Direktorun rüşvət aldığı adamlar – ADBAAD – izlər Abşeron Təhsil Şöbəsinə aparır

Direktorun rüşvət aldığı adamlar – ADBAAD – izlər Abşeron Təhsil Şöbəsinə aparır
 

İşçilərindən rüşvət alan məktəb direktoru ilə bağlı qalmaqal böyüyür. Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərovanın rüşvətxorluqda ittiham edilidiyini və 30 nəfərdən işə düzəlmək adı ilə külli miqdarda pul aldığını xəbər verimişdik. Şikayətçilərlə direktor arasında yaşayan gərginlik böyüməkdə davam edir. 

Məktəbdə baş verənlər barədə Təhsil Nazirliyinin və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin araşdırma aparması bildirilsə də cavabdeh qurumlar mətbuata hər hansı açıqlama vermirlər. Direktora rüşvət verən şikayətçilər tərəfindən Abşeron Rayon Polis Şöbəsinə 60-a yaxın müraciət daxil olub. Direktor barədə isə hələlik heç bir tədbir görülməyib. 


Xadiməlik üçün 5 min manat rüşvət


Təhsil eksperti Elşən Qafarov açıqlamasında Mehdabad 5 nömrəli məktəbin işçilərinin ona verdiyi məlumatları bölüşüb:

“Samirə Əkbərova Elnarə adlı labarantdan 5 min, Çiçək adlı labarantdan 4500,  Uşaq Birliyinin rəhbəri Naibə xanımdan 6 min, psixoloq Aygündən 5 min 500, Aysel adlı işçidən 5 min, Nərmin adlı xanımdan 3 min, Gülər xanımdan 3 min, Mülayim xanımdan 3 min, Savad adlı xanımdan 4 min, İlahə xanımdan 2 min 500, Gözəl xanımdan 4 min, həyat yoldaşından isə 2 min manat işə düzəltmək adı ilə rüşvət alıb.

Məsələ ilə bağlı niyə tədbir görən yoxdur? Məgər Abşeron Rayon Təhsil Şöbəsinin məsələdən xəbəri yoxdur? Təsəvvür edirsinizmi, xadimədən 4-5 min manat pul alınıb? Hər kəs çox gözəl bilir ki, Abşeron rayonunda məktəb direktoru keçmək üçün hara nə qədər pul vermək lazımdır”..

İzlər Abşeron təhsil şöbəsinə aparır


Ekspert sözügedən məsələdə daha iki vəzifəli şəxsin adnı çəkib. Onun dediyinə görə Samirə Əkbərovanın törətdiyi əməldən Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova da xəbərdardır:

“Məgər Abşeron rayonunda kadr yoxdur ki, Nazilə Məmmədova Bakıdan ora korrupsiyaya qoşulmuş bir şəxsi aparır? 275 nömrəli məktəbin direktoru olmuş, adı korrupsiyada hallanan Elmira İsgəndərova Nazilə Məmmədovanın əsas kassasıdır. Hansı ki, 275 nömrəli məktəb Elmira İsgəndərovanın əlindən iflic vəziyyətə düşmüşdü. İllərlə direktor müavinləri məhkəmələrdə qalmışdı. Həmin şəxs indi Abşeron Rayon Təhsil Şöbəsinin metodiki kabinetinə vəzifəyə qoyulub və bütün rüşvət də onun əli ilə həyata keçirilir. Mənə Samirə xanım bir dəfə demişdi ki, Elmira İsgəndərovanın qudasıdır. Demək ki, Elmira xanımın vızifəyə getməsinə vasitəçi odur”.  

Məlum faktla bağlı isə Mehdabad qəsəbəsi 5 nömrəli məktəb direktoru Samirə Əsbərova hələ də susqunluq nümayiş etdirir. Gün ərzində direktor zənglərimizi cavabsız qoyub. 


Təhsil nazirliyi məktəbdə araşdırma aparır


Məsələ ilə bağlı direktor müavini Eyyub Aslanov məktəbdə baş verənləri təsdiqləyib. O, deyib ki, məsələ artıq ictimailəşib və Təhsil Nazirliyi araşdırma aparır:

“Əlavə olaraq mən nə deyə bilərəm? Faktı nə dana bilərəm, nə də əlavəm var. Hər şey göz qabağındadır. Mən məktəbdə yeni işçiyəm. Direktor bu hadisə ilə bağlı məktəbdə danışmır. Ümumiyyətlə özünü elə aparır ki, sanki belə bir fakt baş verməyib. Müəyyən qalmaqallar oldu.

Amma öz işləridir. Yəqin ki, direktor şikayətçilərin pullarını qaytarır. Yoxsa yenə məktəbə gəlib qalmaqal yaradardılar. Son günlər sakitlikdir. Konkret məbləğdən xəbərsizəm. 62 yaşım var. Gözümlə görmədiyim, bilmədiyim şeyi deyə bilmərəm. Nə pul alanın, nə də pul verənin yanında olmuşam. Günaha bataram. Rüşvət məsələsini yalnız istintaq araşdıra bilər. Onsuz da rayon polis bölməsinə şikayət və müraciətlər gedib” .

Məlumat üçün bildirək ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərova rüşvətxorluqda ittiham edilir.

Onun 30 nəfərdən ayrı-ayrılıqda 4 mindən 10 minə qədər iş düzəltmə adı ilə pul aldığı iddia olunur. 

Mənbə Bizim.Media

0.016830921173096