Şuşada 9 MAY paradı–Niyə də olmasın? - Yaxud Xankəndində keçiriləcək parada necə cavab verilməlidir?

Şuşada 9 MAY paradı–Niyə də olmasın? - Yaxud Xankəndində keçiriləcək parada necə cavab verilməlidir?
 

Rusiya sülhməramlıları Qarabağda, Xankəndində 9 May - faşizm üzərində qələbə gününə hazırlaşırlar, hərbi parad keçirəcəklər. Özü də “qulaqlarının dibində”, Xocavənddə faşist Nijdenin heykəli ola-ola. 

Sual yaranır ki, Rusiya doğrudan da Böyük Vətən Müharibəsi adlandırdığı savaşı, orada həlak olanların xatirəsini yüksək qiymətləndirir və 9 mayda rus qoşunlarının harada yerləşməsindən asılı olmayaraq, parad keçirməsini “olmazsa olmaz” hesab edirsə, o zaman Putinin “sülhməramlıların məsuliyyət zonası” adlandırdığı ərazidə faşist heykəli nə gəzir?

Bəlkə görmürlər, xəbərləri yoxdur bu heykəldən, Şuşaya atılan “İskəndər” raketindən “xəbərləri olmadığı” kimi. Təbii ki, görürlər, amma buna baxmayaraq, həmin paradda iştirak edən rus əsgərləri və zabitləri onların babalarına güllə atan və ermənilərin qəhrəman hesab etdikləri faşistin bir növ heykəlinin kölgəsindən keçmiş olcaqlar, bunu özlərinə yaraşdıracaqlar...

Hələ ermənilər təzəlikcə həmin heykəlin altına “bu, sizin üçün Armavir deyil” sözlərini yazıblar. Bununla da 2019-cu ildə Rusiyanın Armavir şəhərində ermənilərin Nijde üçün düzəltdikləri xatirə lövhəsinin yerli hakimiyyət tərəfindən sökülməsinə işarə vurulur. 

Yəni göz görə-görə ermənilər onların boğazını Azərbaycan əsgərinin əlindən alan rus əsgərinə meydan oxuyur, onun müharibədə həlak olmuş babalarını təhqir edir. Ancaq Moskva bütün bunları təbii ki, “görmür”...

Araik Arutunyanın Moskvaya rəsmi səfərindən tutmuş, Baydenin məlum bəyanatına, Putinlə Makronun Qarabağa dair telefon danışığından, bu məsələdə “cütləşməsindən” tutmuş, sülhməramlıların Qarabağdakı davranışlarına – 9 may “şou-parad” planlarına qədər bir çox məsələlər Türkiyə ilə Azərbaycana, birliyimizə, suverenliyimizə, ərazi bütövlüyümüzə çirkin qəsdin tərkib hissələridir. Bəs, Azərbaycan, dövlətimiz, cəmiyyətimiz bütün bunların qarşılığında nə edir və nəyin hayındadır? 

Son bir neçə ay ərzində Azərbaycanın apardığı diplomatik mübarizə və informasiya savaşındakı uğurlar yalnız ölkə başçısının müharibə günlərində xarici KİV-lərə verdiyi müsahibələr, bəyanatlar və vətəndaşlarımızın sosial şəbəkəlrdəki aktivliyilə məhdudlaşdı. Təəssüf ki, nə XİN-in, nə parlamentin AŞPA-dakı nümayəndə heyətinin, nə də ki xarici ölkələrdəki nümayəndəliklərimizin xüsusi qeyd olunacaq, aktiv, səmərəli fəaliyyəti nəzərə çarpmadı. Diaspor işindən isə ümumiyyətlə danışmağa dəymir...

Ermənilərin Baydenin çıxışı, eləcə də Fransanın və Rusiyanın mövqeyindən eyforiya yaşadığı indiki dönəmdə əlimizi-qolumuzu sallayıb durmalıyıqmı? Nədən məsələn, elə mayın 9-da keçiriləcək məlum parada adekvat bir addım atmayaq, biz də həmin gün Şuşada hərbi parad keçirməyək? Niyə Rusiya “sülhməramlısı” bizim torpağımızda erməni quldur rejiminin iştirakıyla bunu etməlidir, bizsə yox? Bizim də həmin müharibədə babalarımız iştirak edib, döyüşüb və həlak olublar. 

Biz də onların xatirəsini Şuşada, özü də elə bir təntənə ilə qeyd edək ki, Xankəndində, yəni Şuşanın ayağının altında olanların himnimizi eşidən qulaqları, bayrağımızı görən gözləri deşilin. Hələ havaya bir neçə hərbi dron da qaldırmaq olar ki, qulaqları “Bayraktar” səsi üçün yadırğayan ermənilər ayılsınlar...

