Prezident Hafiz Paşayevi “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

Prezident Hafiz Paşayevi “Vətənə xidmətə görə” ordeni ilə təltif edib
 

Prezident İlham Əliyev Hafiz Paşayevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

MillətinSəsi.info 
xəbər verir ki, H. Paşayev Azərbaycan Respublikasında təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.

1941-ci il mayın 2-də Bakı şəhərində anadan olmuş Hafiz Paşayev 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirib. 

1964-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib. 

1971-1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub. 1975-1976-ci illərdə İrvayn şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirib. 

1984-cü ildə Doktorluq dissertasiyasını müdafiə edib, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

Qeyd etdiyimiz kimi, 1993-2006-cı illərdə Azərbaycanı diplomat olaraq xaricdə təmsil etmiş Hafiz Paşayev ölkə prezidentinin 14 avqust 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib. 

Prezidentin 13 yanvar 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılıb. Digər sərəncamla Hafiz Paşayev ADA Universitetinin rektoru təyin edilib.

100-dən artıq elmi əsər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifi olan H.Paşayev ingilis və rus dillərini bilir.

Evlidir, iki övladı, dörd nəvəsi var.

0.031090021133423