Yəhya Abbasov 244 saylı məktəbdə təkcə bayramlarda pul yığmır, həm də… - İDDİA

Yəhya Abbasov 244 saylı məktəbdə təkcə bayramlarda pul yığmır, həm də… - İDDİA
 

“Bizim kontekstdə ana prinsip bu olmalıdır ki, hər hansı valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir. Bu, səhvdir. Hər il buna görə bir neçə direktor işindən azad edilir”. Bunu Təhsil naziri Emin Əmrullayev məktəblərdə əlavə pulların yığılması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

Təhsil naziri Emin Əmrullayev məktəblərdə şagirdlərdən 8 Mart bayramına görə pul yığılması ilə bağlı məsələyə münasibət bildirərkən isə deyib: “Azərbaycanda fəaliyyət göstərən ümumitəhsil müəssisələrində şagirdlərdən hər hansı pul vəsaitinin tələb olunması yolverilməzdir.”

Bunlar Emin Əmrullayevin 27.07 2020-ci il tarixdə Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsinə təyin edildikdən sonra verdiyi ilk açqlamalardandır. Bunları niyə xatırlatdıq? Hazırki təhsil nazirinin demokratik, işgüzar, yenilikçi, əlçatan biri olduğuna görə. Elə əvvəlki nazirlər də hər il müəllimlər günü və 8 mart qadınlar bayramı yaxınlaşanda oxşar açıqlamalar verirdilər. Sanki orta məktəblərdə pul elə müəllimlər günü və 8 mart bayramında yığılır.

Aktualinfo.org xatırladır ki, Bakıda, Binəqədi rayonunda yerləşən 244 saylı orta məktəbdə pul yığmağın müxtəlif metodları barədə elektron kütləvi informasıya vasitələrində bir sıra məlumatlara rast gəlmək olar. Burada yuxarı sinif şagirdlərinin əksəriyyətinin ali məktəblərə hazırlaşmaq üçün repititor yanına getdiyindən dərsə davamiyyətin aşağı olmasından tutmuş, fakultativ dərslərin düzgün qaydada təşkil edilməməsinə qədər məlumatlar yer alır.

Hətta qeyd olunur ki, bu işlərin başında 244 saylı orta məktəbə 20 ildən artıqdır ki, rəhbərlik edən Yəhya Abbasov dayanır. Yəni direktor şagirdlərə dərsləri buraxmağa müəyyən olunmuş məbləğlərin müqabilində icazə verir, dərs bölgüsünü isə öz yaxınları ilə aparır. Təbii ki,bunu da nəyinsə müqabilində.

Direktor Yəhya Abbasovun Binəqədi rayonu ərazisində, konkret olaraq 244 saylı orta məktəbin yaxınlığında bir neçə ticarət obyektinin və məktəbin ərazisini qanunsuz şəkildə zəbt edərək özünə avtoyuma məntəqəsi tikdirməsi barədə yayılan məlumatlar da bu qəbildəndir.

Redaksiyamıza daxil olan məlumatlarda isə Yəhya Abbasovun digər gəlir mənbələri barədə bildirilir. Mətləbə keçməzdən öncə orta məktəblərdə müəyyən səbəblərdən şagirdlərin yerdəyişməsi məsələləri ətrafında qısa bir arayış vermək istərdik. Qeyd edək ki, ilk dəfə olaraq 2019-cu ildən etibarən orta ümumi təhsil müəsissələrində şagirdlərin yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilir.

Övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayən­də), ilk növbədə, elektron sistemdə şəxsi kabinet yaradaraq övladını qeydiyyatdan keçirir. Valideyn (digər qanuni nümayəndə) övladını dəyişmək istədiyi məktəbdə tədris dili, xarici dil, təmayül istiqaməti uyğun gəldikdə müvafiq qruplar və siniflər üzrə boş yerə elektron sorğu yerləşdirir.

Bundan sonra elektron sistemdə şagirdin yerdəyişməsi barədə əvvəl oxuduğu məktəbə avtomatik bildiriş göndərilir. Müvafiq sorğu və bildiriş göndərildikdən sonra 5 iş günündən gec olmayaraq valideyn (digər qanuni nümayən­də) şagirdin əvvəl oxuduğu məktəbdən şəxsi işini götürərək dəyişmək istədiyi məktəbə təqdim edir.

Bunları da, həmin dövrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev bildirmişdi ki, “tətbiq edilən elektron sistem təhsilin təşkili və idarəedilməsi sahəsində optimal qərarların verilməsi üçün statistik və dinamik hesabatların əldə edilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, məktəb seçimində valideynlərin hüquqlarının qorunmasına, o cümlədən subyektiv amillərin qarşısının alınmasına zəmin yaradır.”

Maraqlıdır,elektron sistem məktəb seçimində valideynlərin hüquqlarının qorunmasına, o cümlədən subyektiv amillərin qarşısının alınması məqsədi ilə yaradılmışdısa, bəs 244 saylı orta məktəbin direktoru Yəhya Abbasov bu qaydalara niyə riayət etmir?

Bizə verilən məlumatlara görə, Yəhya Abbasov şagirdlərin yerdəyişməsini elektron qaydada,obyektiv şəkildə həyata keçirsə də,subyektiv amillərin qarşısını ala bilmir. Daha doğrusu bu amillərin qarşısıniı almağa ona tamahı imkan vermir. Arxada öz bildiyini edir, istədiyini ala bilməsə yerin olmadığını bəhanə gətirərək şagirdin yerdəyişməsini əngəlləyir.

Hələ təyinatının bir ili tamam olmamış nazir Emin Əmrullayev də, ötən ilin dekabrında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin olunmuş Mehriban Vəliyeva da elə bilirlər ki, 244 saylı orta məktəbin direktoru Yəhya Abbasov şagirdlərin yerdəyişməsini elektron qaydada, obyektiv şəkildə həyata keçirir, heç bir valideynin hüquqlarını pozmur. Amma bizə verilən məlumatlara görə Yəhya Abbasov direktoru olduğu məktəbdə qızını və gəlinini işə götürüb, dərs saatı yazmaqla dövlətin qanunlarını pozur, nəinki valideynlərin hüquqlarını.

Bununla Təhsil Nazirliyinin yuxarıda adlarını çəkdiyimiz rəsmilərinin diqqətinə çatdırmaq istəyirik ki, məktəblərdə pul yığılması ilə bağlı bayramdan-bayrama açıqlama verib,qadağalar qoymasınlar. Təhsil sistemində pulu həmişə, hər yerdən çıxarırlar. Binəqədi rayonundakı 244 saylı orta məktəbin direktoru Yəhya Abbasov kimi. Necəsini sözügedən məktəbə son yerdəyişmə ilə keçirilmiş şagirdlərin valideynlərindən də soruşa bilərlər.

P.S. Redaksiya yazıda adı keçən şəxs və qurumların mövqeyini dərc etməyə hazırdır. 

Mənbə Aktualinfo.org

0.019781827926636