İlk addım atıldı - KİV DF ləğv oldu, MİA yarandı...

İlk addım atıldı - KİV DF ləğv oldu, MİA yarandı...
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

Sonrakı addımları gözləyək

 Hazırda Azərbaycan bır sıra sahələrdə normal inkişaf sürətinə malikdir. Amma bu inkişafı media sahəsinə aid etmək mümkün deyil. Ölkəmiz müstəqillik əldə edəndən sonra Ümummilli lider Heydər Əliyevin diqqəti nəticəsində media sahəsində əsaslı dönüş yaratmaq istiqamətində ciddi addımlar atıldı. 2003-cü ildə Ulu Öndəri əvəz edən hazırkı prezident İlham Əliyev ölkə mediasının inkişafı üçün “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi haqqında 31 iyul 2008-ci il tarixli 2957 nömrəli Sərəncam imzaladı.

Səramcamın yerinə yetirlməsi Administrasiyaya tapşırıldı. Bundan bir qədər sonra KİV-ə Dövlət Dəstəyi Fondu yarandı. Fond fəaliyyətə başlayan gündən bu sahəyə məsul olan yüksək vəzifəli şəxslər öz qohum-əqrabalarını, hətta ailə üzvlərini, dostlarını, qabiliyyətləri oldu-olmadı, mətbuat sahəsinə cəlb etdilər. Medianın inkişafı üçün dövlət büdcəsindən mətbuatın inkişafına ayrılan maliyyə vəsaitini dağıtmaqla məşğul oldular. Bu proses düz 10 ildən çox davam etdi. Ölkə Prezidentinin kütləvi informasiya vasitələrinn inkişafına dair imzaladığı Sərəncamla mətbuata verdiyi dövlət dəstəyi “mehdiyevçilər” və “həsənovçular” tərəfindən tamam başqa istiqamətə yönəldildi və mənimsənildi. Ölkə mediasının sürətli inkişafını nəzərdə tutan real işlər unuduldu. Cənab Prezidentə isə ölkə mediası sahəsində “böyük yüksəliş” əldə edilməsi barədə saxta, yalan məlumat verildi.

Yadımdadır, 21 iyul 2015-ci ildə Milli Mətbuat Günü ilə əlaqədar cənab Prezident Mətbuat Şurası İdarə Heyətinin üzvlərilə görüşəndə media sahəsində mövcud olan xeyli nöqsanlardan bəhs etdi. Cəmiyyətdə medianın artan rolu və onun sürətlə inkişaf etməsinin təmin olunmasında Prezident Administrasiyasının işini ölkə rəhbəri tənqid etdi. Elektron və internet medianın dünyada sürətlə inkişaf etdiyi zamanda ölkədə medianın sürətli inkişafının təmin edilməsi sahəsində xeyli nöqsanlar olduğunu qeyd edən ölkə Prezidentinin PA-nın İctimai-siyasi şöbəsini dəyişikliklərə hazır olmamaqda, lənglikdə tənqid etdiyini yaxşı xatırlayıram.

Çox təəssüf ki, vəzifədən uzaqlaşdırılmış o vaxtkı yüksək çinli şəxslər ölkə Prezidentinin tənqidlərindən zamanında müsbət nəticə çıxarmadılar. Çirkin işləri davam etdirdilər. R. Mehdiyev qızına məxsus “Palitra” qəzetinə, Ə. Həsənov isə həyat yoldaşı S. Vəliyevaya məxsus “Kaspi” və “Kaspiy” qəzetlərinə ən yüksək rəqəmlə ifadə olunan dövlət yardımı ayırmaqda davam etdilər. Əslində, dövlətdən maddi dəstək alan qəzetlərin 90 faizi adlarını yuxarıda çəkdiyim yüksək vəzifəli şəxslərə məxsus idi.

Ölkənin media sahəsində uzun sürən bu cür mənfi proseslərdən sonra, nəhayət, ölkə Prezidenti ciddi kadr islahatlarına start verdi. R. Mehdiyev və Ə. Həsənov vəzifədən azad olundular. Bununla da ölkə mediası boğazından asılmış “zəlilər”dən qurtuldu. Lakin bəllidir ki, ölkənin media sahəsində illər ərzində yaradılmış bataqlığı qısa müddətdə qurutmaq mümkün deyil.

Düşünürəm ki, ölkə Prezidentinin srağagün Medianın İnkişaf Ağentliyinin yaradılması barədə imzaladığı Sərəncam media sahəsində yığılıb qalmış köklü problemlərin həll olunması istiqamətində ən səmərəli addımların başlanğıcı olacaq. Sərəncamda həm yeni gənc perspektivli kadrların vəzifəyə irəli çəkilməsi, həm də bu sahədə dərin islahatlara başlanılması ölkə mediasının müasir tələblərə cavab verməsini təmin etmək baxımından çox önəmli olacaqdır.

0.018518924713135