NURƏDDİN MUSTAFAYEV 4 GÜN DİNDİRİLİB - Hələ vəzifə başında olarkən...
Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, Baş icra məmuru Nurəddin Mustafayev rəsmən vəzifəsindən azad edilməzdən əvvəl 4 gün ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dindirilib.
Məlumatlı mənbə “AzPolitika.info"-ya xəbər verir ki, general korrupsiya faktlarına dair sorğu-sual edilib. Buna səbəb Nurəddin Mustafayevin rəhbərlik etdiyi sahədə geniş korrupsiya mexanizmi yaratmasına dair Korrupsiya İdarəsinə ciddi siqnalların daxil olması göstərilir.
Xatırladaq ki, Ədliyyə naziri Fikrət Məmmədovun 13 avqust tarixində imzaladığı əmrlə Nurəddin Mustafayev vəzifəsindən uzaqlaşdırılıb. Ədliyyə Nazirliyi generalın işdən çıxarılmasını belə şərh edib: “Nurəddin Mustafayev ölkədə gedən islahatlar və kadr dəyişilikləri ilə bağlı işlərin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər çərçivəsində tuduğu vəzifədən azad olunub”.
Ancaq Ədliyyə Nazirliyinin şərhində təxminən 4 il əvvəl Baş icra məmuru vəzifəsinə təyinat alan Mustafayevin niyə ayrılıqda “islahatların qurbanına” çevrildiyi açıqlanmadığından, generalın vəzifəsindən uzaqlaşdırılmasının səbəbi qaranlıq qalırdı.
Buna ilk olaraq tanınmış vəkil Adəm Məmmədovun öz “facebook” səhifəsindən paylaşdığı məlumatdan sonra nisbətən aydınlıq gəldi.
Adəm Məmmədov
Adəm Məmmədov bildirirdi ki, Nurəddin Mustafayev vəkil İsmayıl Kəngərlinin vasitəsilə 100 min manat rüşvət alaraq, qarşılığında vəd etdiyi işi görmədiyinə görə vəzifəsindən uzaqlaşdırılıb və hətta generalın rüşvət almasını təsdiq edən səs yazısı da var.
Adəm Məmmədov bildirib ki, vəkil İsmayıl Kəngərli ilə general arasında Hafiz Məmmədovun tələbkar olduğu qətnamənin icrası ilə bağlı müzakirələr olub. Həmin müzakirədə Baş idarə rəisi sənədin icrası ilə əlaqədar 100 min manat pul alıb. Amma nə qətnaməni icra edib, nə də pulu geri qaytarıb.
“Generalla danışıqlar vəkil İsmayıl Kəngərli tərəfindən qeydə alındıqdan sonra diskə köçürülərək şikayət ərizəsi ilə birlikdə Prezident Administrasiyasına göndərilib. General və vəkil arasında olan səs yazısı böyük səs-küyə səbəb olub”, – Adəm Məmmədov qeyd edib.
Düzdür, vəkil İsmayıl Kəngərli öz "Facebook" səhifəsində Adəm Məmmədovun ittihamlarını təkzib edib.
İsmayıl Kəngərli yazıb ki, Adəm Məmmədov onun adından həqiqətə uyğun olmayan məlumatları yayaraq şərəf və ləyaqətinə, işgüzar nüfuzuna ləkə vurub.
Vəkil Kəngərli həmkarı barəsində Vəkillər Kollegiyası tərəfindən tədbir görülməsini istəyib:“Vəkillər Kollegiyasının sədri Anar Bağırovdan xahiş edirəm, hazırkı statusumu rəsmi müraciət kimi qəbul edərək bu tipli qərəzli məlumat yayan vəkil barəsində intizam icraatını başlayasınız”.
Qeyd edək ki, Adəm Məmmədov sonradan öz "Facebook" səhifəsindən generalla bağlı yazdığı fikirləri silib. İzah olaraq isə yazıb ki, statusu silməsinin səbəbi həmkarlarının çoxsaylı xahişləridir.
Yəni, Adəm Məmmədov dediklərini təkzib etməyib, qeyd olunan hadisənin baş verçəsi ilə bağlı fikirlərinin üzərində dayanıb.
Vəkilin iddiasından belə məlum olub ki, general Mustafayev, 100 min manat rüşvət aldığını sübut edən səs yazısı Prezident Administrasiyasına çatan kimi, istintaqa cəlb olunub və ardınca işdən azad olunub.
Əlbəttə, əgər həqiqətdirsə, təkcə bu fakt Mustafayevi nəinki işdən uzaqlaşdırmağa, eyni zamanda məsuliyyətə cəlb etməyə də əsas verirdi...
Ancaq məlumatlı mənbə “AzPolitika.info”-ya bildirir ki, müvafiq qurumlarda N.Mustafayevin korrupsiya fəaliyyətinə dair daha geniş məlumatlar var.
Nurəddin Mustafayev
Məhz bu məlumatların araşdırılması məqsədilə N.Mustafayevin rəsmən vəzifəsindən azad edilməzdən əvvəl 4 gün ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dindirildiyi, korrupsiya faktlarına dair sorğu-sual edildiyi bildirilir.
Məsələn, məlum olur ki, N.Mustafayev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, dolayısıyla ona məxsus olduğu bildirilən "Hidayətoğlu" hərrac şirkəti vasitəsilə hər il milyonlarla manat qazanc əldə edib. Belə ki, bütün İcra Şöbələri hərrac əməliyyatlarını məhz bu şirkətə yönəltməklə, Baş İdarə rəisinin külli miqdarda qazanc əldə etməsini təmin ediblər.
Məlumata görə, təkcə bu hərrac əməliyyatları üzərindən Müstafayev illik 3-4 milyon manat gəlir əldə edib...
Əli Həsənov
Onu da qeyd edək ki, Nurəddin Mustafayevlə Prezident Administrasiyasının keçmiş şöbə müdiri və Prezidentin sabiq köməkçisi Əli Həsənovun çox yaxın qohumluq münasibətləri var.
Qeyd olunur ki, onun indiyə qədərki karyera yüksəlişində bu qohumluq əhəmiyyətli rol oynayıb. Həmçinin istisna deyil ki, bu qohumluq münasibətlərinin həm də N.Mustafayevin vurulmasında da payı var...
AzPolitika.info