Hökumətlə oliqarxların qiymət savaşı
"Süni qiymət artımı" ifadəsi haradan yaranıb?
Keçən ilin ilk iş günündən ölkənin yanacaq bazarında ən populyar olan markaların qiymətini ortalama 20 faiz bahalaşdıran hökumət, indi də bazarlarda süni qiymət artımı ilə məşğul olan satıcıların ovuna çıxıb. Bu xüsusda Bakı Nəqliyyat Agentliyinin bəyanatı anlaşılandır, çünki ictimai nəqliyyatda gediş haqqı dövlət tərəfindən tənzimlənir, ikincisi isə sərnişindaşıma xidməti ilə məşğul olan sahibkarların fəaliyyətinin subsidiyalaşdırılacağı artıq Tarif (qiymət) Şurası tərəfindən də vəd edilib. Ona görə də sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərin fəaliyyətinə nəzarətin gücləndirilməsi, onun monitorinqinin aparılması normal hal hesab edilə bilər. O cümlədən, dövlət tərəfindən qiymətləri tənzimlənən digər mal və xidmətlərin həyata keçirilməsini diqqətdə saxlamaq olar. Amma hökumət əlindəki resursları ilə bütün sahibkarların satdığı mal və xidmətlərin qiymətinə nəzarət etmək, bu sahələrdə qiymət artımının qarşısını inzibati yolla almaq fikrindədir. Məsələn, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin internet resurslarında aşağıdakı xəbərdarlıq yerləşdirilib:
- Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyalar artırılacaq.
Tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi aparılan monitorinqlərin intensivliyi daha da artırılıb.
Dövlət Xidməti sahibkarların nəzərinə çatdırır ki, nəzarət tədbirləri zamanı qanun pozuntusu halları aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulan ciddi məsuliyyət tədbirləri görüləcək. Bu hallar üzrə cinayət tərkibli əlamətlər müəyyən olunduqda isə, toplanmış materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndəriləcək.
İstehlakçılar istehlak bazarında sui-istifadə və əsassız qiymət artımı halları ilə rastlaşdıqda, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər (tel:498-15-01, 498-15-04).
Yuxarıdakı mətndə açıq şəkildə ifadə edilir ki, qurum yalnız dövlət tərəfindən tənzimlənən qiymətlərə deyil, bütün bazar qiymətlərinə nəzarət edəcək və harda qiymət artımı müşahidə etsə, müvafiq tədbirlər görəcək. Bu isə Azərbaycan dövlətinin rəsmi olaraq qəbul etdiyi bazar iqtisadiyyatı modeli ilə ciddi ziddiyyiət təşkil edir.
Bazar iqtisadiyyatının aparıcı prinsipləri qiymət azadlığı, rəqabət mühiti və inhisarlardan qorunmadır. Bir tərəfdən qiymət azadlığı, digər tərəfdən isə inhisarçılığın qarşısının alınması ilk baxışdan sadə insanlar üçün təzadlı görünsə də, bu, tam məntiqə uyğundur. Çünki istənilən iqtisadi modeldə inhisarçılıq yüksək səviyyədədirsə, orada rəqabət mühiti ola bilməz, rəqabət mühiti yoxdursa, keyfiyyətli mal və xidmət ortaya qoymaq çox çətin, bəzən isə heç mümkün deyil.
Azərbaycanda isə bu baxımdan vəziyyət çox acınacaqlıdır. Artıq on ildən çoxdur ki, hökumət bazar iqtisadiyyatı modelinə keçidin uğurla başa çatdığını elan edib. Lakin hökumət minlərlə mal və xidmətin qiymətlərinə birbaşa özü nəzarət edir. Tarif Şurası də, məhz hökumətin əmtəə və xidmətlərin qiymətləri üzərində inhisarçılıq siyasətini həyata keçirən bir quruma çevrilib. Bu isə bazar iqtisadiyyatının ana prinsipləri ilə daban-dabana ziddir. Bu da hələ hamısı deyil, hökumət onlarla dövlət şirkətləri vasitəsi ilə iqtisadiyyatın böyük bir sektorunu öz əlində saxlayır ki, bu da inhisarçılığın bir növüdür.
Bütün bunlarla yanaşı, ölkə iqtisadiyyatının yerdə qalan hissəsi də oliqarxiyanın - məmur biznesinin inhisarçılığı altındadır. Yəni iqtisadiyyatın bir hissəsi rəsmən dövlətin, digər hissəsi isə dövlət məmurlarının nəzarəti altındadır. O üzdən də ölkədə qiymətləri təbii şəkildə tənzimləyə biləcək rəqabət mühiti yoxdur.
