Dövlət İmtahan Mərkəzi 3300 divar saatı almasına aydınlıq gətirdi - QARŞI TƏRƏF

Dövlət İmtahan Mərkəzi 3300 divar saatı almasına aydınlıq gətirdi - QARŞI TƏRƏF
 

Dövlət İmtahan Mərkəzi (DİM) divar saatlarının satın alınması müsabiqəsinə yekun vurub.

AzToday.az xəbər verir ki, 79 min 48 manat 20 qəpik məbləğində olan tenderin qalibi “Global Stationery Office” MMC olub.

Tenderin şərtlərinə görə, DİM üçün 3300 ədəd divar saatı alınacaq. Yəni, bir divar saatı DİM-ə 24 manata başa gələcək. Şərtlərdən göründüyü kimi, DİM-in 3300 divar saatına ehtiyacı var. Bu isə o deməkdir ki, imtahan mərkəzinin 3300 iş və xidməti otağı var. Göründüyü kimi rəqəmlər ciddi şübhələrə əsas verir.

Tenderin qalibi olan şirkətlə DİM arasında 22.02.2021 tarixində məbləği 108418.4 AZN olan daha bir satınalma müqaviləsi (imtahan materiallarının satın alınması) bağlanılıb. Şirkət aprelin 26-da DİM-in keçirdiyi və məbləği 72596.24 AZN olan dəftərxana ləvazimatlarının satın alınması müsabiqəsinin də qalibi olub.

Qeyd edək ki, “Global Stationery Office” MMC 12.02.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ALI MUSTAFAYEV, ev 15, m. 24,qanuni təmsilçisinin Cavadov Mayıl Pərviz oğlu olduğu qeyd olunub.

Təxminən 1 il əvvəl yaradılan şirkət artıq 18 satınalma müqaviləsi bağlayıb və 7 tenderin qalibi olub. Şirkətlə satınalma müqaviləsi bağlayan qurumların 14-u səhiyyə müəssisələridir. MMC 09.10.2020-ci il tarixdən 27.11.2020-ci il tarixə qədər,yəni cəmi bir ay yarım ərzində TƏBİB-ə tabeli səhiyyə müəssisələrinin dəftərxana və təsərrüfat mallarının satınalmaları üzrə keçirdiyi 9 kotirovka sorğusunun qalibi olub. Bu prosedurların bir əldən idarə olunması elanlardan açıq aydın görsənir.

Göründüyü kimi, 10 manat nizamnamə kapitalı olmasına baxmayaraq “Global Stationery Office” MMC-nin qanuni təmsilçisi dəftərxana və təsərrüfat malları sektoruna gec girib tez uğur qazananlardandır.

Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə AzToday.az-la əlaqə saxlayaraq satınalma müsabiqəsinin şərtlərini yanlış təqdim etdiyimizi bildirməklə yanaşı divar saatlarının imtahan zalları üçün nəzərdə tutulduğunu dedi:

“Qeyd olunan divar saatları Dövlət İmtahan Mərkəzinin imtahan binaları bazasında mövcud olan zallar üçün alınıb. Məlumat üçün bildirək ki, DİM-in imtahan binaları bazasında 700 imtahan binası və 16 minədək zal var. Hələlik heç də bütün imtahan zalları saatla təmin olunmur. Lakin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda abituriyentlərin istəyi və onların imtahan vaxtını düzgün idarə etməsi üçün bütün imtahan zallarına saat qoyulması nəzərdə tutulur və müvafiq tender də bu işin qismən təmin olunması üçün keçirilib. Bu saatlar sonradan siniflərdə qalır və ümumtəhsil müəssisələri tərəfindən də istifadə olunur”.

0.015419006347656