dəfəlik bu gözəl məmləkətdən getmək istəyir. Təki onun 25 ildə topladığı yüz milyonlarla sərvətinə dəyməsinlər. Axı o sərvətə görə Əli Həsənov zamanında bütün insani keyfiyyətlərini itirib. Məramı, məqsədi ancaq sərvət toplamaq olub. Bunun üçün erməniyə dayı deməkdən də çəkinməyib. Nəticə göz qabağındadır. Külli miqdarda sərvəti olan Əli Həsənov qorxu və səksəkə içində yaşayır. Hər dəqiqə paqonluların qapısını döyəcəyi qorxusu bir an belə canından çıxmır. Ona görə də unudulmaq istəyir. Çünki xatırlananda da Müaviyə və Yezid kimi xatırlanır.

Çünki Əli Həsənov Azərbaycan dövlətinə və xalqına son 30 ildə ən çox ziyan vuran iki məmurdan biridir. Və bəlkə də birincisidir. Əli Həsənovun statusu elə idi ki, göydə uçan quşdan da onun xəbəri olmalı idi. Əslində Əli bəyin də nəinki göydə uçan quşlardan, hətta yerdə sürünən zəhərli ilanlardan da xəbəri var idi. Əli Həsənov Ramiz Mehdiyevə arxalanaraq ölkədə cinayətkar şəbəkə yaratmışdı. Bu şəbəkə Hacı Məmmədovun qanqsterlərindən, Eldar Mahmudovun qoçularından daha qorxulu idi. Çünki Hacı Məmmədovun da, Eldar Mahmudovun da hədəfləri lokal idi. Onları yalnız milyonçular maraqlandırırdı.

Əli Həsənovun isə hədəfi təmiz insanlar, doğrunu söyləyənlər və özünə, sözünə hörmət edənlər idi. Yəni Əli Həsənov Azərbaycanın genefondunu məhv etməklə məşğul idi. 25 illik hakimiyyəti dövründə o, Azərbaycan mətbuatının görən gözünü kor, eşidən qulağını kar eləməyə çalışdı. Ətrafına yığdığı korazehin adamlarla nə qədər işıqlı ziyalının ürəyini partladıb öldürdü. Nə qədər kasıb, yetim jurnalisti barmaqlıqlar arxasına saldırdı.

Bir anlığa diqqət edək. Əli Həsənov 1,7 ildir ki, siyasi səhnədə yoxdur. Amma bu müddətdə bir dənə də olsun jurnalist həbs olunmayıb. Bir dənə də olsun siyasi fəal incidilməyib.

Əli Həsənov korporativ maraqları üçün bütün zamanlarda dövləti maraqları ayaqlar altına atırdı. O, öz statusundan istifadə edərək bütün məmurlardan “dolya” alırdı. Onun haqq aldığı məmurlar siyahısında ən bərkgedən nazirlərin adı da vardı. İcra başçıları isə sadəcə Əli üçün xırda çibxərcliklər ödəyən məmurlar idi. Həsənovun qurduğu texnologiya isə belə idi.

O, bütün  məmurlarla razılaşmışdı ki, sizi mətbuatdan qoruyacam. Və ən başlıcası mətbuatın sizin haqqınızda yazdıqlarının ölkə rəhbərliyinə çatmasının qarşısını alacam. Təbii ki, bu təklif istənilən məmur üçün cəlbedici idi. Ona  görə də məmurların tam əksəriyyəti onunla separat danışığa gedirdi. Amma Əli Həsənov aldığı dolya ilə kifayətlənmirdi. Davamlı şəkildə həmin məmurları şantaj edirdi.

Hələ onu demirəm ki, bir çox iri çaplı məmurlarla iş ortaqlığı vardı. Əli Həsənovun məmurlara “arxa durması” təbii ki, sosial narazılığı artırır, məmur özbaşınalığına meydan verirdi. Məsələn, 2 il öncəyə qədər hansısa mətbuat orqanının hünəri nə idi ki, SOCAR və ya FHN haqqında nəsə yazsın. Rövnəq Abdullayev və yaxud Kəmaləddin Heydərovun adını çəkməksə başqa bir hünər idi. Amma bu gün istənilən mətbu orqanı digər məmurlar kimi bu iki şəxs haqqında da tənqidi fikirlər söyləyirlər. Di gəl ki, həmin jurnalistə “gözün üstə qaşın var” deyən yoxdur. Bu, məsələnin bir tərəfi.