Hazırkı dönəmdə hökumət qiymətləri artırmaqla, gələn izafi gəlir hesabına öz maliyyə sıxıntısını aradan qaldırmaq istəyir. Lakin hökumətin yanacaq qiymətlərini qaldırması ilə öz məsrəflərinin artdığını görən oliqarxlar avtomatik olaraq qiymət artımına getməyi planlayırlar. Ona görə də yanacağın qiyməti bahalaşan kimi, bazarlarda bütün növ məhsulların qiymətinin artdığı müşahidə edilir. Belə olan halda hökumətin qiymət artımından yalnız sıravi vətəndaş zərər çəkir ki, bu da haqlı sosial narazılıq doğurur. Hökumət isə "süni qiymət artımı" adı altında oliqarxlara bir tərəfdən inzibati təzyiq göstərməklə, digər tərəfdən subsidiya vəd etməklə qanunauyğun qiymət artımını cilovlamaq istəyir. Əslində isə hazırki qiymət artımı süni deyil, məhz, yanacağın 11-33 faiz artmasının hələ ki psixoloji təsiri altında baş verən artımdı. Biz yaxın həftələrdə qiymətlərin iqtisadi - xərc maddələrinin şişməsinin təsiri altında sabitləşən qiymətləri görəcəyik. Hələ ki oliqarxıya ilə hökumət arasında pərdəarxası qiymət savaşı gedir. Bu savaş heç də iki tərəfin mənafelərinin toqquşması üzərində deyil, hökumət həm qiymət artımından qazanmaq, həm də qazancının bir hissəsini inhisarçıların üzərinə qoymaq istəyir ki, qiymət artımı ciddi sosial narazılığa səbəb olmasın. Fikrimizcə, bu mümkün olmayacaq, çünki nə dövlət qiymət artımından zərər çəkən sahibkarların hamısının fəaliyyətini adekvat şəkildə subsidiyalaşdıra biləcək, nə də sahibkar - oliqarxlar hökumətin mənafeyinə görə öz mənfəətinin bir hissəsindən vaz keçəcək. Yəni bir müddətdən sonra yeni qiymətlər bazarda oturuşacaq və hökumətin yanacağın qiymətini bahalaşdırmaqla əldə etdiyi bütün izafi gəlirlər sadə vətəndaşın cibindən çıxarılacaq. "Süni qiymət artımı" "mahnısı" isə bir müddətdən sonra eşidilməz olacaq. Cəmiyyətin buna reaksiyasının necə olacağını isə politoloqlar proqnozlaşdıra bilər.
Yanacağın bahalaşdırılmasında hökumətin məqsədi 2022-ci ilin iyun ayından dizel yanacağının, 2023-cü ilin iyul ayından isə Aİ-92 yanacaq növünün Avropa standartlarına uyğun istehsal edilməsi ola bilər. Belə ki, hökumət mütəxəssislərinin hesablamalarına görə, sözügedən yanacaqların Avropa standartlarına uyğun istehsalı onların maya dəyərini 50-60 faiz bahalaşdıracaq. Məhz buna görə də, həmin vaxta qədər rentabelli qiymət formalaşdırmaq üçün qiymətləri indidən mərhələli şəkildə artırırlar. Bu da onu deməyə əsas verir ki, yanacağın qiyməti yuxarıda göstərilən tarixlərə qədər azı bir dəfə də artırılacağı gözləniləndir. Bu gözlənti isə yeni bahalaşma dalğasını vəd edir.
Bununla yanaşı, TŞ-nın qərarında xatırlanılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə digər neft məsullarının (Aİ-92 markalı avtomobil benzini, dizel və bitum istisna olmaqla) qiyməti liberallaşdırılıb. Bu o deməkdir ki, qeyd edilən neft məhsullarından başqa, yerdə qalan neft məhsullarının qiymətini SOCAR və ya neftayırma zavodu istədiyi vaxt bahalaşdıra bilər. Bu liberallaşdırma deyil, çünki qiymətin liberallaşdırılması o zaman baş verir ki, qiyməti tənzimlənməyən məhsulun bir neçə istehsalçısı olsun. Azərbaycanda isə neft məhsulları istehsalı ilə yalnız SOCAR məşğul olur. Son olaraq belə nəticəyə gəlmək olar ki, digər neft məhsullarının qiyməti buraxılıb Rövnəq Abdullayevin insafına, hansı ki, erməni kilsəsinə qazı pulsuz, Azərbaycan xalqına isə limitlə satır... Əlavə şərhə heç bir ehtiyac yoxdur.
Akif Nəsirli