Bəs deyirdiz qiymət artmayacaq...

Bəs deyirdiz qiymət artmayacaq...
 

Göyərti nədən 20 qəpik oldu?

 Hə, millət, məlum məsələdir ki, qiymət artımı heç də xoşagələn hal deyil, ələlxüsus da minimal pensiya və maaşla dolanmaq zorunda olanlar üçün. Düşünmürəm ki, normal idarəçilik sisteminə malik dövlətlərdə də, durduğu yerdə, heç bir ehtiyac olmadığı halda, hansısa bir sahədə qimətləri qaldırsınlar. Əgər qaldırırsa, deməli, buna ehtiyacı var.

 Buna görə də hesab edirəm ki, yanvarın 5-də benzinin və dizel yanacağının qiymətinin qalxması da, məhz zəruri ehtiyacdan irəli gəlib.

Yaddan çıxarmayaq ki, ölkəmiz artıq bir ilə yaxındır ki, koronavirus pandemiyasına qarşı mübarizə aparır. Vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində görülən işlər üçün küllü miqdarda vəsait xərclənir. Bu vəsaitin hər hansı bir yolla kompensasiya olunması isə mümkün deyil, çünki korona gözlənilməyən bir "qonaq" kimi bizi çox çətin duruma saldı.

Hər birimizin 30 ilə yaxın bir müddətdə gözlədiyimiz Qarabağ probleminin savaş yolu ilə həllinin də bu ağır dövrə təsadüf etməsi dövlətimizin üzərinə düşən çox ağır maliyyə yükü oldu. Bunu da bir vətəndaş olaraq anlayışla qarşılamağa çalışmalıyıq.

Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Müzəffər Ordumuzun bu Şanlı Qələbəsi bizi o qədər sevindirdi ki, bəzi reallıqları tamam unutduq. Qarbağ torpaqlarının düşmən tapdağından azad edilməsi, bizə təkcə 3 minə yaxın şəhidin və 2 minə yaxın qazinin qanı və canı bahasına başa gəlmədi, həm də çox böyük maliyyə vəsaitləri hesabına qazanıldı bu Qələbə. Həmin maliyyə vəsaitləri olmasaydı, şəhidlərimizin və qazilərimizin sayı qat-qat çox olardı.

Bütün bunları qeyd etməklə heç də Tarif (qiymət) Şurasının qərarına haqq qazandırmıram. Eyni zamanda, Tarif (qiymət) Şurasının ortaya qoyduğu əsaslandırmanı da qəbul etmirəm. Çünki çox bəsit və sadəcə olaraq gözdən pərdə asmaq xarakteri daşıyır. Şura açıq şəkildə etiraf edə bilərdi ki, dövlətimizin maliyyə vəsaitlərinə ehtiyacı var və bu, daha doğru yanaşma olardı.

Maliyyə çatışmazlığı isə təkcə məmur talançılığının "yox", həm də 44 günlük müharibə və birillk koronavirus pandemiyasının nəticəsidir. Dövlətin ağır günündə xalq da onun yanında olmalıdır, çünki talançı məmurlara heç bir güvənc yoxdur.

Lakin elə məsələlər də var ki, onları da deməmək olmur. Məsələn, bəzi deputatlar, məmurlar, ekspertlər iddia edirlər ki, benzinin və dizelin qiymətinin artması, ümumilikdə qiymət artımına səbəb ola bilməz. Buna qətiyyətlə etiraz edirəm və bildirirəm ki, "süni qimət artımı" anlayışının özü də sünidir. Əslində, belə bir anlayış ümumiyyətlə, yoxdur. Bazar iqtisadiyyatı şəraitində qiyməti formalaşdıran əsas amil tələb və təklifdir. Əgər hər hansı bir məhsula tələb varsa, korrupsioner-monopolist məmurlar ondan istifadə edib qiymətləri istədikləri kimi qaldıracaqlar, tələb yoxdursa, olduğu kimi saxlayacaqlar, çünki Azərbaycanda qiyməti aşağı salmaq praktikası yoxdur-bir dəfə qalxan, bir daha düşmür. Bunu isə siz istəyirsiniz süni adlandırın, istəyirsiniz təbii... Bu problemin aradan qaldırılmasının bir yolu var- ölkə iqtisadiyyatını monopolist məmurların caynağından qurtarmaq. Bilin ki, belə monopolistlərdən biri də SOCAR-dır.

Benzin və dizel yanacağının qiymət artımında olduğu kimi, SOCAR görür ki, yanacağın qiymətini nə qədər artırsa da, insanlar məcbur olub onu alırlar. Ona görə də özünün monopolis xislətindən çıxış edərək, qiyməti istədiyi vaxt qaldırır. Ancaq onun satışına heç bir nəzarət "yoxdur". Yoxdur sözünü dırnaqda ona görə yazdım ki, Azərbaycanda hətta küçədə dilənən dilənçi belə, nəzarətdədir və kimlərəsə "haqq" (rüşvət) ödəyərək fəaliyyət göstərir. Ancaq YDM-lər gecə-gündüz gözgörəsi xalqı talayır və bunu heç kim görmür.