Bu, həm indiyə kimi hər il 8 mayda Şuşanın işğalını bayram kimi qeyd edən ermənilərə, həm də Xankəndində Azərbaycanla hesablaşmadan, onun razılığını almadan, Azərbaycan rəsmilərini dəvət etmədən, qondarma rejimin iştirakıyla parad keçirməyə hazırlaşanlara layiqli cavab olar. Doğrudur, belə paradlar Rusiya Silahlı Qüvvələrinin qarnizonlarının olduğu hər yerdə keçirilir. Lakin bu, Azərbaycan tərəfilə mütləq razılaşdırılmalıydı. Sülhməramlılar kontingenti hərbi baza statusu daşımır, ona görə də onun fəaliyyəti yerləşdiyi ölkənin, yəni Azərbaycanın qanunları və 10 noyabr sazişində göstərilən maddələrə uyğun olmalıdır. 

Bir də ki, Rusiyanın məqsədi doğrudan da sadəcə, 9 mayı qeyd etməkdirsə, bunu hərbi hissə daxilində təntənəli keçid təşkil etməklə gerçəkləşdirə bilərdi, Xankəndinin mərkəzində nümayişkaranə şəkildə parad keçirməklə yox. Və Rusiya tərəfi səmimidirsə, öz sülhməramlılarının yürüşünə azərbaycanlı rəsmilərin və hərbçilərin də qatılmasında maraqlı olardı, həm yerləşdiyi ölkənin suverenliyinə, həm də həmin müharibədə həlak olmuş 300 mindən çox azərbaycanlının xatirəsinə hörmət əlaməti olaraq. Ancaq bunun əksinə, gözlənilən tədbirdə qanunsuz erməni silahlı birliklərinin və quldur dəstələrinin nümayəndələrinin, qondarma rejimin başçılarının və bayraqlarının olacağı ehtimal edilir...Əgər belə bir şey olsa, bu, əsl siyasi təxribat, təcavüz və özbaşınalıq aktı sayılmalıdır.

Nəhayət, bütün bu baş verənlərin fonunda cəmiyyətimizin arxayın, passiv, hərəkətsiz görünməsi olduqca ağrılı mənzərədir.

Məntiqlə ermənilər bütün dünyanı ayağa qaldırdıqları vaxtda, biz də heç olmasa ölkəmizdəki Rusiya, ABŞ, Fransa səfirliklərinin “qapısını döyməli” idik. QHT-lər, ayrı-ayrı ictimai təşkilatlar, siyasi partiyalar, bir sözlə, vətəndaş cəmiyyəti öz sözünü deməli, dünyaya səs salmalıydı, özü də heç bir tapşırıq, göstəriş gözləmədən. Bu ictimai təşkilatlar, siyasi partiyalar, QHT-lər indi də bir şeyə yaramırlarsa, daha nə vaxt və nəyə yarayacaqlar?

Bəs, hara gedib bunlara indiyə qədər xərclənən on milyonlar, yüz milyonlar? Təəssüf ki, QHT sektoru bazara, mənasız qurumların qrant alverxanasına çevrildiyindən, vətəndaş cəmiyyətinin amorf bir anlayışa dönməsi üçün hər şey edildiyindən yuxarıda qeyd etdiyimiz aktivlik, dirəniş, informasiya savaşı yox səviyyəsindədir. Sanki nə cəmiyyətdə, nə də hökumətdə vətəndaş cəmiyyəti subyektlərinin fəal işinin indiki durumda diplomatiyamıza nə dərəcədə yardım edə biləcəyini anlayan yoxdur.

Elə bu qüsurlu yanaşmanın nəticəsidir ki, bu gün ölkəmizdə, öz içimizdə yaşayan və ermənidən betər ermənilik edən, “erməni soyqırımı” deyib anqıran “liberallar”ın, Rusiyanın, İranın, daha kimlərin tulalığını edən “5-ci kolon” təmsilçilərinin səsi vətən savaşı aparan övladlarımızın səsindən daha gur çıxır, mətbuatda, sosial şəbəkəlrdə onların əlindən tərpənmək olmur.

Odur ki, təkcə xaricdəki saysız-hesabsız düşmənlərimiz deyil, içimizdəki “xoşqeyrət liberallar” və xaricə işləyən qulbeçələr də qarşılarında güclü xalq, cəmiyyət, dövlət, nəhayət ordu görməlidirlər, necə ki, 44 gün ərzində görürdülər. Özü də bu dəfə həmin ordunu məhz mayın 9-da Şuşada görsələr, lap yerinə düşər...

Müəllif Cəlal Məmmədov

Mənbə AzPolitika.info

0.036230087280273