Məsələnin digər tərəfi isə o idi ki, Əli Həsənovun biabırcı və cinayətkar əməlləri hesabına ölkə mətbuatının rəngi də dəyişirdi. Mətbuat ancaq şou əhlinin təbliği ilə məşğul idi, yəni “sarı mətbuat”a çevilmişdi. Onun hökmranlığı dövründə rəsmi mətbuata tənqidi yazılar yazmaq, şikayətlərlə bağlı süjetlər hazırlamaq birmənalı şəkildə qadağan olunmuşdu. Bu qadağanı pozan televiziya rəhbəri və qəzet redaktorunu çox ciddi cəza gözləyirdi.

Yəni obyektiv, vicdanlı jurnalistləri Əli Həsənovun görən gözü yox idi. Onun vaxtında biabırçı “media kapitanları” ifadəsi var idi. O, özünə yaxın bildiyi, dediyi ilə oturub-duran “jurnalistlər”i ora toplamışdı. Əli Həsənovun “media kapitanları” da harda aş, orda baş idilər. Fəxri adlar, pulsuz mənzillər, dövlətin mətbuata ayırdığı vəsaitlər məhz həmin “media kapitanları” üçün idi. Əli Həsənov bütün bunlardan gözü doymayıb, arvadı üçün bir media holdinq də yaratmışdı, oğlunu isə XəzəTV-nin başına keçirmişdi.

Qəribə burası idi ki, o, dünyanın aparıcı KİV-lərinin ölkəmizdəki nümayəndələrindən də “dolya” umurdu. “Dolya” verməyənlərin isə bu və ya digər şəkildə ölkədən qovulmasına nail olurdu. Bunun acısını biz bu gün, xüsusilə də 44 günlük müharibədə dəhşətli dərəcədə hiss etdik. Bu gün ölkəmizdə nəinki CNN, BBC, “Reuters” kimi media nəhənglərinin, heç Rusiya televiziyalarının da müxbir məntəqələri yoxdur. Halbuki Ermənistanda dünyanın bütün aparıcı xəbər agentliklərinin müxbir postları var. Amma bizdə yoxdur. Çünki Əli Həsənov onların hamısının “dalından dəymişdi”. Onun milli xəyanəti hesabına Azərbaycan informasiya blokadasına alınmışdı.

Obyektiv fikirlər subyektiv yanaşmalardan formalaşır. Əli Həsənovun subyektiv yanaşmasına görə Azərbaycan çətin günlər yaşadı. Təsadüfi deyil ki, Azərbaycan informasiya blokadasından indi-indi çıxır. Davamlı şəkildə dünyanın aparıcı xəbər agentlikləri Azərbaycana dəvət edilir. Elə 3 gün öncə fransalı jurnalistlər ölkəmizdə olub. Halbuki aparıcı xəbər agentliklərin çoxunun Azərbaycanda nümayəndəlikləri var idi. Onları Azərbaycandan Əli Həsənov qovdu.

Bax, Əli Həsənov belə bir məmur idi… Əslinə baxsan, 5-ci kolonun bütün üzvləri bu cür varlıqlardır. Onlar üçün hər şeyin başında pul dayanır. Onlar üçün Vətən, millət ancaq bir ifadədir, məqsədlərinə çatmaq üçün vasitədir. Son məqsəd isə lap çoxlu puldur. Pulgirlərinsə milliyyəti və Vətəni olmur. Ona görə də Əli Həsənov unudulmaq  və birdəfəlik Azərbaycandan qaçıb getmək istəyir.  Amma o bir şeyi unudur ki, “dəvə başını kola soxsa da, bütün bədəni çöldə qalır”. Əli Həsənovun bu dövlətə və bu millətə vurduğu bəlalar o qədər çoxdur ki, hələ bir çox onilliklər ondan danışılacaq. Və Müaviyə, Yezid kimi lənətlə yad ediləcək.

Müəllif Surxay Atakişiyev

Mənbə bakuexo.az

0.021975040435791