Məhz bu məntiqdən çıxış edərək Milli Məclisin deputatı Bəhruz Məhərrəmov yanacağın bahalaşması ilə bağlı açıqlamasında qeyd edir: "Aİ-92 benizini işlədən avtomobildən istifadə etmədiyinə, yaxud yeganə dolanışıq ümidi əkin-biçin olmadığına görə ola bilsin ki, qimət artımı SOCAR rəhbərliyi üçün əhəmiyyətli görünməyə bilər, ancaq nəzərə almaq lazımdır ki, axı ölkədə hər kəs onlar kimi yaşamır. Bu mənada Tarif Şurasına qiymətlə bağı müraciət edərkən onlar öz reallıqları ilə bərabər cəmiyyətin də real durumunu nəzərə almağa borclu idilər". Ancaq hörmətli deputat bir şeyi yaddan çıxarıb ki, pul, var-dövlət, sərvət onların gözünü elə tutub ki, artıq reallıq hissini belə, itiriblər. Onlar ölkədə insan rifahının yüksəlişindən danışanda, yalnız özlərinin və yaxınlarının rifahını nəzərdə tuturlar.

Bax belə...

O ki qaldı süni qiymət artımının qarşısının alınması üçün görüləcək tədbirlərə, bu nağılları da hər zaman eşitmişik və heç bir səmərəli nəticəsi də olmayıb.

İndi isə diqqətinizə bir real faktı təqdim etmək istəyirəm.

Bugünlərdə Xırdalan bazarında belə bir dialoqun şahidi oldum. Ağsaqqal bir kişi göyərti satana iradını bildirir:

-Ay bala, nə oldu, dünən göyərtinin 7-8-i 1 manata idi, bu gün biri 20 qəpik olub?

-Ay kişi, dünyadan xəbərin yoxdur? Yanacağın qiyməti qalxıb, daha nə olasıdır ki?

-Onun sənə nə dəxli var, keşnişi benzinlə sulayırsan?

-Alə, mən bu göyərtini qonşu məhəllədən buraya belimdə daşımıram ey, pul verib rayondan maşınla gətirirəm. İndi başa düşdün.

-Benzinin qiyməti nə vaxt qalxıb ki?

-Bunu məndən yox, yuxarıda oturanlardan soruş...

Mübahisənin daha da qızışacağından ehtiyat edib, ağsaqqalı kənara çəkib sakitləşdirdim ki, bu binəvanın burada elə bir günahı yoxdur, o da evinə çörəkpulu aparmaq istəyir, ona görə də bir qədər əsəbidir, baş qoşma.

Belə...

Aydındır ki, dövlət koronaya qarşı mübarizəyə və müharibəyə milyardlarla vəsait xərcləmək zorunda qalıb. Qarabağın bərpası üçün isə ondan daha çox vəsait lazım olacaq.

SOCAR isə bugünə qədər söküb, taladığı zavodunu modernləşdirməyə pul tapmır və qərara alıb ki, bunun üçün ən asan yol xalqın cibinə girməkdir. Baxmayaraq ki, xalqa belə münasibət, ümumiyyətlə, qəbul olunan deyil. Çünki SOCAR-ın son illər heç bir səmərəsi olmayan layihələrə xərclədiyi pulları ortaya qoysaq, bu pullara nəinki zavodu modernləşdirmək, hətta, yeni zavod belə tikmək olardı. Mən hələ SOCAR rəhbərliyinin özəl xərclərindən danışmıram. Bu barədə danışmalı olsam, gərəkdir ki, bütün faktları çılpaqlığı ilə ortaya qoyam. Bu yazıda isə məqsədim heç də SOCAR-ın fəaliyyətini təftiş etmək deyil. Sadəcə olaraq bildirmək istəyirəm ki, "süni qimət artımı" adında bir anlayış yoxdur. Heç kimi də buna inandıra bilməzsiniz. Əgər göyərtinin və digər məhsulların qiməti artırsa və bu bilavasitə benzinin qimətinin artması ilə bağlıdırsa, bunu necə süni qimət artımı adlandıra bilərsiniz?. Siz əgər süni qiymət artımını aradan qaldırmaq istəyirsinizsə, YDM-lərə nəzarəti gücləndirin. Benzinə müxtəlif qatqılar əlavət etməklə insanları talamaqdan əl çəkin. Onda qimət artımına da heç bir ehtiyac qalmayacaq.

İndi isə SOCAR rəhbərliyi çox gərgin vəziyyətdədir, əsas gəlir mənbələrindən biri olan qaz satışı onun monopoliyasından  alınaraq "Azərkontrakt" ASC adında bir quruma verilib. Bu isə milyonlarla vəsaitin əldən çıxması deməkdir və çox böyük dərddir.

Bizə isə bu məqamda SOCAR-rın şefi Rövnəq müəllimə "başın sağ olsun" demək qalır.

 P.S. Yazını çapa hazırladığım zaman oxucularımızdan məlumat aldım ki, artıq bir çox ticarət obyektlərində və marketlərdə hər bir malın qiyməti 3-5 qəpik artırılıb. Ən əsas xəbər isə odur ki, bugünə qədər 27 manata çatılan bir kisə unun qiyməti olub 33 manat. Bu isə o deməkdir ki, sabahdan artıq çörəyin də ya qiməti artacaq, ya da çəkisi azalacaq, bunun başqa yolu yoxdur. Bə deyirdiniz qimət artmayacaq, nə oldu?

 Yusif Seyid

0.028090953826904