Üçtərəfli Moskva görüşü Azərbaycana nə vəd edir?

Üçtərəfli Moskva görüşü Azərbaycana nə vəd edir?
 

Yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçirildi. Görüş zamanı hər 3 ölkənin dövlət başçılarının imzaladıqları Bəyanat əsasında kommunikasiyaların açılması, nəqliyyat əlaqələrinin bərpası üçün İşçi Qrupun yaradılması dəstəklənib. Moskva görüşü beynəlxalq və yerli mediaya qapalı keçirilsə də, bəzi məqamların görüşdə müzakirə mövzusu olmadığı aydınlaşıb.

 Belə ki, Qarabağın "status" məsələsi və 62 erməni diversantın hərbi əsir kimi Ermənistana qaytarılması tələbi dəyirmi masaya qoyulmayıb. Görüşdən sonra keçirilən  mətbuata ayaqüstü açıqlamada Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ münaqişəsinin keçmişdə qaldığını vurğulayıb, Ermənistan lideri Nikol Paşinyan isə Qarabağ münaqişəsinin həll olunmadığını deyib.

Bununla belə, bir sıra suallar hələ də açıq qalır. Məsələn, Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində Azərbaycanın dövlət suverenliyinin bərpası; Həmin əraziyə azərbaycanlı köçkünlərin qayıtması; Dağlıq Qarabağdakı erməni silahlı dəstələrinin taleyi; Rusiya sülhməramlılarının fəaliyyət sferası və mandatı ilə bağlı suallar; Ağdərə-Kəlbəcər yolunun açılması və s...

Maraqlıdır, üçtərəfli Moskva görüşü Azərbaycana nə vəd edir? Görüşün müsbət və mənfi tərəfləri nədir?

Məsələ ilə bağlı siyasi şərhçi Əli Orucovun fikirlərini öyrəndik: "Bu görüşdə əsasən iqtisadi məsələlər ön plana çəkildi - nəqliyyat-kommunikasiya xəttlərinin açılması, ərazilərin bərpası və s. İmzalanan sənədin xarakteristikası da göstərir ki, görüşdə müzakirə edilən məsələlər əsasən iqtisadi sferanı əhatə edib. Sözsüz ki, bir-iki görüşdə onilliklərdir formalaşmış ziddiyyətlərin və problemin hamısını aradan qaldırmaq mümkün deyil, çox güman ki qarşıdakı təmaslarda mərhələli şəkildə bütün məsələlərə aydınlıq gətriləcək. Bu görüşdən bizim əsas gözləntimiz Azərbaycan ərazisində erməni silahlı birləşmələrinin qalmasının, bir çox ərazilərin bizim nəzarətimizdən kənarda qalması, rus sülhməramlıların səlahiyyət çərçivəsinin müəyyən edilməsi və s. müzakirə edilməsi idi. 10 noyabr bəyanatına görə, sülhməramlıların təmas xətti boyunca atəşkəsə nəzarət etməsi nəzərdə tutulmuşdu, amma onlar ərazidə infrastruktur yaradır, bizim üçün şübhə doğuran erməniləri Laçın dəhlizi ilə köçürüb Qarabağa gətirir, erməniləri daha çox dəstəkləyir, onların özbaşınalıqlarına göz yumurlar. Bizim qoşunlar Laçın şəhərindən keçib Kəlbəcərə gedəndə sülhməramlılar onlardan Azərbaycan bayraqlarının çıxarılmasını tələb edir, bütün bunlar cəmiyyətdə suallar doğurur. Rusiya silahlıları Qarabağda səlahiyyətlərinə aid olmayan işlərlə məşğul olur ki, bu da erməniləri daha böyük iştahada bulunmağa həvəsləndirir. Bu məsələ tənzimlənməli, çərçivələr müəyyənləşdirilməlidir, amma hələlik bunları görmürük. Azərbaycanın nəzarət edə bilmədiyi Yuxarı Qarabağda separatçıların qanun-qaydaları işləyir, rus sülhməramlıları da onlara dəstək verir. Amma sülhməramlı qüvvə neytral olmalıdır, tərəflərdən heç birinə dəstək verməməlidi. Azərbaycan prezidenti dəfələrlə vurğulasa da ki, status məsələsi bitib, həm Rusiya, həm də Fransa prezidentləri fikirlərində status məsələsini işlədirlər. Biz əmin olmalıyıq ki, Rusiya bizim xeyrimizə nəyisə öz xoşuna etməyəcək, bunu biz özümüz israrlı tələblə almalıyıq. Razılaşmaya görə, Laçın dəhlizi ilə bərabər, Mehri dəhlizi də açılmalıdır, artıq iki aydır ki, Laçın dəhlizi işləyir, amma Mehri dəhlizi barədə hələ indi ümumi olaraq danışılır. Bugünə qədər hələ də Türkiyənin atəşkəsə nəzarət etməsi təmin edilməyib, bunun da yəqin müəyyən səbəbləri Rusiyadan asılıdır, müqavimət göstərir, mane olur. Sənəddə Qarabağ regionunda bərpa işlərinə hər üç ölkənin cəlb edilməsi nəzərdə tutulur, Azərbaycan ərazisində başqa ölkənin bərpa işləri aparmasına heç bir ehtiyac yoxdur, ərazidə Azərbaycanın suverenliyi tanınmalıdır, bütün işləri də biz görməliyik. Nəqliyyat dəhlizlərinin açılması bizdən çox ermənilərin xeyrinədi, çünki onlar iqtisadi bldokadadır, onlara bu hava-su kimi lazım idi. İndi Azərbaycan üzərindən Rusiya Ermənistana hər cür dəstək verə biləcək. Azərbaycan hərəkətləri ilə Rusiya sülhməramlılarının regionda fəaliyyətinə təsir edə bilər, onun mövqeyini dəyişə bilər.

