“Kontakt”lı millət vəkili ... – Və məmur-deputat biznesinin ölkənin dayaqlarına vurduğu zərbə

“Kontakt”lı millət vəkili ... – Və məmur-deputat biznesinin ölkənin dayaqlarına vurduğu zərbə
 

Bir neçə gündür mətbuatda və sosial şəbəkələrdə bir şəhid ailəsilə “Kontakt Home” şirkəti arasında yaranmış mübahisəylə bağlı məlumat xeyli müzakirələrə səbəb olub. Söhbət sözügedən şirkətin şəhid ailəsinə kreditlə verdiyi mebeli geri almasından gedir. Tərəflərin hadisəylə bağlı açıqlamaları bir-birilə ziddiyyət təşkil edir. Sonda “Kontakt Home” sözügedən məhsulun şəhid ailəsinin daxili narazılıqları səbəbindən ailənin özü tərəfindən geri qaytarıldığını bildirdi.

Ola bilsin ki, doğrudan da şirkətin məhz bu epizodla bağlı günahı yoxdur. Lakin məsələ ondadır ki, istənilən halda, istər cəmiyyətdə, istərsə də sosial şəbəkələrdə hamı “Kontakt Home”-u ittiham edir, günahlandırır və hətta söyür. Çünki zatən bu şirkətin qiymətlərindən, “faizsiz kredit” adı altında insanları soyduğu kredit fırıldaqlarından tutmuş bərbad servis xidmətinə qədər, hər şey əhalinin gözü qarşısında baş verir və ciddi narazılıqlara səbəb olur.

Digər yandan, hər kəs bilir ki, belə özbaşınalıqlara yol verən bütün iri şirkətlər hansısa məmura, deputata, yaxud onlara yaxın “iş adamı”na məxsusdur, ya da onların “krışalığı” ilə fəaliyyət göstərir. Bu zümrəyə isə əhalidə haqlı olaraq, bir qıcıq, bəzənsə hətta nifrət belə var. Ona görə də, hətta günahsız olduğunu, “YAŞAT Fonduna vəsait köçürdüyünü bildirsə belə, sözügedən şəhid ailəsilə bağlı insidentdə hamı məhz şirkəti günahlandırır, çünki ondan istənilən qanunsuz, özbaşına, hətta fırıldaq hərəkət gözləyir. 

“Krışa” məsələsinə gəldikdə isə, “Kontakt Home”-un millət vəkili Elnur Allahverdiyevə məxsus olduğu bildirilir. Heç deputatın özünün də bunu rəsmi qaydada inkar etməsinə rast gəlməmişik.

Milli Məclisdə nə çox şirkəti, biznesi olan varlı-hallı deputat, Elnur Allahverdiyev də onlardan biri. İnsafən onların çoxu heç zəhmət çəkib, bizneslə məşğul olduqlarını inkar da etmirlər. Ancaq bu məsələdə daha çox diqqət cəlb edən məqam şirkətin şəhid ailəsinə münasibətilə bağlı cəmiyyətdə yaranan mənfi rəyin, hiddətin indiki həssas dönəmdə dolayısı ilə dövlətə, hakimiyyətə yönəlməsidir. Belə ki, arxasında məmur, deputat duran istənilən şirkətlə bağlı narazılıq eyni zamanda dövlətə, hakimiyyətə qarşı çevrilmiş olur. Bu isə bir daha məmur oliqarxiyasının, məmur-deputat biznesinin ölkəyə, onun dayaqlarına təkcə iqtisadi deyil, həm də siyasi təhlükə yaratdığını təsdiqləyir.

Ümumiyyətlə, Azərbaycan kimi ölkələrdə parlamentə biznesmen-deputatların doldurulmasının məqsədini, fəlsəfəsini anlamaq asan deyil. Əgər məqsəd onların vasitəsilə “seçildikləri” dairələrdəki əhalinin sosial durumunu yaxşılaşdırmaqdırsa, bu, qeyri-ciddi yanaşmadır və illərin təcrübəsi göstərir ki, əksinə, bu adamlar deputat olandandan sonra da əhalini yox, öz ciblərini fikirləşiblər, bizneslərini daha da genişləndiriblər, varlarının üstünə var gətiriblər və s. Bunu sübut edən saysız-hesabsız nümunə göstərmək olar. Nəticədə, seçici yalnız seçki öncəsi bir-iki küçənin asfaltlanmasından, ərzaq, kartof-soğan paylanmasından savayı deputatının biznesmen olmasından heç bir fayda görməyib. Əslində, deputatın işi də heç bu deyil axı. Millət vəkilinin işi elə qanunlar, qərarlar qəbul etmək, icra hakimiyyətini elə yönəltmək, ona təsir etmək, seçicinin problemlərini elə qabartmaqdır ki, bundan təkcə təmsil etdiyi dairənin sakinləri deyil, bütün ölkə, əhali fayda görsün. Bəs, bizdə necədir?

Elnur Allahverdiyevə gəlincə, uzun illərdir əhalini şirnikləndirici reklamlarla aldadan, insanların cibinə girən, nə keyfiyyətli xidmət, nə də normal qiymət, kredit siyasəti olan, sözün əsl mənasında sələmçiliklə məşğul olan bir şirkətin sahibindən necə deputat, necə millət vəkili ola bilər axı? 

Mətbuat, sosial şəbəkələr “Kontakt Home”-la bağlı şikayətlərlə, şirkətin özbaşınalıqlarına, fırıldaqlarına dair faktlarla doludur. Deməli, bu adam öz şirkətinin, müştərilərinin problemlərini düz-əməlli həll edə bilmir, xalqın, millətin, çoxsaylı seçicilərin problemlərini necə həll edəcək, hansı qanun təşəbbüslərilə çıxış edəcək!? Bizneslə məşğul olmaqla özü qanunu açıq-aşkar pozan bir deputat hansı cəsarətlə və üzlə icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, pensiya, sosial-təminat sisteminin qüsurlarını, qanunsuzluqlarını tənqid edə bilər? Ümumiyyətlə, sanki bu adamları Milli Məclisə doldurmaqla, qəsdən qanunverici orqanı hər növbəti seçkidən sonra daha da gözdən salmaq, nüfuzsuz, gözükölgəli bir quruma çevirmək məqsədi güdülür.

Bu ölkədə hamı bilir ki, biznesdən parlamentə gedən insanların bir məqsədi var – öz biznesini deputat mandatıyla “sığortalamaq”, ona daha etibarlı şəkildə “krışalıq” etmək, bir də biznes elitasından siyasi elitaya adlamaq. Yoxsa, qanunla deputatın bizneslə məşğul olması qadağan edildiyi halda, heç bir məntiqlə normal insan milyonlarla qazanc verən işini qoyub, aylıq 3-4 min manatlıq maaşı olan deputatlığı seçməz. Bu reallığı hər kəs görür və bilir. Və yaxın gələcəkdə bunun dəyişəcəyi də mümkün görünmür.

Ona görə də, yəqin ki, vəziyyətdən ən optimal çıxış yolu deputatların bizneslə məşğul olmasını qadağan edən və faktiki olaraq işləməyən müddəanı qanunvericilikdən çıxarmaqdır.

Çıxarın, qoyun canları gizlənpaç oynamaqdan qurtarsın...

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Müəllif Cəlal Məmmədov

Mənbə AzPolitika.info

0.029860973358154