"Respublikanski" xəstəxanasının baş həkimi bu videoya görə işdən çıxarılıb? - Video

 

Xəbər verdiyimiz kimi, ötən gün Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov vəzifəsindən kənarlaşdırılıb.

Son günlər tibb sahəsindəki kadr dəyişiklikləri ilə əlaqədar işindən azad edilən Telman İbadovun dünən idarəçiliyində olan xəstəxanadan yayılmış görüntülərə görə Klinik Xəstəxanasından uzaqlaşdırılmağı istisna deyil.

Belə ki, ötən gün sosial şəbəkələrdə Respublika Klinik Xəstəxanasında karantin qaydalarının kobud şəkildə pozulmasını əks etdirən növbəti görüntülər yayılmışdı. Videoda xəstəxananın dəhlizində heç bir sosial məsafə və karantin qaydalarını gözləmədən onlarla insanın toplaşdığı aydın görünür. İcbari Tibbi Sığorta lövhəsinin qarşısında növbə gözləyən vətəndaşların arasında ümumiyyətlə məsafə yoxdur.

Qeyd edək ki, bu, sözügedən xəstəxanada karantin qaydalarının pozulması ilə bağlı yayılan ilk görüntü deyil. Ötən ayın əvvəllərində də xəstəxananın poliklinka şöbəsində həkim qəbuluna gələn onlarla insanın heç bir məsafə gözləmədən toplaşdığını əks etdirən foto yayılmışdı.

İddia olunurdu ki, həmin şəxslər rayonlarda əlilliklə bağlı pensiya alan, təkrar müayinə üçün bu xəstəxanaya göndərilənlərdir. Həmin vaxt xəstəxana rəhbərliyi sıxlığı hava şəraiti ilə əlaqələndirmişdi və bir qədər sonra isə növbəlilik prinsipinin gözlənildiyini açıqlamışdı.

Lakin sonuncu videoya gələn şərhlər onu göstərir ki, xəstəxanada karantin qaydalarına hələ də əməl olunmur və oxşar vəziyyət hər gün yaşanır. Buna görə də xəstəxananın baş həkiminin məhz belə neqativ halların təkrarlanması ilə bağlı işdən azad edildiyini deyə bilərik.

Xatırladaq ki, TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlının əmri ilə Telman İbadovun yerinə xəstəxanaya Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub.

0.027521133422852