Bütün bunlarla yanaşı, hadisələr Rusiyanın Azərbaycana təsir və təzyiq imkanlarını artırır - Qarabağa, Laçın dəhlizinə və Mehri dəhlizinə (açılsa) Rusiya nəzarət edəcək və bundan siyasi təzyiq vasitəsi kimi istifadə etməsi labüddür".

Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli bildirdi ki, Moskva görüşü Azərbaycan üçün uğurla başa çatıb: "Məsələn, Naxçıvana dəmir və şose yolu nəqliyyat dəhlizi açılacaq, bu bütün türk dünyasını birləşdirəcək. İndiyə qədər Naxçıvana yükləri İran ərazisindən daşıyırdıq, həmin yükün hər tonuna görə bizdən ortalama 10 dollar pul alırdılar. Bundan sonra o 10 dolları da verməyəcəyik, üstəlik nə qədər istəsək yük göndərəcəyik, bir tərəfdən də məsafə azaldığı üçün məsrəflərimiz azalacaq. Bu məsələnin yalnız iqtsadi tərəfidir, bunun siyasi dividendi daha böyükdür - Naxçıvan bolkadadan çıxır. Bununla yanaşı, bəli, Ermənistan da blokadadan çıxır, bundan iqtisadi fayda görən erməni cəmiyyəti millətçi-şovinist zümrəni dəstəkləməyəcək, nəticədə onların nüfuzu azalacaq. Bütün məsələlər mərhələli şəkildə həllini tapacaq. Məsələn, bu görüşdə Paşinyan Dağlıq Qarabağın statusu məsələsini qaldırdı, buna heç bir reaksiya olmadı, Putin "Dağlıq Qarabağ" ifadəsini işlətmədi, yalnız "Qarabağ" sözündən istifadə etdi. Mehri dəhlizi Türkiyə və Azərbaycanın böyük uğurudur, bu bizi birtərəfli qaydada Gürcüstandan asılı olmaqdan xilas edir - xaricə çıxışımızı şaxələndirir. Ermənistana və Gürcüstana gedən rabitə, internet və digər optik xətlər Azərbaycan üzərindən keçəcək, bu xətlər üzərində ölkəmiz mülkiyyət hüququna malik olacaq, tranzit haqqı bizə çatacaq, bu da dividenddir.

Böyük sülh müqaviləsinin imzalanmasına gəldikdə isə çox böyük ehtimalla bu məsələlər müzakirə edilib və hesab edirəm ki, indiki yanaşma bu xüsusda təqdirəlayiqdir. Əvvəl iqtisadi əlaqələr açılacaq, sərhədlərin demarkasiyası və delimitasiyası həyata keçirilir, yollar açılır, sərhədlər açılacaq, kömrük məntəqələri qurulacaq - ölkələr arasında gediş-gəliş və ticarət əlaqələri gündəmə gələcək. Bütün bunlar ehtirasların, millətçi duyğuların yavaş-yavaş səngiməsinə gətirib çıxaracaq. Məsələn, Makron deyir ki, bundan sonrakı mərhələ Dağlıq Qarabağın tamamilə Azərbaycanın nəzarətinə keçməsi mərhələsidir, bu belə də olacaq. Xankəndidəki və Ermənistandakı ermənilər görəndə ki, Azərbaycanla münasibət onlara iqtisadi dividend gətirir, onlar buna daha çox can atacaq. Düşünürəm ki, qarşıdakı beş il ərzində rus sülhməramlıları Qarabağda qalacaq, sonrakı mərhələdə isə Qarabağ üzərində Azərbaycanın tam nəzarəti təmin ediləcək. Bundan sonra bölgədə iqtisadi və siyasi sabitlik bərqərar olacaq. Burada ən böyük ağırlıq Azərbaycanın üzərinə düşür, çünki ona dağıdılmış, daşı-daş üstə olmayan böyük bir ərazi qalıb, bu ərazilər bərpa edilməli, dirçəldilməlidir. Azərbaycan bunun üçün Ermənistana qarşı təzminat davası açacaq, buna görə rəsmi İrəvan maliyyə təzminatı ödəməli olacaq".

 Akif Nəsirli

0.082795858383179