Səfir Cahit Bağçı: "Türkiyə və Azərbaycan çiyin-çiyinə verərək bütün çətinliklərin öhdəsindən gələcək"

Səfir Cahit Bağçı:
 

"Türkiyə və Azərbaycan arasında dünyada tayı bərabəri olmayan və ürəklərə həkk olunan qardaşlığa birlikdə şahid oluruq və yaşayırıq. Heç şübhəsiz bu qardaşlığın təməli ortaq tarix və mədəniyyətə dayanır".

“Report”un xəbərinə görə, bunu Türkiyənin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı vətəndaşlara müraciətində bildirib.

“Türkiyənin qurucusu Mustafa Kamal Atatürk deyib: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri də bizim kədərimizdir”. Onun bu sözləri ilə ümumilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” anlayışı qardaşlıq əlaqələrimizin təməlini təşkil edir. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla cənab Prezident İlham Əliyevin “Gücümüz birliyimizdə, birliyimiz gücümüzdədir” bəyanatları isə bu qardaşlığı qorumağa hesablanan bir and və ikili münasibətlərimizi daha da irəliyə aparmaq iradəsinin göstəricisidir” - səfir qeyd edib.

Türkiyənin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı deyib ki, ikitərəfli əməkdaşlığımızın bu qədər inkişaf etdiyi və bir çox yeni fürsətlərin yarandığı belə bir tarixi dövrdə Türkiyənin Azərbaycandakı səfiri olmaq mənim üçün böyük şərəfdir: “Bu işin əhəmiyyətini və məsuliyyətini dərk edərək bütün həmkarlarım, əlaqədar təşkilat nümayəndələri və vətəndaş cəmiyyətlərilə birlikdə çox ciddi səylə, səmimiyyətlə və fədakarlıqla işləyəcəyik və münasibətlərimizi daha da möhkəmləndirməyə çalışacağıq.

Azərbaycanın qədim torpağı olan Qarabağın ermənilər tərəfindən təxminən 30 il davam edən qanlı işğalına 44 günlük Vətən müharibəsi vasitəsi ilə şanlı bir qələbə ilə son verildi. Bu zəfər qardaşlarımız olan Azərbaycan xalqı qədər Türkiyə vətəndaşlarını da sevincə qərq etdi”.

Türkiyənin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı qeyd edib ki, Türkiyə Vətən müharibəsində qardaşlıq öhdəliyini yerinə yetirərək Azərbaycanı əsla tək buraxmayıb: “Türkiyə müharibənin başlanğıcından sonuna qədər qardaşının yanında olub və lazımi bütün dəstəyi verərək dosta və düşmənə birlikdə olmağın gücünü göstərib. Türk milləti adına Azərbaycandakı və diasporadakı bütün azərbaycanlı qardaşlarımıza burdan səslənirik – Zəfəriniz mübarək və daimi olsun!”.

“Vətən müharibəsində şəhid olan bütün qəhrəman hərbçilərə və mülki vətəndaşlara Allahtan rəhmət, ailələrinə, silah yoldaşlarına, bütün sevənlərinə və Azərbaycan xalqına başsağlığı və səbir diləyirik. Ruhları şad, məkanları cənnət olsun.

Biz inanırıq ki, artıq Qarabağdakı xarıbülbül hər yaz şəhidlərimiz üçün açacaq, onların qoxusunu Qafqazın incisi Qarabağdan bütün türk dünyasına aparacaqdır.

Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, “Türkiyə dünən olduğu kimi bu gün də, sabah da bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olub və olmağa davam edəcəkdir. Heç bir güc Türkiyə- Azərbaycan birliyini sarsıda bilməyəcəkdir”. İki dövlət tək millət şüarı ilə əl-ələ, çiyin-çiyinə verərək bütün çətinliklərin öhdəsindən gələrək ölkələrimizi inkişaf etdirərək daha da irəliyə aparacaq və gücləndirəcəyik”.

0.045958995819092